• cümə axşamı, 25 aprel, 19:12
  • Baku Bakı 21°C

AKP hökuməti meydan və parkları sevmir

19.06.13 08:42 2173
AKP hökuməti meydan və parkları sevmir
Həmsöhbətim Türkiyənin tanınmış sənət adamı, yazar Əhməd Şəfəqdir. Onu bizim müğənnilərdən fərqləndirən, ziyalılarımızla isə eyniləşdirən çox cəhət var.
- Əhməd bəy, hazırda Türkiyənin, eləcə də dünyanın gündəmini məşğul edən ən önəmli məsələlərdən biri Gəzi parkı hadisələridir. Bir Türkiyə vətəndaşı olaraq sizin bu hadisələrə münasibətiniz necədir?
- Gəzi parkı ilə bağlı başlayan etirazlar ilk vaxtlar tamamilə məsum, təbiəti mühafizə etmək məqsədi ilə keçirilən bir aksiya idi. Bildiyiniz kimi İstanbul Böyüksəhər Bələdiyyəsinin Taksimi piyadalaşdırma layihəsi çərçivəsində Gəzi parkının sökülməsi də nəzərdə tutulurdu. Bu da haqlı olaraq bir çox İstanbullunun etirazına səbəb olmuşdu. Amma, etiraz dalğası Türkiyə hökumətinin səhv yanaşması ilə tamamilə fərqli bir məcraya sürükləndi. Aksiya iştirakçılarını “capulçu”, “marjinal” adlandıran, onları anlamaq istəməyən hökumət yanğına körüklə getdi. Sonradan isə doğurdan da hökumətin dediyi oldu. Etirazlılar sıralarında terrorçular, anarxistlər görünməyə başladılar.
- Yəqin məhz bunlara görə Dövlət Baxçalı partiyasının üzvlərinə bu aksiyalara qarışmamaq təlimatı verdi...
- Bəli. Dövlət Baxçalının bu qərarı çox yerində verilmiş bir qərar oldu. Təsəvvür edin, indi o meydanda PKK-nın qondarma bayrağı da dalğalanır. Türk millətçiləri heç vaxt xainlərlə bir cərgədə addımlamaz. Əlbəttə ki, Dövlət Baxçalı ora haqlı olaraq çıxan gənclərə sahib çıxdı amma onu da bildirdi ki iqtidarı dəyişməyin yolu seçki qutusudur. Bütün demokratik ölkələrdə olduğu kimi Türkiyədə bu belə olmalıdır.
-Bəs siz, meydana çıxmamaqla meydanı boş buraxmadınızmı? Məsələn bir neçə gün öncə Gəzi parkında bir qrup insan, Gəzi parkına Hrant Dinkin adının verilməsi tələbini irəli sürdülər.
-Onların belə bir tələb irəli sürməsinin səbəbi son illər hökumətin fəaliyyətindən aldıqları cəsarətdir. Əgər Türk millətçiləri də meydanda olsaydı, mütləq qarşıdurma yaranacaq bəlkə qan töküləcəkdi. Bilirsiniz demokratik ölkələrdə iqtidarla yanaşı müxalifətin də öhdəsinə böyük məsuliyyət düşür. Mən hakimiyyətə gəlim deyə cılız düşüncələrin əsiri olub, ölkəni xaosa sürükləmək lazım deyil. Müxalifət də eynilə iqtidar kimi ölkədə nizam intizamın qorunmasından məsuldur. Biz millətçi və eyni zamanda demokratıq. Ölkədə əmin-amanlıq bizim üçün hər şeydən öncə gəlir. O ki qaldı Gəzi parkına Hrant Dinkin adının verilməsinə, 1943-cü ildə tikilib istanbulluların istifadəsinə verilmiş Gəzi parkının sökülmək istənməsi nə qədər səhvdirsə, bu tələb də o qədər səhvdir. Bu sadəcə bəzilərinin fürsətdən yararlanmaq istəyidir.
