Akademik Ramiz Mehdiyev haqqında kitab nəşr olunub

Akademik Ramiz Mehdiyev haqqında kitab nəşr olunub

Siyasət
24 Oktyabr 2012, 14:33 3493
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin çoxşaxəli fəaliyyətindən və elmi yaradıcılığından bəhs edən kitab işıq üzü görüb. «Vəfadarlıq. Akademik Ramiz Mehdiyevin elmi-nəzəri araşdırmaları kontekstində» adlanan kitab akademikin «Bu gün mənim üçün ən başlıcası dövlətçiliyimizi və milli istiqlaliyyətimizi möhkəmləndirmək işinə xidmət etməkdir» sözləri ilə başlayır.

Kitabın müəllifi şairə-publisist Gülayə Rzayeva yazır ki, Azərbaycan siyasətşünaslığında bir elm sahəsi olaraq – Əliyevşünaslığın əsasını qoyan və bu sahəni inkişaf etdirən əsas simalardan biri məhz akademik Ramiz Mehdiyev olmuşdur.

Filologiya elmləri üzrə fəlsəfə doktoru Sona Vəliyeva G.Rzayevanın «Vəfadarlıq. Akademik Ramiz Mehdiyevin elmi-nəzəri araşdırmaları kontekstində» adlı tədqiqat əsərini ciddi elmi, tarixi və fəlsəfi araşdırmanın nəticəsi hesab edərək vurğulayır ki, Ramiz Mehdiyevin həm sanballı elmi-fəlsəfi, siyasi-nəzəri bilikləri, həm də uzun illər Ulu Öndərin rəhbərliyi altında işləməsi, xüsusən müstəqillik qazandıqdan sonra Azərbaycan Respublikasında həyata keçirilən milli dövlət quruculuğu proseslərinin bütün sahələrində onunla çiyin-çiyinə çalışması, əsas hadisələrin iştirakçısı olması onun Heydər Əliyev haqqındakı əsərlərinin dəyərini artırır. Müəllifin sözləri ilə ifadə etsək: «Əliyevşünaslığın akademik səviyyədə ilk yaradıcısı Ramiz Mehdiyevdir». Bununla yanaşı, bir silahdaş, sədaqətli, vəfalı və səmimi insan kimi - Heydər Əliyev haqqındakı minnətdarlıq dolu etirafları və xatirələri Ramiz Mehdiyevin özü haqqında da əsl ziyalı, mərd azərbaycanlı obrazı yaradır və bu nümunəni gələcək nəsillərə ərməğan edir.

Kitabda Ramiz Mehdiyevin əsərlərindən gətirilmiş nümunələrlə Heydər Əliyev siyasətinin mahiyyəti, fəlsəfəsi, ümummilli dəyərlərin qorunub saxlanması və yaşadılması sahəsindəki xidmətləri, ümumxalq məhəbbətinin Ulu Öndərə gətirdiyi məsuliyyətin onun tərəfindən liderlik səviyyəsində dərki, gərgin fəaliyyət meydanında həmin məsuliyyətin ona verdiyi enerji və s. kimi ideyalar ardıcıllıqla təhlil olunaraq oxuculara çatdırılır.

G.Rzayeva Ramiz Mehdiyevin “Əliyevşünaslıq” sahəsinə daxil olan elmi məqalə və iri həcmli əsərlərinin təhlili zamanı Azərbaycan mediasında, ayrı-ayrı ziyalıların, ictimai-siyasi xadimlərin məqalələrində əks olunan fikir və mülahizələrə də müraciət edir ki, bu da oxucunu ondan öncə bu mövzuda yazılan əsərlərlə tanış edir.

Ulu Öndər Heydər Əliyevin bütün dövlət idarəçilik fəaliyyəti və siyasi baxışlarının elmi-siyasi təhlilini verməyə çalışan müəllif, Ramiz Mehdiyevin tutarlı fikirlərini sitat gətirərək, öz mülahizələrinin daha düzgün, məzmunlu olmasına nail olur.

S.Vəliyeva qeyd edir ki, Gülayə xanımın əsəri oxucuda nəinki ümummilli liderin siyasi portreti haqqında müfəssəl fikir yaradır, eləcə də Azərbaycan xalqının müstəqillik yolunu, azadlıq mübarizəsini, azad, demokratik dövlət quruculuğu prosesini Heydər Əliyevin respublikaya rəhbərliyi fonunda təhlil edir, onun ayrı-ayrı mərhələlərinin xarakteristikasını verir. Müəllif Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövrünü milli tariximizin yeni bir epoxası adlandırır və bu fikrini əsaslı, tutarlı, elmi, fəlsəfi faktlarla izah edir. Müəllifin fikrincə, Heydər Əliyev epoxası tək Azərbaycan Respublikasının həyatının müxtəlif sahələrində quruculuq və inkişafla məhdudlaşmadı, həm də dövrünün əsl azərbaycanlı obrazını, milli iradəli vətəndaşını, azad düşüncəli, demokratik fikirli şəxsiyyətini, mübariz düşüncə nümunəsini formalaşdırdı.

Əsərlə tanışlıq belə qənaətə gəlməyə əsas verir ki, bir şairənin – Gülayə Rzayevanın Azərbaycanın ümummilli lideri, Ulu Öndər Heydər Əliyev haqqında, Ramiz Mehdiyevin - bir ictimai-siyasi və dövlət xadiminin fikirləri əsasında qələmə aldığı və ərsəyə gətirdiyi, elmi-siyasi təhlil xarakteri daşıyan bu kitab müəllifin səmimiyyətinin, əsl vətəndaş mövqeyinin, ümummilli liderə dərin sevgi və ehtiramının ifadəsi kimi böyük alqışa layiqdir.