• cümə axşamı, 28 mart, 13:41
  • Baku Bakı 16°C

AKP-nin qələbəsi ölkəmiz üçün də faydalı olacaq

01.04.14 10:35 1254
AKP-nin qələbəsi ölkəmiz üçün də faydalı olacaq
Türkiyədə daxili çəkişmələr fonunda keçirilən bələdiyyə seçkilərinin nəticələri bir çoxları üçün gözlənilməz oldu. Rəqibləri AKP-ni sıradan çıxarmaq üçün çox çalışsalar da, nəticələr yenə də Ərdoğanın xeyrinə oldu. Bundan sonra yeni bir Türkiyənin olacağı söylənilir. Bu və digər məqamları nəzərə alıb müsahiblərimizdən Türkiyə daxilində vəziyyətin necə olacağı, regiondakı proseslərə təsiri və Azərbaycanla münasibətlərin perspektivi barədə hansı ehtimallarının olduğunu öyrəndik.
Millət vəkili Zahid Oruc bizimlə söhbətində dedi ki, 30 mart seçkiləri təkcə bələdiyyə mahiyyəti daşımırdı. Artıq Türkiyə siyasətçilərinin dediyi kimi, sanki referendum xarakteri almışdı: “Hətta bir az da üst qata daşısaq, seçkilərin beynəlxalq məna kəsb etdiyini demək mümkündür. Xarici dairələrin maraqlarına xidmət edənlərin, gizli təşkilatların və hərəkatların sarsıdılması AKP hakimiyyəti ilə onların maraqlarının toqquşmasına gətirib çıxarırdı. AKP bir növ, böyük yük altına girdi. Lakin görünən odur ki, insanların mövqeyi Ərdoğanınkı ilə üst-üstə düşür. Bu həm də onun yürütdüyü siyasətə verilən qiymət idi. Bir məsələni xüsusi olaraq qabartmaq istəyirəm. Türkiyənin yeniləşməsi, iqtisadi və siyasi gücünün artması, regional və beynəlxalq miqyasda çəkili bir dövlətə çevrilməsi üçün hazırkı hakimiyyətin çox böyük xidmətləri olub. Onların sosial-iqtisadi sahədə gördüklərini rəqəmlərlə qiymətləndirmədən yalnız onu deyə bilərəm ki, Türkiyə hazırda dünyada ilk 13 inkişaf etmiş dövlətlər sırasındadır. Belə vəziyyət bu ölkənin maraqlarının yayılmasına da təsir göstərmiş olur. Təəssüf ki, Qərbin uzun illər Türkiyə ordusunun içərisində çulğalaşan bir təsiri var idi. Təsadüfi deyil ki, NATO ilə geniş işbirliyində olan silahlı qüvvələr konstitusiya üzrə verilmiş səlahiyyətlərdən həmişə öz xeyirləri üçün faydalanırdılar. Adnan Menderesin dövründən bu yana Türkiyədə müxtəlif dövlət çevrilişləri, hərbi iğtişaşlar, ayrı-ayrı silahlı qüvvələrin iqtidarı ələ alması tendensiyası baş alıb gedirdi. O cümlədən, Ergenekonun uzun illər ərzində Türkiyədə at oynatdığını inkar etmək mümkün deyil”.
Z.Oruc düşünür ki, Ərdoğan çox riskli, hakimiyyətini itirməsinə səbəb ola biləcək hadisələrin üzərinə getdi. Halbuki Fətullah Gülən camaatı ilə aralarında bu cür savaş olacağı bəlkə də heç kimin ağlına gəlmirdi: “Onun bundan sonrakı dönəmdə ayaqda qalması mümkün görünmürdü. Ancaq türk xalqı siyasi cəhətdən ayıqlığını, yetkinliyini, hər hansı çirkli oyunlara aldanmadığını göstərdi. Onlar kaset bombalarından doğan mövsümi effektlərə deyil, daha dərin siyasətə üstünlük verdilər və strateji seçim etmək qabiliyyətlərini ortaya qoydular. Mənim anlamımda, bu seçkilər Türkiyənin bütün müsəlman dünyası üçün uğurunu təmin etdi. Xatırlayırsınızsa, Hüsnü Mübarək devrildiyi zaman, yəni, Misirdə bəlli ərəb baharı baş verdikdən sonra hakimiyyətə Müsəlman qardaşları gəldilər. Onlar isə Türkiyədəki dövlət quruluşunu bərqərar etməyə çalışırdılar və o hakimiyyəti model kimi götürmüşdülər. Tunisdə də belə idi. Hətta Suriya içərisində də müxtəlif qüvvələr Türkiyənin dövlət quruluşunu, cəmiyyət və məmur münasibətlərini təqdir edirdilər. Bütün bunlar belə deməyə əsas verir ki, Türkiyə Cümhuriyyəti müsəlman dünyasının önündə gedir. Onun sarsılması, indiki kursundan geri çəkilməsi, köhnə Türkiyəyə qayıdış birbaşa olaraq onların məğlubiyyətinə səbəb olardı. Yaxşı ki, türk xalqı heç nəyə aldanmadan AKP kursunu dəstəklədi”.