-Sizcə, Gəzi parkının sökülmək istənməsi nə dərəcədə səhvdir?
-Mən son iki aydır Bakıya gəlmirdim. Bir neçə gündür Bakıdayam və ilk diqqətimi çəkən Heydər Əliyev adına sarayın arxasında salınmış möhtəşəm park oldu. Bu park Bakı sakinlərinə hədiyyədir, hansı ki məsələyə kapitalist kimi yanaşıb buraya göydələnlər də sala bilərdilər. Deməli burada insan faktoru nəzərə alınıb. Türkiyədə isə belə deyil. Gəzi parkı onsuz da bir balaca yerdir. Onu da məhv edib, oradakı yaşıllığın kökünü kəsib, hansısa tarixi binanın təqlidini inşa etmək və yaxud alış-veriş mərkəzi tikmək sırf kapitalist maraqlara xidmət edir. Bəhanə nədir? Orada vaxtı ilə yerləşən hərbi kazarmanı bərpa edəcəyik. Kazarma orada 1806-cı ildə tikilmişdi. Sonradan yararsız vəziyyətə düşdü və ən nəhayət sökülərək yerinə indiki Gəzi parkını saldılar. İndi isə sökmək istəyirlər. Ümumiyyətlə, AKP meydan və parkları sevmir. AKP iqtidarı dövründə ən çox alış-veriş mərkəzi tikilib. Türkiyə alış-veriş cənnətinə dönüb. Şəhərlər beton yığınına dönüb. İndi də deyirlər ki, Gəzi parkının sökülməsini referendum vasitəsi ilə müəyyən edəcəklər. Başa düşə bilmirəm millətin istirahət hüququ ilə referendum arasında nə əlaqə var?
- Türkiyədə bir neçə gün əvvəl qüvvəyə minən və spirtli içki satışını məhdudlaşdıran qanun layihəsinin cəmiyyətdə heç də birmənalı qarşılanmadığını, ciddi etirazlara səbəb olduğunu görürük. Siz necə dəyərləndirirsiniz bu qanun layihəsinin mahiyyətini və zamanını?
-Öncəliklə onu söyləyim ki, gənclərimiz arasında spirtli içkinin istifadəsini azaldacaq hər cür təşəbbüsü sonuna qədər dəstəkləyirəm. Cəmiyyətdə gərginlik yaratması baxımından bəlkə zamanı deyildi amma çox isabətli qərar olduğunu düşünürəm. Düzü düz, əyrini əyri demək lazımdır. Mən olduğum hər yerdə öz fikirlərimi bölüşməyi sevirəm. Və həmişə də buna hazır olmağa çalışıram.
- Sizin eyni zamanda televiziyada müəllif aparıcısınız. Hazırladığınız proqramlar sevilərək izlənir. Eyni zamanda konsert proqramları. Yorulmursunuzmu
- Bəli. Hal hazırda Bengütürk kanalında “Ahmet Şafakla Farkınız olsun” adlı verilişlə həftədə bir dəfə tamaşaçılarla görüşürük. Tanınmış alimlərlə, tarixçilərlə, mütəxəssislərlə bizi yaxından maraqlandıran ümummilli məsələləri müzakirə edirik. Əlbəttə mənim konsert proqramlarım da çox zamanımı alır. Məsələn, buradan qayıdan kimi Almaniyaya getməyi planlaşdırıram. Nürnberqdə konsertim var. Ümumiyyətlə, insan sevdiyi işlə məşğul olduğu zaman yorulmur.
- Bengütürkdən söz düşmüşkən, bu kanal bizim üçün də çox doğmadır. Vaxtı ilə Türkiyədə bütün telekanalların Azərbaycana və Azərbaycanlılara ögey münasibət sərgilədiyi zamanlarda Bengütürk qapılarını taybatay bizim üzümüzə açmışdı.
