• cümə, 29 Mart, 09:06
  • Baku Bakı 5°C

Akademik Nəriman Quliyev dünyasını dəyişdi

20.05.14 10:16 1472
Akademik Nəriman Quliyev dünyasını dəyişdi
Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA) APA-ya verilən xəbərə görə, nüvə fizikası sahəsində görkəmli alim, “Şöhrət” ordenli, Əməkdar elm xadimi, AMEA prezidentinin müşaviri, akademik Nəriman Quliyev ömrünün 88-ci ilində vəfat edib.
Nəriman Ağaqulu oğlu Quliyev 1926-cı ildə Bakı şəhərində anadan olub. O, Azərbaycan Dövlət Universitetinə daxil olub, hələ gənc yaşlarından universitetdə elmi fəaliyyətə qoşularaq, bütün həyatını elmi yaradıcılığa həsr edib. N.Quliyev 1992-2003-cü illərdə Birləşmiş Nüvə Tədqiqatları İnstitutunda Azərbaycan hökumətinin səlahiyyətli nümayəndəsi olub. O, akademiyada 50 ilə yaxın Birləşmiş Nüvə Tədqiqatları İnstitutu (Dubna ş.) ilə birgə elmi-tədqiqat işləri aparıb.
Akademik uzun illər ərzində respublikada elmin inkişafına mühüm töhfələr verib və akademiyanın aparıcı institutlarından olan Fizika İnstitutunun elmi işlər üzrə direktor müavini vəzifəsində işləyib. 25 ildən artıq AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən alim bu illər ərzində respublikada elmi potensialın qorunub saxlanılması, Elmlər Akademiyasının fəaliyyətinin təkmilləşdirilməsi və yeni tələblərə uyğun islahatların aparılması proseslərinin bütün mərhələlərində fəal iştirak edib və bu sahədə qəbul edilmiş qərarlarda yüksək peşəkarlığı ilə fərqlənib. Onun əvəzsiz xidmətləri dövlət və elmi ictimaiyyət tərəfindən yüksək qiymətləndirilib. Alim iki dəfə Qırmızı Əmək Bayrağı ordeni, Azərbaycan Respublikasının “Şöhrət” və “İstiqlal” ordenləri, Türkiyə Fizika Cəmiyyətinin medalı ilə təltif olunub.
Görkəmli alimlə vida mərasimi saat 13:00-da AMEA-nın əsas binasında keçiriləcək.
banner

Oxşar Xəbərlər