• cümə, 29 Mart, 19:31
  • Baku Bakı 14°C

Akademik Zərifə Əliyevanın anım tədbiri keçirilib

28.04.15 10:23 1479
Akademik Zərifə Əliyevanın anım tədbiri keçirilib
Binəqədi rayonunda Binəqədi Rayon İcra Hakimiyyəti (BRİH) və Yeni Azərbaycan Partiyası (YAP) Binəqədi rayon təşkilatının birgə təşkilatçılığı ilə görkəmli oftolmoloq alim, Azərbaycan tibb elminə misilsiz töhfələr bəxş etmiş akademik Zərifə xanım Əliyevanın anadan olmasının 92-ci ildönümü münasibətilə tədbir keçirilib. Tədbirdə BRİH-in başçısı Xaləddin İsgəndərov, Milli Məclisin deputatları Madər Musayev, Rafael Cəbrayılov, Məlahət İbrahimqızı, Gülçöhrə Məmmədova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, Belçika parlamentinin senatoru Gülər Turan, BRİH başçısının müavinləri, Aparatın şöbə müdirləri, YAP Binəqədi rayon Qadınlar Şurasının İdarə heyətinin üzvləri, rayonun hüquq-mühafizə və icra strukturları, təhsil və səhiyyə müəssisələrinin rəhbərləri, gənclər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları ilk öncə Zərifə xanımın adını daşıyan parkda görkəmli alimin abidəsi önünə tər çiçəklər düzüb, əziz xatirəsinə dərin ehtiramlarını bildiriblər.
Tədbiri açıq elan edən aparıcı Zərifə xanımın mənalı və şərəfli həyat yolu barədə məlumat verib.
Millət vəkili Məlahət İbrahimqızı çıxışında Zərifə Əliyevanı peşəkar həkim olmaqla yanaşı, həm də fəal ictimai xadim kimi xarakterizə edib. O, həkim peşəsini vicdanla yerinə yetirən oftolmoloq alimin insanların sağlamlığının qorunmasında, xəstəliklərin qarşısının alınmasında göstərdiyi səylərə toxunaraq, akademikin öz həmvətənlərinin qayğısına qalan humanist insan olduğunu diqqətə çatdırıb.
Millət vəkili Gülçöhrə Məmmədova çıxışında insanlara nur bəxş etmək missiyası, qayğıkeşliyi, nəcibliyi ilə könüllərdə özünə əbədi yer qazanmış Zərifə xanım Əliyevanı istər elmi fəaliyyətində qazandığı uğurlar, istər şəxsiyyət kimi öz fərdi keyfiyyətləri ilə ailəsinin və vətəninin adını ucaldan şəxsiyyət kimi səciyyələndirib.
Ölkəmizdə qonaq olan Gülər Turan ilk öncə Belçika parlamentində maraqlarını təmsil etdiyi Anadolu türklərinin salamlarını çatdıraraq, tədbirdə iştirakından məmnunluğunu bildirib. Gənc nəslə örnək təşkil edən belə gözəl insan, alim, ana – Zərifə xanım Əliyeva haqqında məlumatlılığının az olduğundan təəssüfünü dilə gətirən natiq həm onun, həm də tədbirdə iştirak edən gənclərin “Azərbaycan xalqının anası” olan bu nəcib xanımı tanımalarına şərait yaratdıqları üçün təşkilatçılara təşəkkür edib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova XX əsr Azərbaycan elminin böyük simalarından olan Z.Əliyevanın həm də öz vəzifəsini şərəflə yerinə yetirən ana olduğunu bildirərək, ölkəmizə müstəqil Azərbaycanın tərəqqi zirvələrini fəth etməsində qazandığı uğurların təminatçısı olan möhtərəm Prezident İlham Əliyev kimi lider bəxş etdiyini vurğulayıb.
BRİH-nin başçısı Xaləddin İsgəndərov çıxışında Zərifə xanımı Azərbaycan xalqının sərvəti kimi səciyyələndirərək, onun bütün insani keyfiyyətləri ilə əsl Azərbaycan qadınının ideal obrazını yaratdığını, əziz xatirəsinin tanınmış həkim, novator alim, eyni zamanda qayğıkeş ana, sədaqətli ömür-gün yoldaşı kimi daim qəlblərdə yaşadığını qeyd edib.
Daha sonra tədbir 276 saylı tam orta məktəbin şagirdlərinin ifasında ədəbi-bədii kompozisiya ilə davam edib.
Sonda qonaqlar Zərifə Əliyeva adına parkda təşkil edilən foto sərgi ilə tanış olublar.

banner

Oxşar Xəbərlər