• çərşənbə axşamı, 23 aprel, 21:54
  • Baku Bakı 20°C

“AKP ilə MHP-nin koalisiya quracağını gözləyirəm”

09.06.15 10:56 2090
“AKP ilə MHP-nin koalisiya quracağını gözləyirəm”
Elxan Şahinoğlunun fikrincə, Türkiyədə hökumətdə kimin olmağından asılı olmayaraq, bu ölkə Azərbaycanla həmişə strateji müttəfiq olacaq

Türkiyədə iyun ayının 7-də keçirilən parlament seçkilərinin ilkin nəticələri bəlli olub. Artıq 10%-lik minimum baryeri aşan 4 partiya parlamentdə təmsil olunacaq. 13 il hakimiyyətdə olan Ədalət və İnkişaf Partiyası (AKP) 255 yer (40.70%), Cümhuriyyət Xalq Partiyası (CHP) 132 yer (25.15%), Milliyyətçi Hərəkat Partiyası (MHP) 81 yer (16.50%), Xalqların Demokratiya Partiyası (HDP) isə 82 yer (13%) qazanıb. Bu nəticələrə əsasən AKP 13 ildən sonra təkbaşına hökumət qura bilməyəcək. Türkiyə tarixində ilk dəfə olaraq kürd partiyası olan HDP 10%-lik minimum baryeri keçərək, parlamentə daxil ola bilib.
“Kaspi” qəzeti Türkiyədə keçirilən seçkilər haqqında “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlunun fikirlərini öyrənib.
- Türkiyədə iyun ayının 7-də keçirilən parlament seçkilərinin nəticələrinə görə, hakim AKP seçicilərin yalnız 40 faizinin səsini toplaya bilib. Bu seçkiləri necə qiymətləndirirsiniz?
- Türkiyədə seçkilərdən sonra çox maraqlı vəziyyət yaranıb. Bir tərəfdən AKP 40 faizlə seçkilərdə qələbə qazanıb, digər tərəfdən də bu səslə onlar hökumət qurmaq iqtidarında deyillər. AKP-nin səsinin azalmasının əsas səbəblərindən biri kürd partiyası olan HDP-nin minimum baryeri keçərək, parlamentə düşməsi olub. HDP bu səddi, yəni 10 faizlik baryeri keçə bilməsəydi, bu zaman AKP təkbaşına hökumət qura biləcəkdi. Bu nəticələrdən sonra qardaş ölkədə koalisiya variantı gündəmdədir. Ölkədə hazırda belə bir vəziyyət yaranıb: birincisi, partiyalar koalisiya hökuməti qura bilərlər; ikincisi, hər hansı bir partiya koalisiya hökumətinə qoşulmasa da, həmin partiya hökumətin yaranmasına etimad səsi verə bilər. Misal üçün, MHP ilə CHP birlikdə 41 % səs toplayıb ki, bu da AKP-dən daha çoxdur. Lakin 50%-lik həddi keçmək üçün HDP onlara hökumət qurmaq üçün etimad səsi verə bilər. Üçüncü variant isə növbədənkənar parlament seçkiləridir. Lakin mən düşünürəm ki, sonuncu variant çıxış yolu deyil. Çünki seçkilər yenidən keçiriləcəyi halda xalq yenə də partiyalara eyni dərəcədə səs verəcək. Yəni xalqın partiyalara verəcəyi səs faizində dəyişiklik olmayacaq. Koalisiya hökumətinə gəldikdə isə, ilk növbədə parlamentdə çoxluğa malik olan AKP hər hansı bir partiya ilə koalisiya qura bilər. Amma artıq parlamentə düşən partiyalar AKP ilə koalisiya qurmayacaqlarını açıqlayıblar. Lakin mən AKP ilə MHP-nin koalisiya quracağını gözləyirəm. Çünki AKP HDP ilə koalisiya quracağı halda kürd separatçılarının istəklərini yetirmək məcburiyyətində qalacaq. Hətta HDP həbsdə olan terrorçu Abdullah Öcalanın da azad olunmasını gündəmə gətirə bilər. Bu kimi tələblər Türkiyəni qarışdıra bilər. Ona görə də AKP yalnız MHP ilə koalisiya hökuməti qura bilər. Düzdür, dünən MHP lideri Dövlət Baxçalı AKP ilə heç vaxt koalisiya hökuməti qurmayacağını bəyan edib. Lakin Dövlət Baxçalı təcrübəli siyasətçidir və o, partiyasının maraqlarına uyğun olaraq AKP ilə razılaşa bilər. Unutmaq olmaz ki, MHP həmçinin dövlətçilik və türkçülük ənənələrinə də sadiqdir. Türkiyə dövləti də uzun müddət hökumətsiz qala bilməz. Buna görə də, AKP ilə MHP arasında koalisiya Türkiyə üçün ən yaxşı variantdır.
