• çərşənbə axşamı, 19 mart, 08:49
  • Baku Bakı 8°C

Akademik Milli Dram Teatrının növbəti uğuru – “Sinif yoldaşları”

19.10.18 09:08 3011
Akademik Milli Dram Teatrının növbəti uğuru – “Sinif yoldaşları”
Akademik Milli Dram Teatrında uğurla premyerası keçirilən "Sinif yoldaşları” tamaşası teatrsevərlərin böyük rəğbətini qazanıb. Mədəniyyət Nazirliyinin sifarişi ilə hazırlanan səhnə əsəri melodram janrındadır.
Məşhur rus yazıçı-dramaturqu Yuri Polyakovun eyniadlı pyesi əsasında ərsəyə gələn tamaşanın müəllifi, quruluşçu rejissoru və rəssamı Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru Azər Paşa Nemətov, rejissoru Anar Sadıqov, bəstəkarı xalq artisti Siyavuş Kərimi, rejissor assistenti Ceyran Həsənlidir.
Səhnə əsərində Xalq artistləri Ramiz Novruz (Fyodor Stroçkov), Cəfər Namiq Kamal (Boris Lipovetski), Səidə Quliyeva (Yevgeniya Petrovna), Əməkdar artistlər Sənubər İsgəndərli (Svetlana Poqojeva), Şəlalə Şahvələdqızı (Anna Falikova), Rövşən Kərimduxt (Mixail Tyablov), Füzuli Hüseynov (Viktor Çermetov), aktyorlarMətləb Abdullayev (İvan Kostromitin), İlahə Həsənova (Olqa), Rüstəm Rüstəmov və Vüsal Mustafayev (Mayor), Ziya Ağa (Leytеnant Dmitri), Vüsal Məmmədov (Birinci cangüdən) və Mehman Fətullayev (İkinci cangüdən) çıxış edirlər. "Sinif yoldaşları” tamaşası təkcə ölkəmizin mədəni həyatındakı hadisə deyil, eyni zamanda Rusiya-Azərbaycan teatr əlaqələrində körpü rolunu oynayan növbəti uğurlu addımdır.
Tamaşa haqqında fikirləri təqdim edirik.
Pyesin müəllifi Yuri Polyakov: "Mən çox şadam ki, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Azər Paşa Nemətovun bədii rəhbərliyi və quruluşçu rejissorluğu ilə mənim "Sinif yoldaşları” əsərim əsasında hazırlanan tamaşanın premyerası baş tutdu. Teatrın bədii rəhbər-direktoru Azər Paşa Nemətova və Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdullaya tamaşanın taleyində iştirak etdiklərinə, qonaqpərvərliklərinə görə dərin təşəkkürümü bildirirəm. Azər Paşa Nemətov və onun tələbəsi Anar Sadıqovun mükəmməl rejissor işini, o cümlədən pyesin mətninə qayğıkeş münasibətlərini və müəllif fikrinin dəqiq ifadə edilməsini qeyd etmək istəyirəm. Aktyorların çıxışı məni çox sevindirdi. Mən, demək olar, bu pyes əsasında hazırlanan bütün tamaşaları görmüşəm. Akademik Milli Dram Teatrının tamaşası ən yaxşılarından idi. Tamaşaya uzunmüddətli və uğurlu səhnə həyatını arzu edirəm”.
