• cümə axşamı, 25 aprel, 18:01
  • Baku Bakı 21°C

AKP iqtidardan gedə bilər

20.05.15 08:05 1067
AKP iqtidardan gedə bilər
Türkiyədə keçirilən sorğular hakim partiyanın reytinqinin aşağı düşdüyünü göstərir
Türkiyədə diqqət iyunun 7-də keçiriləcək parlament seçkilərinə yönəlib. Seçkiöncəsi siyasi vəziyyət qarşılıqlı ittihamlar, partiya sədrlərinin populizmlə dolu çıxışları, həbslər dalğası ilə davam edir. Bəlli olduğu kimi, mübarizə dörd siyasi partiya – hakim Ədalət və İnkişaf Partiyası (AKP), Milliyətçi Hərəkat Partiyası (MHP), Cümhuriyyət Xalq Partiyası (MHP) və kürdlərin Barış və Demokratiya Partiyası (HDP) arasında gedir. Belə bir şəraitdə bir-biri ilə ziddiyyət təşkil edən araşdırmalar, sorğular davam edir. Onların bəzilərində hakim Ədalət və İnkişaf Partiyası gah digər siyasi partiyalardan az, gah da çox səs toplayır. Ötən gün isə belə bir xəbər yayılıb ki, AKP iqtidarı tərk edə bilər. Bu nəticə Amerikanın tanınmış “Benenson Strategy Group” reytinq agentliyinin mayın ilk ongünlüyündə apardığı sorğu nəticəsində məlum olub. Sorğu nəticəsində o da məlum olub ki, yanvar ayından may ayına kimi hakim partiyanın tərəfdarları 4% azalaraq 38%-ə düşüb. Müxalifətçi Cümhuriyyət Xalq Partiyasına səs vermək istəyənlərin sayı isə 2% artaraq 30%-i keçib. Parlamentdə təmsil olunan digər iki müxalifət partiyasının tərəfdarları dəyişməyib. Rəyi soruşulanların 18%-ə qədəri Milliyyətçi Hərəkat Partiyasına, 11%-ə qədəri isə PKK-nın sivil qanadı sayılan Barış və Demokratiya Partiyasına səs verəcəyini söyləyib. Sorğu prezident Rəcəb Tayyib Ərdoğanın da reytinqinin kəskin düşdüyünü göstərir. Rəyi soruşulanların yalnız 38 faizi R.T.Ərdoğanı dəstəklədiyini bildirib. Halbuki yanvarda Türkiyə prezidentinin tərəfdarları 47 faiz olub. Bu durum Türkiyənin siyasi elitasında əhvalı dəyişib. Artıq bəllidir ki, müxalifətçi siyasi partiyalardan hər hansı biri CHP ilə koalisiyaya gedərsə, AKP iqtidardan gedəcək.
Yeri gəlmişkən, Türkiyədə gələn ay keçiriləcək parlament seçkiləri öncəsi prezident R.T.Ərdoğanın təbliğat kampaniyası zamanı əlində Quranla və dua mərasimi zamanı ağlayan yerdə şəkilləri yayılıb. Bu isə müasir Türkiyənin banisi Mustafa Kamal Atatürkün dünyəvi ənənələrinə zidd adlandırılaraq, müxalif siyasətçilərin kəskin tənqidi ilə üzləşib. Türkiyə siyasətində din həmişə rol oynayıb. İslamçılar və millətçilərin dindən əvvəllər də istifadə etməsi ordunun çevriliş etməsinə yol açmışdı. 1970-ci illərdə Süleyman Dəmirəlin başçılıq etdiyi Ədalət Partiyası hakim partiyanın Quranın nüsxələrini partiya simvolu kimi paylamasına kəskin reaksiya vermişdi. R.T.Ərdoğanın partiyası isə müxalif siyasətçilərə qeyri-müsəlman damğası vurub.
