Akademik İsa Həbibbəylinin elmi və ictimai fəaliyyətinin əsasında azərbaycançılıq məfkurəsi dayanır

Akademik İsa Həbibbəylinin elmi və ictimai fəaliyyətinin əsasında azərbaycançılıq məfkurəsi dayanır

Cəmiyyət
16 Oktyabr 2019, 11:45 91
XX əsrin əvvəllərində Azərbaycan romantik lirikası, Cəlil Məmmədquluzadə, "Molla Nəsrəddin” ədəbi məktəbi, Azərbaycan ədəbiyyatının mərhələ və problemləri haqqında tədqiqatların, eləcə də Heydər Əliyev dövlətçilik təliminə, Naxçıvana aid çoxsaylı kitabların, müxtəlif mövzularda yüzlərlə məqalənin müəllifi olan akademik İsa Həbibbəyli məhsuldar yaradıcılığı və fəaliyyəti ilə elmi-ədəbi məktəb yaradıb. Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, Milli Məclisin Elm və təhsil komitəsinin sədri, akademik İsa Həbibbəylinin elmi, pedaqoji, təşkilati, ictimai fəaliyyəti bir amala söykənir - xalqımıza, dövlətimizə sədaqətlə xidmət etmək, elmimizin inkişafına töhfələr vermək.
AZƏRTAC akademik İsa Həbibbəylinin doğum günündə onun həyat və fəaliyyətinin bəzi məqamlarına nəzər salır.
İsa Əkbər oğlu Həbibbəyli 1949-cu ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Danzik kəndində anadan olub. Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Naxçıvan filialının Dil-ədəbiyyat fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1980-ci ildə "XX əsrin əvvəlləri Azərbaycan romantik lirikası” mövzusunda namizədlik, 1996-cı ildə "Cəlil Məmmədquluzadə: mühiti və müasirləri” mövzusunda doktorluq dissertasiyalarını müdafiə edib.
Müxtəlif problemlərə həsr olunmuş 12 monoqrafiyanın, 2000-dən çox elmi məqalənin, çoxsaylı tədqiqatların müəllifi, eləcə də bir sıra kitabların redaktoru və elmi məsləhətçisi olan alimin əsərləri ABŞ, Çin, Rusiya, Almaniya, Fransa, Türkiyə, Polşa, Macarıstan, Bolqarıstan, İran, İraq, Ukrayna, Monqolustan, Qazaxıstan, Özbəkistan, Koreya Respublikası, Litva, Gürcüstan, Türkmənistan və başqa ölkələrdə nəşr edilib.
İsa Həbibbəylinin fəaliyyətinin bir hissəsi Naxçıvan Dövlət Universiteti ilə bağlıdır. Bu təhsil ocağının ölkəmizdə və dünyada tanınmasında onun böyük zəhməti var. İyirmi ilə yaxın Naxçıvan Dövlət Universitetinin rektoru işləyən İsa Həbibbəyli istedadlı tələbələrə hər zaman mənəvi dəstək olub, onların sevimlisinə çevrilib.
2013-cü ildə Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti seçilən alim elə həmin ildən Nizami adına Ədəbiyyat İnstitutunun direktoru vəzifəsində çalışır. Onun rəhbərliyi ilə institut bu gün Azərbaycanda humanitar sahədə aparıcı elmi-tədqiqat mərkəzinə çevrilib.