Yazıçı-dramaturq, Əməkdar incəsənət xadimi Əli Əmirli: "Yuri Polyakovun "Sinif yoldaşları" pyesi aktual mövzusu, iti süjet xətti, kəskin konflikti, koloritli xarakterləri ilə elə ilk dəqiqədən "qarmaqlarını" tamaşaçının yaxasına ilişdirib diqqətini özünə çəkir. Ədəbi materialın məhz bu keyfiyyətlərindən istifadə edərək Azər Paşa Nemətov insan və cəmiyyət haqqında yüksək dramatizmə və dinamikaya malik çevik bir tamaşa təqdim edir. İlk baxışda adi görünən səhnə tərtibatı, qayğısız, hətta məqsədsiz görünən aktyor oyunu, iddiasız musiqi müşayiəti sanki tamaşaçını personajlarla birlikdə şən bir məclisə, bayrama hazırlayır. Əslində isə, səhnə fırtınadan qabaqkı sükutu xatırladır. Tamaşaçı bunu fəhmlə hiss edir, başa düşür, bir azdan nələrinsə baş verəcəyini həyəcanla gözləyir. Əsas hadisə isə adi, gündəlik bekara söhbətlərin fonunda yavaş-yavaş sürət yığır: köhnə "odnoklasniki" - sinif yoldaşları iyirmi ildən sonra Əfqan müharibəsi əlili İvan Kostromitinin 40 yaşını qeyd etməyə yığışırlar. Səhnəyə bir-bir gələn bu insanlar özləri ilə öz talelərini də gətirirlər. Əyyaş şair, varlı ər sorağında qocalan gözəllik "kraliçası", vətənsiz qalmış jurnalist, dini alverə çevirmiş içki düşkünü ruhani ata, yeni iqtisadi münasibətlərin qurbanı olan zavallı müəllimə, bir də mer olmaq həvəsinə düşmüş oliqarx Viktor Çermetov. Bu adamlar yenidən iyirmi ilin o tayında qalmış məktəb illərinə qayıtmaq, keçmiş xoşbəxt zamanı, bir növ, birgə yaşamaq, xatırlamaq istəyindədirlər. Ancaq hadisələrin gedişi göstərir ki, bu xam xəyaldır, həyatın çətin və sərt üzü onları tamam dəyişib, müqəddəs gənclik idealları çoxdan unudulub, indi müqəddəs olan bir şey varsa, o da PULdur. Ayrıldıqları iyirmi ildə onların hər biri insan üçün çox vacib olan nəyisə itiriblər. Tamaşa bax elə bu "itki" üzərində qurulub. Azər Paşa Nemətov dramaturqla bir yerdə təsdiq edir ki, həyatın necə alınmasından, taleyin necə gətirməsindən asılı olmayaraq, gənclik ideallarını qorumaq, yaşatmaq gərəkdir, bir az da açıq desək, adam olmaq lazımdır.
Tamaşanın aktyor ansamblını xüsusi qeyd etmək istəyirəm. Rejissor rolları zərgər dəqiqliyi ilə bölüb, çoxdan tanıdığımız aktyorların bizə məlum olmayan gizli imkanlarını üzə çıxarıb. Hər kəs öz rolunu əla oynayır. Hətta bu tamaşada kimin daha yaxşı oynadığını demək də çətindir. Odur ki, bütün heyətin adını çəkməli olacam: Sənubər İsgəndərli, Şəlalə Şahvələdqızı, Rövşən Kərimduxt, Ramiz Novruz, Cəfər Namiq Kamal, Fizuli Hüseynov, Mətləb Abdullayev, Səidə Quliyeva, İlahə Həsənova, Vüsal Mustafayev, sözsüz rolların ifaçıları Ziya Ağa (plastika!), Vüsal Məmmədov, Mehman Fətullayev. Bununla belə çoxdan səhnədə görmədiyimiz və ya az-az gördüyümüz füsunkar Sənubər İsgəndərlini, xarizmatik Fizuli Hüseynovu, qrotesk rollarda daha yaxşı görünən Rövşən Kərimduxtu və tam yeni ampluada parlaq oyun göstərən Ramiz Novruzu izləməkdən böyük zövq aldım.
"Sinif yoldaşları"nı həm bədii cəhətdən, həm də ictimai cəhətdən çox aktual bir tamaşa kimi qəbul edirəm. Bu tamaşa Akademik Milli Dram Teatrının, quruluşçu rejissor kimi şəxsən Azər Paşa Nemətovun və rejissor Anar Sadıqovun növbəti uğuru, yaradıcılıq qələbəsidir. Hər tamaşadan sonra zalı titrədən tamaşaçı alqışları mənim fikrimi təsdiq edir”.