Millət vəkili vurğuladı ki, bu seçkilərlə Türkiyə vətəndaşları sanki uğurlu demokratiya imtahanı vermiş oldular: “Azərbaycanla münasibətlərin perspektivi məsələsinə də toxunmaq istərdim. Şübhəsiz ki, CHP və ya başqa bir partiyanın qalib gələcəyi təqdirdə belə, bizim ölkəmizlə ənənəvi, sıx müttəfiqlik, strateji əlaqələr və qardaşlıq münasibətləri davam edəcəkdi. Ancaq açıq söyləyim ki, siyasət həm də şəxsiyyətlərin münasibətlərindən formalaşır. Təkcə dövlətlərarası razılaşmalarla tənzimlənmir. Cənab prezident və sayın Ərdoğan bir çox hərbi-təhlükəsizlik, siyasi-iqtisadi və transmilli layihələr gerçəkləşdiriblər. Belə demək olar ki, İlham Əliyevlə Ərdoğan türk dünyasının liderləridir. Onlar ən qabaqcıl siyasi xətləri, mühüm hədəfləri müəyyənləşdirirlər. Düzdür, bələdiyyə seçkiləri hələ ki AKP-nin taleyini həll etmir. Çünki bu nə parlament, nə də prezident seçkiləri idi. Amma Ərdoğan İstanbul bələdiyyəsini uduzmaqla digər qüvvələrin qalxmasına kömək edə bilərdi. Onu da deyim ki, Türkiyənin Ərdoğanlı gələcəyi həm də Azərbaycanın xeyrinədir. Getdikcə İran da, Rusiya da Türkiyə ilə hesablaşmağa başlayıb. Məncə, bu məqam gələcəkdə Dağlıq Qarabağ məsələsinin həllinə də yardım edəcək”.
Politoloq Fikrət Sadıqovun da fikrincə, bu seçkilər xalqın Ərdoğan hökumətinə olan simpatiyasını sübut etdi: “Türkiyə xalqı yenidən iqtisadi inkişafa səs verdi. Faktiki olaraq, AKP qalib gəldi. Bu isə indiki şəraitdə partiya üçün çox böyük uğur hesab oluna bilər. Keçən illər ərzində həyata keçirilən islahatlar, uğurlu siyasi addımlar öz nəticəsini verdi. Qeyd etmək lazımdır ki, Türkiyədəki müxalif qüvvələr o qədər də zəif deyillər. Amma seçkilər göstərdi ki, onlar AK partiyasından güclü ola bilmədilər. Hakim partiya bütün ölkəyə nəzarət edir və seçicilərin rəğbətini qazana bilir. Onlar cızdıqları planlarla bağlı xalqın dəstəyini ala bilirlər”.
F.Sadıqov bildirdi ki, AKP-nin regionla bağlı siyasəti dəyişməz olaraq qalacaq: “Zənnimcə, onlar xarici siyasət prioritetlərini davam etdirəcəklər. Türkiyə dövlət olaraq müsəlman ölkələri arasında lider mövqeyini də qoruyub saxlayacaq. Eyni zamanda, Qərb ölkələri ilə, xüsusilə ABŞ-la münasibətlər bundan sonra da inkişaf edəcək. O ki qaldı Azərbaycanla əlaqələrə, düşünürəm ki, nəinki stabil, hətta bundan sonra daha möhkəm münasibətlər qurulacaq. Çünki Azərbaycan-Türkiyə münasibətləri hansısa amillərdən asılı deyil. Münasibətlərin kökündə səmimilik, qardaşlıq və qarşılıqlı hörmət dayanır”.
Millət vəkili Musa Qasımlı isə bələdiyyə seçkilərinin nəticələrinin gözlənilən olduğunu söylədi: “AKP-nin qalib gələcəyi seçkiöncəsi keçirilən anket sorğularında da əksini tapmışdı. Əslində bu durum türk xalqının iradəsinin təsdiqidir. İradə möhkəmdirsə, onun qarşısını almaq mümkün deyil. Zaman göstərdi ki, türk xalqı koalision hökumətlərdən bezib. Çünki onların zamanında heç kabinet iclaslarını keçirmək mümkün olmurdu. Düzdür, bu, bələdiyyə seçkiləridir, ancaq onu parlament seçkilərinin birinci mərhələsi də hesab etmək olar. Türkiyədə seçicilər sadiqdirlər. Onlar uğurlu siyasətə, yaxşı həyat şəraitinə səs verdilər. İdeologiyalara və boş vədlərə aldanmadılar. Təəssüf ki, seçkiöncəsi baş verən neqativ hallar türk cəmiyyətində müəyyən qarşıdurma yaratdı. Əsas odur ki, bu hal seçkilərin nəticəsinə təsir etmədi”.
Müsahibimiz hesab edir ki, Türkiyə ilə Azərbaycan arasında əlaqələri hökumətlər müəyyənləşdirmir: “Hökumətlər gəldi-gedərdir. Xalqların təbii, qırılmaz telləri var. Azərbaycanla münasibətləri nəzərə almayan heç bir siyasi partiya seçkidə qələbə qazana bilməz və uğurlu siyasət yürüdə bilməz. Təbii ki, AKP-nin hakimiyyəti illərində regional türk dövləti kimi Türkiyənin nüfuzu xeyli artdı və böyük 20-lərin cərgəsinə daxil oldu. Kim nə deyir desin, AKP-nin hakimiyyəti illərində Türkiyədə böyük inkişaf oldu”.
Şəfa Tapdıq
banner

Oxşar Xəbərlər