Akademik İsa Həbibbəylinin çoxillik elmi tədqiqatları ədəbiyyatşünaslığın bütün əsas istiqamətlərini əhatə edir. Onun "Azərbaycan ədəbiyyatı: dövrləşdirmə konsepsiyası və inkişaf mərhələləri” monoqrafiyası təkcə ədəbiyyatşünaslıq üçün deyil, eyni zamanda, humanitar və ictimai elmlərin başqa sahələri üçün də yararlı olub, bu elmlərin daha konseptual şəkildə öyrənilməsinə mühüm zəmin yaradır. Alimin ədəbi cərəyanlar haqqında tədqiqatları bu sahənin yenidən öyrənilməsinə mühüm elmi töhfədir. O, həmçinin satiranın ədəbi növlərdən biri olduğunu nəzəri cəhətdən əsaslandırıb və onun janrlarını müəyyənləşdirib.
İsa Həbibbəyli görkəmli Azərbaycan yazıçısı Cəlil Məmmədquluzadənin həyatı, yaradıcılığı, müasirlərinin və mollanəsrəddinçi ədəbiyyatın əsas tədqiqatçılarından biri hesab olunur. "Cəlil Məmmədquluzadə: mühiti və müasirləri” monoqrafiyası ədəbiyyatşünaslıqda sanballı tədqiqat əsəridir. O, Cəlil Məmmədquluzadənin naməlum dram əsərlərini, felyetonlarını, məqalələrini, şeirlərini və məktublarını ilk dəfə üzə çıxararaq çap etdirib. Cəlil Məmmədquluzadənin nəsil şəcərəsini dərindən araşdıran İsa Həbibbəyli yazıçının Fransa, Polşa və İranda yaşayıb-yaradan nəslinin davamçılarını axtarıb tapıb, onlarla əlaqələr qurub.
Alim, həmçinin Nizami Gəncəvi, Şəms Təbrizi, İmadəddin Nəsimi, Məhəmməd Füzuli, Saib Təbrizi, Molla Pənah Vaqif, Mirzə Fətəli Axundzadə, Məhəmməd Tağı Sidqi, Nəriman Nərimanov, Hüseyn Cavid, Firudin bəy Köçərli, Səməd Vurğun, Məhəmmədhüseyn Şəhriyar, Bəxtiyar Vahabzadə, Məmməd Araz və başqaları haqqında maraqlı tədqiqatları ilə tanınır.
Akademik İsa Həbibbəylinin elmi yaradıcılığının və ictimai fəaliyyətinin əsasında azərbaycançılıq və milli dövlətçilik məfkurəsi dayanır. "Heydər Əliyev və Naxçıvan Dövlət Universiteti”, "Heydər Əliyev dövlətçilik təlimi və müasir dövr”, "Ədəbiyyatda Heydər Əliyev obrazı: tarixi gerçəklikdən ideala” kitabları onu elmi-ədəbi mühitdə Heydər Əliyev məktəbi ideallarının ləyaqətli davamçılarından biri kimi səciyyələndirir.
Azərbaycançılıq ruhunu İsa Həbibbəylinin hələ gənc yaşlarından başladığı poetik yaradıcılığında da görmək mümkündür.
Alimin çoxşaxəli yaradıcılığında Naxçıvan mövzusu özünəməxsus yer tutur. "Əsrin dörddə biri”, "Araz üstə Universitet”, "Mustafa Kamal Atatürk və Naxçıvan”, "İntibahın 15 ili” və digər kitablarında, eləcə də irihəcmli "Nuhçıxandan Naxçıvana”, "Naxçıvan xalçaçılığı: ənənə və müasirlik”, "Duzdağ mozaikası” monoqrafik araşdırmaları nəticəsində çağdaş dövrün hərtərəfli "Naxçıvannamə” epopeyası yaranıb.
İsa Həbibbəyli həm də çox istedadlı natiqdir. Müxtəlif tədbirlərdə dövlətimizin siyasətini, elmimizin uğurlarını yorulmadan təbliğ etməsi bunu bir daha təsdiqləyir. O, Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyevin bugünkü uğurlu dövlət siyasətini xarici ölkələrdə də geniş təbliğ və təşviq edir. Onun fikrincə, bu missiya hər bir ziyalının mənəvi borcudur.
Akademik İsa Həbibbəylinin əməyi dövlətimiz tərəfindən həmişə yüksək qiymətləndirilib. O, "Əməkdar elm xadimi” fəxri adına, "Şöhrət”, "Şərəf”, 1-ci dərəcəli "Vətənə xidmətə görə” ordenlərinə layiq görülüb.

AZƏRTAC