Sənətşünaslıq üzrə fəlsəfə doktoru, teatrşünas Vidadi Qafarov: "Yuri Polyakovun eyniadlı pyesi əsasında hazırlanan "Sinif yoldaşları” tamaşası, fikrimcə, son illərdə Akademik Milli Dram Teatrında səhnəyə qoyulmuş ən uğurlu tamaşalardan biridir. Tamaşanın başlıca uğuru ondadır ki, müəlliflər əsərin ideyasının – müasir insanda, cəmiyyətdə baş verən mənəvi aşınma problemini qabartmaq ideyasının dəqiq səhnə həllini tapıblar. Bu mənada, rejissor yozumu, demək olar ki, bütün parametrləri ilə özünü doğruldur. Tamaşanın səhnəqrafiyası, plastik həlli, aktyor oyunu, musiqisi ideya ətrafında bir vəhdət təşkil edir. Hadisələrin daim yüksələn xətlə dinamik inkişafı, süjetin peripetiyalarla zənginliyi və aktyor heyətinin adekvat oyunu tamaşaçıları hər zaman maraq dairəsində saxlayır. Bu baxımdan, ansambl oyunu tamaşanın ən uğurlu cəhətlərindən biridir. Lakin eyni zamanda, mən aktyorlardan Füzuli Hüseynov (Viktor Çermetov), Sənubər İsgəndərli (Svetlana Poqojeva), Rövşən Kərimduxt (Mixail Tyablov) və İlahə Həsənovanın (Olqa) oyununu xüsusu qeyd etmək istərdim. Onlar canlandırdıqları obrazların daxili aləminə daha dərindən varır, qəhrəmanlarının süjet boyu inkişaf xəttini daim izləyir və dəqiq cizgilərlə xarakterlərini yaradırlar.
Sonuncu fikrim tamaşanın janr təyini ilə bağlıdır. Düşünürəm ki, səhnə əsərinin janrının melodram kimi təyini mübahisə doğurur. Çünki əsərdə melodramatik üçbucaq yoxdur, daha doğrusu, üçüncü tərəf – (tamaşa boyu bir sözü belə olmayan, iflic həyatı yaşayan İvan Kostromitin - aktyor Mətləb Abdullayev) - passiv və assosiativdir. Bu səbəbdən, tamaşanın janrı melodram deyil, psixoloji dram adlandırılsa idi, daha dəqiq olardı”.
Jurnalist Ramilə Qurbanlı: "Əvvəlcə ürəyimcə olan məqamlardan danışım. Zalın dolu olması, xüsusən, ölkədə mədəniyyətin vəziyyətinə cavabdeh şəxslərin tamaşanı sona qədər izləmələri ürəyimi açdı. Müəllifin – Yuri Polyakovun tamaşaçılar arasında olması da təqdirəlayiqdir, çünki xüsusi canlanma verdi prosesə. Tamaşaçılarımız da beş il əvvəlkinə nisbətdə xeyli irəli gediblər, telefon, "votsap” yazışmalarının səsi gəlmirdi, hamı tamaşanı izləyirdi.
Başlanğıcda düzünü deyim ki, Sənubər İsgəndərovanın gözəlliyinə tamaşa edirdim və tamaşa haqqında "bunun bu günlə nə əlaqəsi var? Niyə məhz rus müəllifi, məhz bu əsər?” və sair bu kimi suallar dolaşırdı başımda, sonra necə hadisələrin içinə varmışamsa, bir də gördüm birinci hissə başa çatdı. Sonda bilmişəm ki, tamaşa, əslində, qısa deyil. İkinci hissə birincidən də ritmli oldu və tamaşaçı darıxmadı, ən əsas amil indiki vaxtda budur. Bütün o hadisələr, insanlar arasında münasibətlərdən tutmuş, şəxsiyyət aşılanmalarına qədər ətrafımızda, bəlkə də, özümüzdə baş verənlərdir. Tanış hadisələr, ağrılardır.
