Vasim Məmmədəliyevin 75 illik yubileyi qeyd olunub
Bu gün Bakı Dövlət Universitetində dünya şöhrətli alim, "Şöhrət” və
"Şərəf” ordenli Prezident təqaüdçüsü, Bakı Dövlət Universitetinin dekanı və
kafedra müdiri, Əməkdar elm xadimi, akademik Vasim Məmmədəliyevin 75 illik
yubileyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib. Tədbiri giriş sözü ilə
açan universitetin rektoru, akademik Abel Məhərrəmov akademik Vasim Məmmədəliyevin
bütün həyatının, fəaliyyətinin xalqımızın mənəviyyatının
zənginləşməsinə xidmət etdiyini deyib. Bildirib ki, o, halal zəhməti,
intellekti, zəkası, dərin düşüncəsi ilə elmin yüksək pilləsinə ucalmış görkəmli
elm xadimidir. Böyük alim nəinki Azərbaycanda, onun hüdudlarından çox-çox kənarda
da millətimizə həmişə başucalığı gətirir. Rektorun sözlərindən məlum olub ki,
Vasim Məmmədəliyev İslam dininin, İslam dəyərlərinin təbliğində, geniş
yayılmasında böyük xidmətlər göstərib, "Qurani-Kərimi”i doğma dilimizə tərcümə
edib. Böyük alim dərs dediyi tələbələrə həmişə atalıq qayğısı göstərib, onların
problemlərini həll etməyi ən mühüm vəzifə hesab edib. Universitetdə elm adamı,
müəllim, ziyalı və müdrik ağsaqqal kimi sevilməsi məhz onun insani xüsusiyyətlərindən
irəli gəlir. Vasim Məmmədəliyevi
universitetin sütunlarından hesab edən rektor onun BDU-dan elmin zirvələrinə
ucaldığını, elm və xalq qarşısındakı böyük xidmətlərinə görə "Əməkdar elm
xadimi" fəxri adına və Prezident təqaüdünə, "Şöhrət” və "Şərəf” ordenlərinə
layiq görüldüyünü, AMEA-nın həqiqi üzv seçildiyini xatırladıb. Nitqinin sonunda rektor Abel Məhərrəmov Bakı Dövlət
Universitetində Vasim Məmmədəliyev kimi dünya şöhrətli alimin, ziyalının
çalışmasından qürur hissi keçirdiyini deyib.
Sonra Şərqşünaslıq fakültəsinin dekanı, professor Elxan Əzizovun
"Mənalı alim ömrü” adlı məruzəsi dinlənilib. O, akademikin həyat və fəaliyyətindən,
yaradıcılığından bəhs edib, əsərləri, yetirmələri, İslam dininə verdiyi töhfələrdən
danışıb.
Elmi-praktik konfransda Azərbaycan Milli Elmlər
Akademiyasının prezidenti Akif Əlizadə, Təhsil nazirinin müavini Firudin
Qurbanov, Milli Məclisin komitə sədri Ziyad Səmədzadə, deputat Rəfail Hüseynov,
Bakı Mühəndislik Universitetinin rektoru Havar Məmmədov, Sumqayıt Dövlət Universitetinin
rektoru Elxan Hüseynov, Azərbaycan Dövlət
Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov, Türkiyə
Respublikasının ölkəmizdəki səfiri Erkal Özoral, Milli Aviasiya Akademiyasının
kafedra müdiri Nəriman Həsənzadə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət
Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, akademik Teymur Bünyadov, professor
Qəzənfər Paşayev çıxış edərək yubilyarı təbrik ediblər. Həmçinin Moskva Dövlət Universitetinin Bakı filialının
rektoru, akademik Nərgiz Paşayevanın akademik Vasim Məmmədəliyevə ünvanladığı təbrik
məktubu oxunub.
Çıxışlarda görkəmli şərqşünasın yüzlərlə elmi əsərindən,
bütün dünya şərqşünaslarının istifadə etdikləri kitablarından bəhs edilib,
alimin ərəb dilçiliyi və ədəbiyyatşünaslığının müxtəlif problemlərinə həsr olunan,
İslam, şəriət, fiqh, musiqi və ədəbiyyata dair məqalələrinin onun yüksək elmi
potensialının, hərtərəfli intellektinin parlaq nümunəsi olmasından danışılıb.
Xalq artisti Mənsum İbrahimov möhtəşəm ifaları ilə
yubiley tədbirinə rəng qatıb.
Sonda çıxış edən akademik Vasim Məmmədəliyev
tədbirin təşkilinə görə BDU rəhbərliyinə, eyni zamanda, bütün toplantı
iştirakçılarına təşəkkürünü bildirib.