- Bəli. Bengütürk qısa bir zamanda Türk dünyasının səsinə çevrilməyi bacardı. Nəinki Azərbaycan hətta Türk dünyasında belə harada qanayan bir yara varsa, hara bir Türkün dırnağına belə daş dəyirsə Bengütürk kameralarını ora çevirir. Bengütürkü quranların və idarə edənlərin hamısı mənim yaxınlarım və könüldaşlarımdır. Onlarla qürur duyuram...
- Proqramınızı maraqla izləyənlər arasında mən də varam. Keçən proqramlarınızın birində Yusif Halacoglu ilə apardığınız müzakirələr xüsusilə möhtəşəm idi. Amma sizin proqramı izlyərkən bəzən qonağın kim olduğunu unuduram, siz qonaqlarınızı üstələyirsiniz...
- (Gülür) Məni buna görə ilk tənqid edən siz deyilsiniz. Hər halda mənim ən pis cəhətim budur. Bilirsiniz müəyyən məsələləri, mövzuları işıqlandırmaq üçün alimlər dəvət edirik. Onlar da bəzən həddindən artıq təvazökar insanlar olur. Belə olduğu halda isə yük mənim çiyinlərimə düşür. Və buna görə də bəzən çox danışmalı oluram. Ümumiyyətlə, götürdükdə isə dolğun cavab almaq üçün, dolğun da sual verməyi bacarmaq lazımdır. Dolğun, məntiqli sual vermək üçün isə oxumaq, araşdırmaq lazımdır. Baxmayaraq ki, konsertlərim mənim zamanımı işğal edir amma yenə də hər proqramıma günlər öncədən hazırlaşıram.
- Siz əslində bunu da sübut etdiniz ki, müğənni sadəcə mahnı oxumaqla kifayətlənməməlidir. Ən azından kitab da oxumalı, öz üzərində işləməlidir. Çünki müğənnilər və yaxud sənət adamları daha geniş kütlələrə xitab edirlər.
- Çox düzdür. Heç bir sənət adamı öz xalqının, millətinin taleyinə biganə qalmamalıdır. Yaxşı müğənni olmaq heç də yaxşı vətəndaş olmaq demək deyil. Məsələn mənim fikrimcə, Türkiyədə AKP türklüklə mübarizə aparır. Konstitusiyadan türk sözünü çıxarmaq üçün dondan dona girir. Mən buna necə laqeyd qala bilərəm. Buna görə də mən nəinki konsertlərimdə, hətta seminar və konfranslarda da gerçəkləri anlatmağa çalışıram.
- Konfrans demişkən, bu yaxınlarda Bakıda “Sultan Səlim və Şah İsmayıl” mövzusunda konfrans keçirildi. Konfrans iştirakçılarından biri də siz idiniz. Türkiyə ictimaiyyətində Şah İsmayılla bağlı mövcud mənfi rəyin dəyişdirilməsi üçün əməkdaşlıq etməyin zəruriliyi vurğulandı. Bundan qısa bir müddət sonra isə İstanbulda tikiləcək 3-cü körpüyə Sultan Səlimin adının veriləcəyi açıqlandı. Sizin bu məsələyə münasibətiniz necədir?
- Çox yanlış qərardır. Sultan Səlim əlbəttə ki, Türk tarixinin önəmli şəxsiyyətlərindir. Amma bu qərar məsələn Ələvilərə qarşı hörmətsizlikdir. Ələvilər İslam dininə etiqad edən, tarix boyu bir çox zülmə uğramış Türkiyə vətəndaşlarıdır. Onları incitməyə kimin haqqı var? Xüsusən də qonşu Suriyada məzhəb davalarının en yüksək həddə olduğu bir zamanda. Türkiyədə onsuz da etnik qarşıdurma yaratmağı bacardılar. İndi isə sanki millətin qaysaqlanan yarası ilə oynayaraq məzhəb qarşıdurması yaratmaq istəyirlər. Baxın mən də sünnüyəm. Amma sünnüliyin zorla yeridilmək istəməsinin qəti əleyhdarıyam. Sultan Səlim də, Şah İsmayıl da bizim üçün eyni dəyərdə tarixi şəxsiyyətlərdir. Hər şeydən önəmlisi onların hər ikisi də Türk olub. Ziya Göyalp eyni dili danışan və eyni dinə etiqad edən bütün insanlar qardaşdır deyirdi. Bax biz bu nöqtədə birləşməliyik. Birini, o birindən üstün tutarsaq, birinə qəhrəman, o birinə mənfi nəzərlərlə baxarsaq öz tariximizə qarşı hörmətsizlik etmiş olarıq. Biz bununla düşməni sevindirmiş olarıq.
- Türkiyə ermənilərini sevindirmiş olarıq…
- Doğrusunu söyləyim Türkiyədə ermənilər yüzillərdir ki yaşayırlar. Məncə Türkiyə ermənilərini digər dünya ermənilərindən fərqləndirmək lazımdır. Necə ki vaxtı ilə Qarabağda ermənilərlə Azərbaycanlılar mehriban qonşuluq şəraitində yaşayırdılar, biz də Türkiyədə elə yaşamışıq bir zamanlar. Uşaqkən mənim erməni dostlarım var idi. Amma nə zaman ki, xarici təsirlərə məruz qaldılar, başqalarının maşası oldular ondan sonra vəziyyət dəyişdi. Mənim onlara yazığım gəlir əslində. Bu insanların beyni zəhərlənib. Mən ilk romanım olan “Kan mevsimi 1915” də bacardığım qədər ermənilərlə aramızda yaranan ixtilafa, onların xəyanətinin səbəblərinə və onun nəticələrinə işıq tutmağa çalışmışam. Və gəldiyim nəticə budur əgər kənardan müdaxilə olmasa qurdla quzu yanaşı otlayar.
- Fevral ayında Türkiyə ermənilərindən müsahibələr götürdüm. Türkiyə ermənilərinin irəlidə gələnlərindən Etyen Mahçupyan, Xocalı faciəsinin soyqırım olduğunu etiraf etdi...
- Amma belə bir məsələ var. Son zamanlar ermənilər yeni taktikaya əl atıblar. Xocalı qətliamını soyqırım olaraq qəbul edirik amma siz də 1915-ci il hadisələrini soyqırım olaraq qəbul edin. Yəni bir növü dəyiş-düyüş etmək istəyirlər. Biz bu tələyə düşmərik. 1915-ci ildə çox kədərli hadisələr olub. Xeyli erməni yerindən yurdundan didərgin edilib. Amma bu hadisələri Xocalı faciəsi ilə müqayisə etmək olarmı? Əsla. 1915 də sürgün oldu amma 1916 da isə onların çoxu geri döndü. Baxın görək 20 ildir Qarabağa bir nəfər geri dönə bilibmi? Yox. Deməli ermənilər günahı özlərində axtarmalıdırlar.
- Amma ermənilər günahı türklərdə görürlər. Onların fikrinə görə başlarına gələn bütün fəlakətlərin səbəbi Türk millətçiliyidir. Mahçupyan da dil-boğaza qoymadan Türk millətçiliyinin nə qədər zərərli bir məfhum olduğunu izah etməyə çalışırdı. Mən ona -madam millətçilik bu qədər zərərli şeydir, bəs siz niyə erməni millətçiliyi ilə məşğulsunuz- deyə bir sual verdim. Cavabdan yayındı...
- Başqaları millətçiliklə məşğul olanda demokratik haqq olur bizim millətçilyimiz isə çoxlarının gözünə ox kimi batır. Bizim ən böyük səhvimiz tariximizi qələmə almamağımızdır. Daha çox bu günü yaşamışıq və gələcəyi xəyal etmişik. Keçmişi isə unutmuşuq. Sırf düşmənlərə inad milli bütünlük və bərabərliyimizin pozulmasına imkan verməməliyik, ortaq tariximizi yazmalıylq. Ortaq Türk tarixini yazmalıyıq. Türk dövlətləri tarixi deyə yox. Çünki türk dövlətləri tarixi dediyimiz zaman parçalanırıq, kiçilirik. Ortaq qəhrəmanlarımızı tanımalıyıq...