Xalq artisti Ramiz Novruz (Fyodor Stroçkov) fərqli obrazda çıxdı qarşımıza, yəni əvvəlki obrazlarını təkrarlamadan, yeni ampluada. Nəzərə alsaq ki, Xalq artistləri yalnız baş rolları, həm də şıx geyimli "bəyzadələr” oynamağa daha həvəslidir, Ramiz Novruzun sənət baxımından bu seçimi çox maraqlı və təqdirəlayiqdir.
Şəlalə Şahvələdqızı (Anna Falikova) gözəl obraz yaratdı. Sənubər İsgəndərli (Svetlana Poqojeva) riskli aktirasaymış. Bunu anlatdı bu obrazı ilə. Maşallah, həmişəki kimi formada və oynadığı obraza, özünə sadiq.
Füzuli Hüseynov (Viktor Çermetov) nə qədər bacardı nifrət qazandı. Onun prototipini döymək istəyən adamlar yaxşı ki, aktyora qarşı yönəlmədilər.
Sağ olsun yaradıcı qrup, Azər Paşa Nemətova xüsusi təşəkkür ki, zövqümüzü yenilədi, zövqümüzü oxşadı”.
Yazıçı-tərcüməçi Günel Eminli: "Sevdiyim yazıçı Yuri Polyakovun "Süddə çəpiş” romanını oxumuşdum. "Sinif yoldaşları” tamaşasından sonra onu bir dramaturq kimi də kəşf etdim. Məşhur rus filmində deyilən "həyat 40 yaşında başlayır” kəlməsi burda "40 yaş yaşadıqlarının haqq-hesabını çürütmək vaxtıdır” devizi ilə əvəzlənir. Tamaşada ziddiyyətli insan münasibətləri, müharibənin fəsadları, təbəqələşmə, insanların bu və ya digər təzyiqlər və basqılar altında əzilməsi qabardılıb. Rejissor işi, aktyorların məharətli ifası, səhnə dekorasiyaları, musiqi tərtibatı zövqlə işlənib. Belə tamaşalar teatrsevərlər üçün əsl bayramdır”.
Əsərin tərcüməçisi, yazıçı Etimad Başkeçid: "Müəllifin hər yola baş vurub, orijinallığa meyl etməsi, oxucunu və tamaşaçını heyrətə salmağa çalışması, ucuz epotaj, adi montaj əməliyyatını yüksək sənət əsəri kimi təqdim etməsi – müasir ədəbi prosesin ən səciyyəvi tərəflərindən biri də budur. Nəticə etibarilə böyük bir epiqonçu ordusu yetişib ki, əsərləri heç bir bədii informasiya yükü daşımır. Bu, bizdə də belədir, Rusiyada da. Yuri Polyakov tamamilə fərqli sənətkardır. Onun haqqında çox yazılır və danışılır, amma mənə elə gəlir ki, o, populyarlaşmaq və gözə girmək texnologiyalarının heç birindən istifadə eləmir, belə deyək, bunu "bacarmır”. Polyakov tamamilə başqa estetikanın adamıdır – onun əsərlərini hansısa "izm”ə sığışdırmaq, hansısa trend və ya meynstrim kateqoriyaları ilə təsnifləndirmək mümkün deyil. Bunu "mümkün” eləyən ədəbiyyatşünaslar və tənqidçilər var, amma bu, onların öz yaradıcılığıdır.
Bütün bunlar bir tərəfə, tərcüməçi üçün vacib olan tərcümə etdiyi əsərin nə dərəcədə istedadla yazılıb-yazılmamasıdır. Ona görə ki, düzdür, tərcüməçi qonorarla işləyir, amma hər halda, ürəyindən keçir ki, yaxşı əsər tərcümə eləsin.
Yuri Polyakov müasir rus ədəbiyyatının ən yaxşı yazıçılarındandır və "Sinif yoldaşları” pyesi onun ən yaxşı əsərlərindəndir. Əsəri uğurla səhnələşdirdiyinə görə Akademik Milli Dram Teatrının kolletivini səmimi-qəlbdən təbrik edirəm. Bu uğurda mənim də payım olduğuna görə isə qürurluyam”.
Hazırladı: Cavid Zeynallı
banner

Oxşar Xəbərlər