R.T.Ərdoğan üçün parlament seçkilərinin nəticəsi böyük əhəmiyyət kəsb edir. Belə ki, o, konstitusiyada dəyişiklik etməyə çalışır. Bunun üçün ona parlamentdə əksəriyyət əldə edilməsi çox vacibdir. Keçən həftə kürdlərin əksəriyyət təşkil etdiyi Batman və Siirt şəhərlərində keçirilən seçkiqabağı kampaniyaları zamanı R.T.Ərdoğan Quranın kürd dilindəki nüsxəsini qaldırıb. Quranın kürd dilinə tərcüməsi 5 il vaxt aparıb. Quranın kürd dilinə ilk rəsmi tərcüməsini kürdlərə təqdim edən prezident Türkiyənin cənub-şərq regionunda seçkilərdə Barış və Demokratiya Partiyasının hakim partiyaya böyük təhlükə təşkil etməsinin dinlə heç bir əlaqəsinin olmadığını deyib.
HDP R.T.Ərdoğanın konstitusiya islahatlarına ən böyük maneə ola bilər. Partiya parlament seçkilərində 10 faiz səs qazansa, konstitusiyada dəyişiklik planına qarşı çıxa bilər.
R.T.Ərdoğan Cümhuriyyət Xalq Partiyasını da dini etinasızlıqda günahlandırır. Partiyanın lideri Kamal Kılıçdaroğlu hakim partiyanı xalqın dini dəyərləri və milyonlarla insanın müqəddəs kitabı olan Qurandan istifadə etməsini tənqid edib.
Bu arada Adana və Mersində HDP-nin qərargahlarında partlayışlar bir neçə adamın yaralanmasına səbəb olub. Hökumətin hücumları qınamasına baxmayaraq, HDP R.T.Ərdoğan və onun hakim partiyasının hücumlar görə məsuliyyət daşıdığını bildirib. Ölkə rəsmiləri, eləcə də siyasi partiya rəhbərləri HDP-nin Adana və Mersindəki ofislərində törədilən partlayışları seçkilərə qarşı yönəlmiş təxribat kimi dəyərləndiriblər. Hüquq-mühafizə orqanları hadisənin terror aktı olduğunu bildiriblər. Partlayışla bağlı istintaq davam edir.
Qeyd edək ki, seçkilərə hazırlıq maraqlı anlarla yadda qalır. Məsələn, keçən həftə Türkiyə prezidenti və birinci xanım Əminə Albaniya səfəri zamanı məsciddə dini şeir oxunarkən ağlamışdılar. Bu yaxınlarda R.T.Ərdoğan Çanaqqala zəfərinin 100-cü ildönümündə də şeir oxuyub. Dövlətə məxsus televiziya kanalları onun şeir oxumasını dəfələrlə təkrar edib.
R.T.Ərdoğanın seçki ittihamlarından biri də Qərbi islamafobiyada günahlandırmasıdır. Bu yaxınlarda Türkiyənin dövlət başçısı Qərbə qarşı hücumlarının birində Avropa İttifaqını Misir prezidenti Məhəmməd Mursinin ölüm hökmünə lazımi reaksiya verməməkdə ittiham edib.
Prezidentin seçkiqabağı kampaniyalarının tənqidçiləri iyunun 7-də keçiriləcək seçkilərdən sonra hakim partiyanın daha artıq islamçılıq yolu ilə ölkəni idarə edəcəyi barədə xəbərdarlıqla çıxış edir. Beləliklə, seçkilərdə qalib olmağa şanslı görünən prezident R.T.Ərdoğanın qarşısında iki hədəf - birinciliyi qazanmaq və ölkə konstitusiyasının dəyişməsi durur. Prezident qazanacağı səslərlə konstitusiyanı dəyişmək və prezidentlik səlahiyyətlərini artırmaq istəyir. 7 iyun seçkisində AKP-nin toplaya biləcəyi səslərin sayı bu hədəf üçün yetərli olmaya bilər. R.T.Ərdoğanı ən çox düşündürən məsələ məhz budur. Ekspertlərə görə, müxalifət bu seçkidə iqtidar komandası ilə güclü mübarizə aparmağa hazır deyil. Çünki nə CHP, nə də MHP parlaq dönəmlərini yaşayır. Hər iki qurumun daxilində narazılıq var.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər