• cümə axşamı, 28 mart, 23:37
  • Baku Bakı 13°C

“Akkord”dan bank hesabı qalmaqalı ilə bağlı - Açıqlama

20.08.14 16:25 1438
“Akkord”dan bank hesabı qalmaqalı ilə bağlı - Açıqlama
“Akkord” Korporasiyası Türkiyədəki bank hesablarına həbs qoyulmasına dair yazılanlara aydınlıq gətirib
“Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin İctimaiyyətlə əlaqələr xidmətinin rəhbəri Afaq Quliyevanın adından “APA-Economics”ə göndərilən mətndə bildirilib ki, Azərbaycanda bəzi KİV-də “Akkord” Korporasiyasının Türkiyədə göstərdiyi fəaliyyət çərçivəsində öhdəliklərini yerinə yetirə bilməməsi və bu səbəbdən Korporasiyanın Türkiyədəki bank hesablarına həbs qoyulmasına dair xəbər yazılıb.
A. Quliyeva yazılanları "qərəzli və təhrifedilmiş" adlandırıb. Lakin mətbuat katibi məlumatın "artıq məhkəmədə haqsız olduğu sübut edilən şəxslər və şirkətlər tərəfindən yayıldığını" da etiraf edib.
O qeyd edib ki, “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin Türkiyədəki filialının göstərdiyi fəaliyyət çərçivəsində bu günə kimi yerinə yetirə bilmədiyi və ya yerinə yetirməkdə çətinlik çəkdiyi hər hansı bir öhdəliyi yoxdur: "Bəzi layihələrdə “Akkord”un subpodratçısı kimi çıxış edən “Ada Metal” A.Ş. adlı şirkət “Akkord” qarşısında olan öhdəliklərini yerinə yetirə bilməyib. Bu səbəbdən “Akkord” “Ada Metal” A.Ş. ilə bağlanmış müqaviləyə birtərəfli qaydada xitam verib. Hesab edirik ki, bu xəbərin yayılması məqsədyönlü şəkildə müqaviləyə xitam verilməsi ilə əlaqədar olub və Korporasiyamıza qarşı haqsız və hüquqi əsası olmayan tələblərin irəli sürülməsindən qaynaqlanır".
Məlumatda daha sonra bildirilib ki, “Ada Metal” A.Ş.-nin subpodratçı kimi çıxış etdiyi müqaviləyə "Akkord" tərəfindən birtərəfli qaydada xitam verilməsi səbəbindən mənfəətinə zərər yetirilən bir qrup şəxslər və qurumlar hazırda şirkətə qarşı tələblər irəli sürüblər: " Xəbərdə sözügedən qərar həqiqətə uyğun olmayan tələb və iddialara əsasən, şirkətimizə söz haqqı verilmədən, birtərəfli qəbul olunan qərar olduğundan, şirkətimizin vəkilləri tərəfindən irəli sürülən etirazlar nəticəsində məhkəmə tərəfindən dərhal ləğv edilib. Digər tərəfdən, “Akkord”un xəbərdə adı çəkilən “Öz Volkan” Petrol Şirkəti ilə isə heç bir biznes əlaqəsi və işbirliyi mövcud deyil”.
Açıqlamada daha sonra bildirilir ki, hazırda “Akkord” Korporasiyasının Türkiyə Respublikasındakı filialı Soma və Tunçbilek bölgələrində torpaq qazıntı və daşıma işlərinin həyata keçirilməsi layihələrini yerinə yetirir. Tunçbilek bölgəsində həyata keçirilən layihə 25 dekabr 2012-ci ildə başlanıb və layihənin bitirilməsi 2016-cı ilin iyun ayında nəzərdə tutulur. Soma bölgəsində həyata keçirilən layihə isə 22 oktyabr 2013-cü ildə başlanıb və 2015-ci ilin oktyabrında tamamlanacaq.
Qeyd edək ki, "Akkord" şirkətinin Türkiyədəki filialının bank hesablarına həbs qoyulması ilə bağlı xəbər təkcə Azərbaycan deyil, Türkiyə mediasında da yer alıb. (http://www.beyazgundem.com/guncel/azerbaycan-sirketinin-hesaplarina-ihtiyati-haciz-karari-h91661.html)
Linki təqdim etdiyimiz xəbərdə qeyd olunana görə, şirkətin “Öz Volkan” neft məhsullarının nəqli və inşaat şirkətinə 7 mln. 237 min 16 lirə (təxminən 2 mln. 621 min 247 manat) borcunun olması səbəbindən Qaziantep 13-cü İcra Dairəsi tərəfindən “Akkord”un Türkiyədəki hesablarının həbs olunması ilə bağlı qərar verilib.
Məlumata görə, korporasiya Türkiyə Kömür İşlətmələrindən aldığı mədən yatağının qazılması ilə bağlı bəzi işlərin icrasını “Ada” Metal Mədənçilik şirkətinə həvalə edib. Lakin “Ada” Metal Mədənçilik şirkəti gördüyü işin məvacibini ala bilmədiyindən borcu yaranıb.
“Öz Volkan” neft məhsullarının nəqli və inşaat şirkəti məhz bu səbəbdən Qaziantep 13-cü İcra Dairəsinə müraciət edib. İcra Dairəsi isə həm Akkord, həm də “Ada” Metal Mədənçilik şirkətinin hesablarına həbs qoyulmasına qərar verib.
Türkiyə mətbuatı “Akkord” və "Ada" Metal Mədənçilik şirkətlərinin Qaziantep və Malatyada bəzi firmalara da borcunun olduğu barədə məlumatlar yayıb. 40 gündən çox bu vəziyyət hökm sürdüyündən firmaların mədən işlərini həyata keçirə bilmədikləri bildirilir.
banner

Oxşar Xəbərlər