- Azərbaycanda Nuru Paşaya heykəl ucaltmaq təklifləri var. Hətta Milli Məclisdə belə dəflərlə müzakirə olunub. Sizcə ortaq tariximiz baxımından bu necə addımdır?
- Bir Anadolu türkü olaraq Nuru paşaya abidə ucaldılması məni məmnun edər amma mən Nuru Paşanın xilaskar deyə təqdim edilməsinin əleyhinəyəm. Bu Azərbaycan xalqının kiçiltmək deməkdir. Azərbaycan türkləri kifayət qədər şanlı tarixə, zəngin keçmişə malikdir. Kimsə kənardan qardaş köməyinə yetə bilərdi amma Azərbaycanın xilaskarı elə Azərbaycanlılardır. Nuru Paşa Azərbaycanda qırğın törədən erməni qüvvələrini darmadağın edib. Sonunda nə olub? Nəticə etibarı ilə Azərbaycan yenə düşmən qarşısında tək qalıb. Tarixi şərait Nuru Paşanı geri çəkilməyə məcbur edib. Azərbaycanda Nuru Paşaya abidə ucaldılmasını təklif edənlər, Türkiyədə Çanaqqala döyüşlərində şəhid olan Azərbaycanlıların şərəfinə abidə ucaldılmasını niyə təklif etmirlər?
- Əhməd bəy neçə kitabınız işıq üzü görüb və Bakıda əldə etmək mümkündürmü kitablarınızı?
- Birinci kitabım “Kan mevsimi 1915” yuxarıda da bəhs etdiyim kimi erməni olayları və o dövrün siyasi-ictimai mühitindən bəhs edir. İkinci kitabım isə «Kurt 2015» adlanır. Burada da 2015-ci ildə ABŞ-ın erməni soyqırımını rəsmən tanıması və bundan sonra baş verə biləcək hadisələr təsvir edilib... Üçüncü kitabımda isə bir sənət insanının yaşam tərzini əla almışam. Sənətçinin öz köklərindən necə qidalanması gərəkdiyini, öz millətinə ulusuna faydalı olmasının əhəmiyyətini anlatmışam.
-Sanki bir az öz avtoportretinizi yaratmısınız.
-Əlbəttə ki hər əsərim mənim parçamdır. Amma mən əsərlərimdə sadəcə Türk millətçiliyini təbliğ etmirəm, daha çox bəşəri dəyərlərə söykənirəm. Mənim yolum Əli Bəy Hüseynzadə və Ziya Göyalpın yoludur... Amma çox təəssüf ki, Bakıdakı nəşriyyat evləri mənim kitablarıma soyuq yanaşırlar.
-Bəs sənət aləmində kimlərdən təsirlənmisiniz, kimləri özünüzə örnək almısınız?
- İki böyük sənətçi olub ki, mən onlara qibtə etmişəm və sevə-sevə dinləmişəm. Bunların biri Cem Karaca digəri isə Barış Mancodur. İkisi ilə də çox gözəl münasibətim və dostluğum olub. Cem Karacanın atası da Azərbaycanlıdır. Hətta «Qarabağda talan var» deyə müdhiş bir bəstəsi var onun...
-Azərbaycanda necə qarşılanırsınız? Özünüzü qürbətdə hiss etmirsinizmi ki?
-Azərbaycan mənim ikinci vətənimdir. Bölgə-bölgə, qarış-qarış gəzmişəm Azərbaycanı. Türkiyədəki dostlarım mənə zarafatla Azərbaycanlı deyirlər. Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev məni «Tərəqqi» medalı ilə təltif edib. Mən bunu çox yüksək qiymətləndirirəm. Amma mənim üçün bundan da böyük mükafat Azərbaycan xalqının qəlbində qazandığım sevgidir...
Bəhruz HƏSƏNLİ
(Azadinform)

banner

Oxşar Xəbərlər