• şənbə, 20 Aprel, 16:50
  • Baku Bakı 23°C

Akademik Milli Dram Teatrı tamaşaçılara nə vəd edir?

16.09.15 11:44 1409
Akademik Milli Dram Teatrı tamaşaçılara  nə vəd edir?
Teatrın mətbuat xidmətindən aldığımız məlumata görə, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı 143-cü teatr mövsümünü 18 sentyabr tarixində İ.Əfəndiyevin “Hökmdar və qızı” pyesi əsasında, Xalq artisti Mərahim Fərzəlibəyovun quruluşunda hazırlanmış “Qarabağnamə” tamaşası ilə açacaq. Yeni mövsümdə bir sıra yeni tamaşaların hazırlanması, eləcə də teatrın beynəlxalq festivallarda, xarici qastrol səfərlərində iştirakı gözlənilir.
19-26 noyabr tarixlərində Belarusiyanın paytaxtı Minsk şəhərində Gənclərin II Beynəlxalq Teatr Forumu keçiriləcək. Beynəlxalq Teatr Xadimləri İttifaqları Konfederasiyasının və A.P.Çexov festivalının təşkilatçılığı ilə iki ildən bir keçirilən teatr forumu olduqca əhəmiyyətli və əlamətdar sənət hadisəsidir.
Keçmiş MDB məkanına daxil olan ölkələrdən, Baltikyanı ölklərdən və Gürcüstandan teatr kollektivlərinin iştirak edəcəyi Forumda Azərbaycan böyük bir nümayəndə heyəti ilə təmsil olunacaq.
Teatrdan aldığımız məlumata görə, Forumda Akademik Milli Dram Teatrı “İlahi oyun” tamaşası ilə çıxış iştirak edəcək. “İlahi oyun” tamaşası Forumun ekspert komissiyası tərəfindən seçilərək təsdiq olunub. Gənc rejissor Mikayıl Mikayılovun “Kitabi Dədə Qorqud” eposunun “Dirsə xan oğlu Buğac” boyu əsasında hazırlanan tamaşada Əməkdar artistlər Vidadi Həsənov, Pərviz Məmmədrzayev, aktyorlar Nigar Güləhmədova və Novruz Novruzlu çıxış edirlər. Forum məhz Akademik Milli Dram Teatrının tamaşası ilə açılacaq.
Gənclərin Teatr Forumu yalnız tamaşaların nümayişi ilə məhdudlaşmır. Belə ki, Forum çərçivəsində 13 ölkədən gəlmiş gənc teatrşünaslar, dramaturqlar, rəssamlar və rejissorların iştirakı ilə dəyirmi masalar, ustad dərsləri, seminarlar keçiriləcək.
Həmçinin teatrın mətbuat xidməti bildirdi ki, cari mövsümdə ötən mövsümlərdə başlanmış “Məktəb və teatr” layihəsi də davam etdiriləcək. Ötən illər ərzində Akademik Milli Dram Teatrı Təhsil Nazirliyi ilə birgə çox gözəl, səmərəli bir layihəyə başlayıb. “Məktəb və teatr” layihəsi çərçivəsində Bakıda fəaliyyət göstərən 130-a yaxın məktəbin rəhbərləri ilə görüş keçirilib, teatr-məktəb münasibətlərinin daha sıx qurulması, məktəblilərin mənəvi tərbiyəsində teatr sənətinin rolunun artırılması üçün görülə biləcək müştərək işlər müzakirə olunub, Akademik Milli Dram Teatrın təşəbbüsü ilə müxtəlif məktəblərdə teatrın aparıcı simalarının iştirakı ilə silsilə görüşlər keçirilib. “Məktəb və teatr” layihəsi məktəblilərin teatra cəlb olunmasını, məktəblərdə teatr sənətinin təbliğini, həmçinin məktəblərdə dram, qiraət dərnəklərinin təşklini nəzərdə tutur. Qarşıdan gələn teatr mövsümündə bu uğurlu layihə davam etdiriləcək.
banner

Oxşar Xəbərlər