- Seçkilərdən sonra “kürd məsələsi”nin həll olunacağını gözləyirsinizmi?
- AKP ilə MHP arasında koalisiya qurulduğu halda, “kürd məsələsi”nin həllində bir az yavaşlama olacaq. Çünki MHP bu problemin həllində güzəştə gedilməsinin tərəfdarı deyil. Lakin belə bir koalisiya radikal kürdləri daha da qızışdıra bilər. Unutmaq olmaz ki, kürdlər ilk dəfə olaraq parlamentdə partiya şəklində təmsil olunurlar. Bu xalq tarix boyu Türkiyədə ya solçu partiyaların tərkibində, ya da ki, bitərəf namizədlər şəklində parlamentdə təmsil olunub. Partiya şəklində parlamentdə təmsil olunmaları onlara hökumətlə danışıqlar aparmağa şərait yaradır. Lakin mən AKP ilə MHP-nin kürdlərə böyük güzəştə gedəcəyini düşünmürəm.
- MHP, CHP və HDP-nin koalisiya hökuməti yaratmaq ehtimalı da mövcuddur. Sizcə, bu, realdırmı?
- AKP-yə problem yaratmaq və bu partiyanın yenidən hökumət qura bilməməsi üçün belə bir addım atıla bilər. Lakin bu, az ehtimal olunan variantdır. Çünki MHP ilə HDP-ni eyni hökumətdə təsəvvür etmək mümkün deyil. Belə bir hökumət qurulsa belə, bir ildən artıq fəaliyyət göstərə bilməz.
- Bu seçkilərin Türkiyəyə təsiri necə olacaq?
- Bu seçkilərdən sonra Rəcəb Tayyib Ərdoğan ölkəni prezident üsul-idarəsinə çevirə bilməyəcək. Yəni Türkiyə prezident respublikası olmayacaq. Bu, artıq dəqiqdir. Həmçinin prezident həmişə koalisiya hökumətlərinin ölkəni uçuruma apardığını qeyd edirdi. Lakin hazırda Türkiyədə hökumət belə bir formatda fəaliyyət göstərməyə məcburdur. Ərdoğanın koalisiya hökumətinə yaşıl işıq yandırmaqdan başqa yolu qalmayıb. Bütün bunlara görə, seçkilər Ərdoğana ikiqat zərbə vurub. Lakin onu da qeyd etməliyəm ki, koalisiya hökuməti haqqında prezidentin dediyi fikirlərlə razıyam. Çünki Türkiyədə yaranan koalisiya hökumətlərinin ömürləri çox uzun olmayıb. Belə hökumətlərdən sonra ölkə həmişə siyasi və iqtisadi böhrana sürüklənib. Bu zaman hər bir partiya öz maraqlarını düşünür. İndiki halda da bunun belə olmayacağını demək mümkün deyil. Hətta koalisiya hökuməti formalaşacağı halda onun ciddi uğurlar qazanacağını gözləmirəm. Həmçinin Əhməd Davudoğlu faktorunu da unutmaq olmaz. O, Ərdoğandan fərqli olaraq, akademik çevrədən gəlib. Bunun özü də AKP-nin səslərinin azalmasına təsir göstərən amillərdən biridir. Prezidentin bütün iradlara və tənqidlərə baxmayaraq, mitinqlərdə iştirak etməsinin əsas səbəblərindən biri baş nazirə dəstək göstərmək idi. Bununla Ərdoğan AKP-nin səslərinin azalmasının qarşısını almaq istəyirdi. Hətta prezidentin meydanlarda çıxış etməsi də AKP-nin səslərinin artmasına kömək etmədi. Amma mən düşünürəm ki, Ərdoğanın dəstəyi olmasaydı, AKP daha az səs toplaya bilərdi.
