• cümə, 29 Mart, 12:28
  • Baku Bakı 14°C

Akademik İsa Həbibbəyli: Firəngiz Əlizadə Azərbaycan musiqisini yeni janrlarla zənginləşdirib

19.10.17 17:15 4269
Akademik İsa Həbibbəyli: Firəngiz Əlizadə Azərbaycan musiqisini yeni janrlarla zənginləşdirib
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) görkəmli bəstəkar, Əməkdar İncəsənət Xadimi, Bəstəkarlar İttifaqının sədri, Xalq Artisti, AMEA-nın müxbir üzvü, "Şöhrət” və "Şərəf” ordenli Firəngiz Əlizadənin 70 illik yubileyinə həsr olunan "Yaradıcılıq zirvələri” mövzusunda tədbir keçirilib.
AZƏRTACxəbər verir ki, AMEA-nın Alimlər Evinin, Humanitar Elmlər və İctimai Elmlər bölmələrinin birgə dəstəyi ilə təşkil olunan tədbirdə Milli Məclisin deputatları, tanınmış elm və mədəniyyət xadimləri, ictimaiyyətin nümayəndələri iştirak ediblər.
AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli müxtəlif janrlarda dəyərli əsərlərin müəllifi olan sənətkarın zəngin yaradıcılığından söz açıb. Bildirilib ki, geniş yaradıcılıq diapazonuna malik olan F.Əlizadə öz istedadını musiqimizin müxtəlif janrlarında sınayaraq opera, balet, instrumental, vokal, simfonik, xor və kamera əsərləri yaradıb. Müasirlik və milli musiqi ənənələrinin parlaq təcəssümü F.Əlizadə yaradıcılığına xas olan cəhətdir. O, Azərbaycan musiqisini yeni janrlarla zənginləşdirib. Onun simli kvartet, zərb alətləri və sintezator üçün bəstələdiyi "Muğamsayağı” əsəri musiqimizə yeni çalarlar gətirib.
Diqqətə çatdırılıb ki, görkəmli bəstəkar əsərləri ilə milli mədəniyyətimizi Azərbaycanın hüdudlarından çox-çox uzaqlarda uğurla təbliğ edir. Azərbaycan musiqisinin inkişafına böyük töhfələr verən və ölkəmizi dünyada tanıdan F.Əlizadə bir sıra nüfuzlu mükafatların laureatı, musiqişünaslıq sahəsində çoxlu məqalələrin müəllifidir. O, istedadlı musiqiçilərin bir neçə nəslini yetişdirən gözəl müəllimdir.
AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademik Yaqub Mahmudov bildirib ki, Azərbaycan musiqi mədəniyyətinin inkişafında böyük xidmətləri olan F.Əlizadə xarici ölkələrdə, beynəlxalq festivallarda, nüfuzlu musiqi salonlarında ölkəmizi uğurla təmsil edir. O, həmçinin "Muğam aləmi” və "İpək Yolu” beynəlxalq musiqi festivallarının bədii rəhbəri kimi mühüm musiqi layihələrinin reallaşmasında öz töhfəsini verir.
Alimlər Evinin direktoru Nuridə Quliyeva görkəmli bəstəkarın pedaqoji fəaliyyəti, musiqi elminin inkişafındakı xidmətləri və mədəniyyətimizin təbliği ilə bağlı gördüyü işlərdən söz açıb.
Tədbirdə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru Həcər Babayevanın "Müasir musiqi kontekstində Firəngiz Əlizadə yaradıcılığı”, professor Cəmilə Həsənovanın "Firəngiz Əlizadə beynəlxalq festivalların və konsert layihələrinin bədii rəhbəri kimi”, sənətşünaslıq üzrə fəlsəfə doktoru Kamilə Dadaşzadənin "Firəngiz Əlizadənin yaradıcılığında etnospesfik konseptlərin təzahürünə dair ("Muğamsayağı” əsəri əsasında)” mövzusunda məruzələri dinlənilib. Məruzələrdə bəstəkarın musiqi yaradıcılığının əsas istiqamətləri, bədii məzmun və musiqi dilinin bir-biri ilə vəhdət təşkil etdiyi operaları haqqında danışılıb.
banner

Oxşar Xəbərlər