• cümə, 19 Aprel, 09:42
  • Baku Bakı 13°C

Akademik Milli Dram Teatrında “MƏQAM”

03.05.14 13:39 2111
Akademik Milli Dram Teatrında “MƏQAM”
30 aprel, 1 may tarixlərində saat 17.00-da Akademik Milli Dram Teatrının kiçik səhnəsində “Məqam” adlı yeni tamaşanın premyerası keçiriləcək. Gürcü müəllifi Gela Dumbadzenin “Gecə qonağı” əsəri əsasında hazırlanmış tamaşanın quruluşçu rejissoru Gümrah Ömər, rejissoru Aysel Əmiraslanova, quruluşçu rəssamı Samirə Həsənova, rejissor assistenti Ceyran Həsənlidir. Janrı “əcəl oyunu” kimi müəyyənləşdirilmiş tamaşada Əməkdar artist Vidadi Həsənov, aktyorlar Amid Qasımov və Könül Cəfərzadə çıxış edirlər.
Gürcüstanın Ukraynadakı səfirliyində baş məsləhətçi vəzifəsində çalışan Gela Dumbadze Gürcüstanda ilk qeyri-dövlət təşkilatlarından olan “Abidələrin qorunması üzrə gənclər birliyi”nin banisi, Gürcüstanın, Almaniyanın, Litva ədəbiyyat müsabiqələrinin laureatı, “Sarı trolleybus”, “Mən qaçanam” adlı novellalar toplusunun, “Gecə qonağı”, “Məktəb” pyeslərinin müəllifidir. Müxtəlif dövrlərdə əsərləri Litvanın, Rusiyanın və ölkəmizin dövri mətbuat orqanlarında dərc olunub. Təsviri sənət sahəsində də uğurla çalışan müəllifin əsərləri Tbilisinin ən məşhur qalereyalarından olan Artqalereyada saxlanılır. “Kiyev. Mistik pəncərələr” adlı silsilə rəsmləri var.
Müəllifin “Gecə qonağı” əsəri dramaturji yükü və qeyri-adi hadisələr düzümü ilə fərqlənir. G.Dumbadzenin “Gecə qonağı” əsəri əsasında hazırlanan tamaşa “Məqam” adı ilə tamaşaçılara təqdim olunur.
Dövlət müşaviri vəzifəsinə, bu yolda ona məhrəm və sadiq olan insanları qurban verib yüksələn istedadlı və bacarıqlı şəxs, karyerasının sonunda tək-tənha qaldığını, kimsəsiz və yararsız olduğunu anlayıb intihar etmək qərarına gəlir. Məhz intihara cəhdlər etdiyi məqamda itirdiyi mənəvi-ruhsal dəyərləri özü üçün yenidən kəşf edib, ilahi və mənəvi dəyərlərin aliliyinin fərdin sosial həyatında olduqca gərəkli olduğunu dərk edir. Tamaşanın qəhrəmanı itirdiyi mənəvi əxlaqi-dəyərləri bərpa edib varlığını mənalandırır. İntihar etmiş olsa belə, aciz, günahkar bir insandan, çox incə və uzun bir yol keçmiş mənəvi ustada qədər ucala bilir.
Tamaşanın əsas mövzusu intihardır. İnsan zaman-zaman xislətindəki naqisliklərdən doğan bəlalardan, vərdişlərdən qurtulmaq üçün öz bəşəri təbiəti ilə ciddi və amansız mübarizə aparmalı olur. Məhz həmin naqisliklərdən qurtulmaq yolunda insanın apardığı ölüm-dirim mübarizəsi yolunda intihar istisna olunmur. Belə ki, şəxsin daxili və mənəvi-psixoloji iqtidarsızlığı və refleksiya prosesi bəzən bunu labüdləşdirir. Odur ki, içimizdə olan naqislikləri islah etmədən, yenisini yarada bilmərik. Rejissor tamaşada insanın özü-özü ilə əbədi və əzəli mübarizəsini qabartmağa çalışıb. İnsanın mənəviyyatı ilə şəxsiyyəti arasındakı mübarizə əslində insanı kamilliyə aparan başlıca yollardan biridir.
75 dəqiqə davam edən tamaşa kəskin temporitmi ilə seyrçini darıxmağa qoymur. Səhnədə tamaşaçının gözü önündə keçmiş dövlət müşavirinin əcəl oyunu yaşanır. Ölümün bir addımlığında olan qəhrəman həqiqətə bir az da yaxınlaşır. Ölümü gözləmək ölümün özündən daha dəhşətlidir. Siz də Vidadi Həsənovun – Müşavirin əcəl oyununa şahid olmaq istəyirsinizsə, yolunuzu Füzuli meydanından salın.
Altay Vaqif
banner

Oxşar Xəbərlər