- 7 iyun seçkilərinin nəticələri Türkiyə ilə Azərbaycan arasında əlaqələrə necə təsir göstərəcək?
- Türkiyədə hökumətdə kimin olmağından asılı olmayaraq, bu ölkə Azərbaycan ilə həmişə strateji müttəfiq olacaq. Lakin HDP-nin parlamentə düşməsi Azərbaycan üçün bəzi problemlər yarada bilər. HDP hökumət qarşısında Ermənistan ilə sərhədlərin açılmasını tələb edə bilər. Həmçinin bu partiya rəsmi İrəvan ilə diplomatik əlaqələrin qurulmasının da tərəfdarıdır. Hətta HDP koalisiya hökumətində yer alsa, bu məsələ daha da ciddiləşəcək. Bu, Azərbaycanın maraqlarına uyğun deyil. Həmçinin Türkiyə tarixində ilk dəfə olaraq erməni əsilli 3 millət vəkili parlamentdə təmsil olunacaq. Onlar qondarma erməni soyqırımının tanınmasını tələb edirlər. Bu millət vəkilləri də öz sözlərini parlamentdə deyəcəklər. Lakin Türkiyə dövləti Azərbaycanla bağlı siyasətinə heç vaxt dəyişiklik etməyəcək. Amma Türkiyə hökumətinin Ermənistanla bağlı təzyiqlərə necə davam gətirəcəyini zaman göstərəcək. Mən bu seçkilərin regional layihələrə, daha dəqiq desək, TANAP və TAP layihələrinə təsir göstərəcəyini düşünmürəm. Həmçinin hər iki dövləti hərbi ittifaq da birləşdirir. Son illərdə bir neçə dəfə Azərbaycan və Türkiyə arasında hərbi təlimlər keçirilib. Türk generalları da bu siyasətdən heç vaxt imtina etməzlər. Çünki onlar bu məsələdə hər hansı bir partiyanın istəkləri ilə hərəkət etmirlər. Yalnız Türkiyənin xarici siyasətində Ermənistanla bağlı bəzi dəyişikliklər ola bilər.
- Türkiyə prezidenti Azərbaycanda keçiriləcək I Avropa Oyunlarının açılış mərasimində iştirak etməyə bilərmi?
- Ərdoğanın I Avropa Oyunlarında iştirak edəcəyinə şübhə etmirəm. Bu seçkilərin nəticəsi Türkiyə prezidentinin səfərinə təsir etməyəcək. Həmçinin hökumətin formalaşması ondan asılı deyil. Ərdoğan ilk mandatı Davudoğluna verəcək. Davudoğlu da yeni hökuməti qurmağa çalışacaq. Yəni indiki halda Ərdoğan çox böyük işlər görməyəcək. Hətta mən düşünürəm ki, Bakıda Rusiya, Azərbaycan və Türkiyə prezidentlərinin görüşü də baş tutacaq.
- 7 iyun seçkiləri Rusiya ilə Türkiyə arasında əlaqələrə necə təsir göstərəcək? “Türk axını” layihəsinin reallaşmasında problem yarana bilərmi?
- Mən rəsmi Ankara ilə Moskva arasında münasibətlərdə dəyişiklik olacağını gözləmirəm. Türkiyə ilə Rusiyanı ciddi iqtisadi layihələr birləşdirir. Ölkələr arasındakı əsas hədəf ticarət mübadiləsini 100 milyard dollara çatdırmaqdır. Lakin “Türk axını” ilə bağlı indi də bəzi suallar yaranıb. Türkiyə bu məqamda öz maraqlarını qorumağa çalışır. Qardaş ölkə bu layihəni ləngitməklə Azərbaycana önəm verdiyini bir daha göstərir. Rəsmi Ankara TANAP və TAP layihələrini daha çox gündəmdə saxlamağa çalışır. Mən düşünürəm ki, MHP koalisiyada yer alacağı təqdirdə Azərbaycanın maraqları daha çox qorunacaq. Lakin unutmaq olmaz ki, “Türk axını” da rəsmi Ankaraya Rusiya ilə əlaqələrin genişləndirilməsi üçün vacibdir.
Sənan Əhliman
banner

Oxşar Xəbərlər