• cümə axşamı, 25 aprel, 10:56
  • Baku Bakı 14°C

Akademik Abel Məhərrəmov: BDU AXC-nin yadigarıdır

21.05.18 13:30 934
Akademik Abel Məhərrəmov: BDU AXC-nin yadigarıdır
Mayın 21-də Bakı Dövlət Universitetinin (BDU) və Qafqaz Müsəlmanlar İdarəsinin (QMİ) birgə təşkilatçılığı ilə "Azərbaycan Cümhuriyyəti - 100: Müsəlman Şərqində ilk parlamentli respublika” mövzusunda beynəlxalq elmi konfrans öz işinə başlayıb.
AZƏRTACxəbər verir ki, BDU-da təşkil olunan tədbir Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasının100 illiyinə həsr olunub. Üç gün davam edəcək konfransa Türkiyə, Gürcüstan, ABŞ, Moldova, Rusiya, Küveyt, Polşa, Qazaxıstan, Özbəkistan və digər ölkələrdən otuzadək alim qatılıb. Tədbirin açılış mərasimində dövlət və hökumət rəsmiləri, Azərbaycanın elm və təhsil ictimaiyyətinin nümayəndələri, Milli Məclisin deputatları iştirak edirlər.
Tədbirdə BDU-nun rektoru, akademik Abel Məhərrəmov ümummilli lider Heydər Əliyevin AXC-nin fəaliyyətinə yüksək qiymət verdiyini, həmin dövrün dövlətçilik tariximizin parlaq səhifələrindən olduğunu söyləyib.
Prezident İlham Əliyevin "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi haqqında” Sərəncamını xatırladan rektor 2018-ci ilin ölkəmizdə "Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsini xalqımızın həyatında misilsiz hadisə kimi dəyərləndirib. Vurğulanıb ki, bu, müsəlman Şərqində ilk parlamentli respublika olan AXC-yə verilən tarixi qiymətdir. Xalqımız 1991-ci ildə öz dövlət müstəqilliyini bərpa etdikdən sonra Cümhuriyyətin ideallarını davam etdirərək bu tarixi varislik üzərində yeni müasir müstəqil Azərbaycan dövlətini yaradıb. Cümhuriyyətin gördüyü mühüm işlərdən biri də 1919-cu ildə BDU-nun təsis edilməsidir. Belə ki, həmin dövrdə yaradılmış, ölkənin ilk ali məktəbi olan bu universitet məhz AXC–nin yadigarıdır.
QMİ-nin sədri hacı Allahşükür Paşazadə və digər çıxış edənlər bildiriblər ki, 1918-ci il mayın 28-də qurulmuş və cəmi 23 ay yaşamış AXC zəngin dövlət quruculuğu təcrübəsi ilə milli dövlətçilik tarixində silinməz izlər qoyub, xalqın qəlbində azadlıq və istiqlal duyğularını gücləndirməklə respublikanın gələcək müstəqilliyi üçün etibarlı zəmin hazırlayıb. AXC tarixi əhəmiyyət daşıyan və bu gün xalqımızın taleyinə ciddi təsir göstərə biləcək qanun və qərarlar qəbul edib. Azərbaycan xalqı müsəlman xalqlarına müstəmləkəçilikdən xilas olmağın yolunu göstərib, onlar üçün nümunə olaraq Avropanın bir çox ölkələrindən xeyli əvvəl qadınlara seçib-seçilmək hüququ verməklə bütün dünya demokratiyasına böyük töhfə verib.
banner

Oxşar Xəbərlər