Akif Çovdarovun məhkəməsinin vaxtı məlum oldu

Akif Çovdarovun məhkəməsinin vaxtı məlum oldu

Kriminal
06 Noyabr 2019, 15:45 751
Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) həbsdə olan generalı Akif Çovdarov Ali Məhkəməyə müraciət edib.
Trend-in məlumatına görə, A.Çovdarov barəsində bəraət hökmünün çıxarılmasını istəyib.
A.Çovdarovun şikayəti hakim Əziz Seyidovun icraatına verilib və məhkəmə iclası noyabrın 21-nə təyin edilib.
Ləğv edilmiş MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanov 2015-ci ildə həbs edilib.
Bakı Hərbi Məhkəməsinin hökmü ilə Akif Çovdarov 12 il, Səlim Məmmədov 11 il, Akif Əliyev 5 il və Orxan Osmanov 4 il müddətinə azadlıqdan məhrum edilib.
Onların 33 milyon manatlıq əmlaklarının əksəriyyəti müsadirə edilib və rütbələrinin alınması üçün təqdimat verilib. Hökmdən narazı qalan məhkumlar və zərərçəkmiş şəxslərin bir qismi apelyasiya şikayəti verib. Bundan başqa, A.Çovdarovun ailə üzvləri - oğlu Ruslan Çovdarov, həyat yoldaşı İbadət Çovdarova, qızları - Günay Əmircanova və Aidə Qadımova da apelyasiya şikayəti ilə məhkəməyə müraciət ediblər.
Bakı Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib.