AZE | RUS | ENG |


ÜAK-ın qeydiyyatının ləğvinə etirazlar davam edir

ÜAK-ın qeydiyyatının ləğvinə etirazlar davam edir
Rusiya bu qərarı qəbul etməklə dost ölkəyə uyğun olmayan addım atıb

Bir neçə gün öncə Rusiya Federasiyası Ali Məhkəməsi bu ölkənin Ədliyyə Nazirliyinin iddiasını təmin edərək, Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) qeydiyyatının ləğv olunması barədə qərar verib. Bu qərar Azərbaycan dövləti və ictimaiyyəti tərəfindən birmənalı qarşılanmayıb. Mahiyyət etibarı ilə hüquqi qərardan daha çox siyasi anlam daşıyan bu addıma haqlı olaraq etirazlar səslənməkdədir. Çünki uzun müddətli fəaliyyəti dövründə ÜAK Rusiya-Azərbaycan dostluğunun möhkəmlənməsində, mədəni əlaqələrin genişlənməsində xüsusi rola malik olub. 
 
"Rusiya dost ölkəyə uyğun olmayan addımlar atır”
 
Mövzu İlə bağlı "Kaspi” qəzetinə açıqlamasında Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadəbildirib ki, ÜAK-ın ləğvi siyasi qərardır: "Eləcə də bu, Azərbaycana təzyiq cəhdidir. Zənnimcə, Rusiya bununla çox böyük səhv edib və dost ölkəyə uyğun olmayan addım atıb. Məsələn, Azərbaycanda onlarla Rusiya qeyri-hökumət təşkilatı var və indiyə qədər onların qeydiyyatının hüquqi əsasları çox ciddi sual doğurur. Buna baxmayaraq, Azərbaycan Rusiyaya müsbət münasibəti olduğuna görə onlarla bağlı heç bir qərar verməyib”.

A.Mollazadə deyib ki, Rusiya bu addımı ilə milli və dini azlıqlara qarşı da haqsızlıq edib: "Bu da təbii olaraq, beynəlxalq təşkilatları mütləq narahat edəcək. Mənə elə gəlir ki, bu qərar ləğv edilməlidir və Ümumrusiya Azərbaycan Konqresinin fəaliyyəti bərpa edilməlidir. Əks təqdirdə verilmiş qərar Rusiyanın özünə böyük zərər gətirəcək”.
 
"Dost ölkədən incimək hüququnu özümüzdə saxlayırıq”
 
Milli məclisin deputatı, hüquqşünas Çingiz Qənizadə deyib ki, Rusiya Federasiyasının Ali Məhkəməsi məsələyə birinci instansiya məhkəməsi səlahiyyətləri çərçivəsində baxıb: "Bu o deməkdir ki, bundan sonra bizim şikayət etmək hüququmuz yaranır. Çünki Ümumrusiya Azərbaycan Konqresi Rusiyanın bütün əyalətlərini əhatə etdiyinə görə onun məsələsinə rayon, şəhər məhkəməsində baxılması mümkün deyil. Yəni təşkilat bütün Rusiyanı əhatə etdiyinə görə Ali Məhkəmədə bu işə inzibati icraat qaydasında baxılıb və Rusiya Ədliyyə Nazirliyinin təqdimatı ilə ləğv qərarı qəbul olunub. Amma bu, son hədd deyil. Qərarı qəbul etdikdən sonra konqres bir ay müddətində apelyasiya şikayəti verməklə təkrar işə baxılması hüququnu özündə saxlayır. Yəqin ki, konqres bu hüququndan istifadə edəcək. Növbəti mərhələyə, yəni apelyasiya qaydasında işə baxılanadək göstərilən qüsurlar aradan qaldırılsa və iddiaçı tərəf - Rusiya Ədliyyə Nazirliyi bununla razılaşsa, məhkəmə birinci instansiya məhkəməsinin qərarını ləğv etməklə kompromis qərar qəbul edə bilər. Qeyd etdiklərim məsələnin hüquqi tərəfidir”. 

Ç.Qənizadənin sözlərinə görə, Rusiya Ədliyyə Nazirliyinin qaldırdığı iddiada bəzi məqamlara diqqət etdikdə görürük ki, bu, heç də hüquqi məsələ deyil: "Şübhəsiz ki, bunun arxasında siyasi məsələ durur. Çünki 31 may 2001-ci il tarixində Rusiya Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınmış bir qurumun sənədlərində hər hansı dəyişiklik edilmədiyi halda, indi çox cılız qüsurlar axtarılıb tapılır. Amma biz bu məsələdən narazı olsaq da, bütün hüquqi prosedurlardan istifadə etmək səlahiyyətlərini özümüzdə saxlayırıq. Biz nə etməliyik? Şikayət edəcəyimiz müddətdə və məhkəmənin təyin olunacağı bir-iki ay ərzində həm Azərbaycanın dövlət strukturları, həm də ictimai qurumları bu məsələnin həlli üçün kompromis yolları axtarıb tapmalıdırlar. Ümid edirəm ki, məsələ öz müsbət həllini tapa bilər və tapacaqdır. Əgər konqresin ləğvi qərarı ikinci instansiya məhkəməsi zamanı da qüvvədə qalsa, onda yəqin ki, Azərbaycan tərəfi buna oxşar bir qurumun yaradılması üzərində çox təcili və operativ iş aparmalıdır”.

Millət vəkili qeyd edib ki, Rusiya və Azərbaycan arasında həm siyasi-iqtisadi, həm də mədəni tərəfdaşlıq əlaqələrinin üst səviyyədə olduğu bir dövrdə belə xırda bir məsələ üstündə münasibətlərin korlanmasına cəhdlər edilməsi başadüşülən deyil: "Düzdür, Azərbaycan dövləti və xalqı qəbul edilən qərardan narazı qalsa da, münasibətlərin korlanmasında maraqlı olmayacaq və bunu etməyəcək. Amma bu qərarın qəbul edilməsində maraqlı olan, eləcə də Rusiyanın müvafiq strukturlarında ermənilərlə işbirliyi quran anti-Azərbaycan qruplaşmaları arzulayırdılar ki, bu qərardan sonra Azərbaycanda müəyyən çağırışlar, bəyanatlar olasun. Təbii ki, biz bunları etməyəcəyik, Azərbaycanda yaşayan rus icmasına əvvəlki kimi hörmət və ehtiramımızı saxlayacağıq. Dini tolerantlıqla bağlı dövlət başçısının göstərdiyi diqqət və qayğı bundan sonra da davam etdiriləcək. Eləcə də rus dilinin tədris edildiyi bağçalara, məktəblərə əvvəlki kimi xoş münasibət olacaq. Amma biz dost ölkədən incimək hüququnu da özümüzdə saxlayırıq. Ümid edirik ki, gələcəkdə bu məsələ daha obyektiv və ədalətli şəkildə həllini tapacaq. Bunla bağlı Rusiya dövlətinin rəhbərliyi də yəqin ki, bir sıra addımlar atmalı və məsələyə müdaxilə etməlidir. Bunun nədən qaynaqlandığını, kimlər tərəfindən edildiyi aydınlaşdırıldıqdan sonra məsələnin obyektiv həllinə dəstək olmalıdır”.  
 
"ÜAK-ın ləğvi ermənilərin təxribatıdır”
 
Milli Məclisin deputatı Rövşən Rzayev Trend-ə bildirib ki, Rusiyada fəaliyyət göstərən Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) qeydiyyatının ləğvi erməni lobbisinin imkanları hesabına həyata keçirilib. Rusiyada Azərbaycanın əleyhinə işləyən bəzi qüvvələrin olduğunu deyən R.Rzayev ÜAK-ın ləğvini də ermənilərin təxribatı sayıb: "Rusiya ATƏT Minsk Qrupunun həmsədr ölkələrindən biridir. Ermənistan belə məsələləri ortaya atmaqla Dağlıq Qarabağ münaqişəsinin həlli prosesini arxa plana salmağa çalışır”.

Rusiya ilə Azərbaycanın müttəfiq ölkə olduğunu xatırladan deputat hesab edir ki, iki ölkə arasında münasibətlər çox müsbət istiqamətdə inkişaf edir. Azərbaycan və Rusiya hazırda da münasibətlərin yüksələn xətt üzrə inkişaf etməsində maraqlıdır. 
 
"Bu, Rusiyadakı soydaşlarımızın birləşmə azadlığı hüququnu məhdudlaşdırmış oldu”
 
"Azərbaycanı sevməyən qüvvələrin təhriki ilə Rusiya Ali Məhkəməsinin Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) qeydiyyatını ləğv etməsi Rusiyada yaşayan soydaşlarımızın birləşmə azadlığı hüququnu da məhdudlaşdırmış oldu”. Bunu isə Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı deyib.

Azərbaycanla Rusiya arasında 25 ildir ki, diplomatik münasibətlər qurulduğunu və yüksələn xətt üzrə inkişaf etdiyini deyən A.Səfixanlı qeyd edib ki, iki ölkə arasında 200-dən artıq müqavilə və saziş imzalanıb: "Eyni zamanda qeyd etmək istərdim ki, Rusiya ilə Azərbaycan arasında müxtəlif sahələr üzrə əməkdaşlıq proqramları qəbul olunub və uğurla icra olunub. Bakıda hər iki ölkə prezidentinin himayəsi altında 2011-ci ildən etibarən mütəmadi olaraq hər il "Bakı Beynəlxalq Humanitar Forumu”nun keçirilməsi bu əməkdaşlıq əlaqələrinin artıq ikitərəfli çərçivədən çıxaraq beynəlxalq müstəviyə keçməsinin göstəricisidir”.

Ölkəmizdə 150 mindən artıq rusun yaşadığını deyən A.Səfixanlı bildirib ki, Cənubi Qafqazda öz etnik identikliyini, mədəniyyətini, dilini və dinini qoruyub saxlamış ən böyük rus diasporu Azərbaycanda fəaliyyət göstərir. Onun sözlərinə görə, Azərbaycanda digər xalqlar kimi rusların da ölkənin sosial-iqtisadi, siyasi və mədəni həyatına tam şəkildə inteqrasiya edə bilməsi üçün hər cür şərait yaradılıb: "Rusiya İnformasiya-Mədəniyyət Mərkəzi fəaliyyət göstərir, rus icması – iki xalq arasında real birləşdirici həlqədir. Lakin təəssüflə qeyd etmək istərdim ki, iki ölkə arasında yüksək səviyyədə əməkdaşlığın mövcud olduğu bir şəraitdə Azərbaycanı sevməyən qüvvələrin təhriki ilə Rusiyanın Ali Məhkəməsi tərəfindən Ümumrusiya Azərbaycan Konqresinin ləğvi barədə qərarın qəbul olunması bu əməkdaşlığa kölgə salmaqla bərabər, Rusiyada yaşayan soydaşlarımızın birləşmə azadlığı hüququnu da məhdudlaşdırmış oldu. İnanıram ki, Rusiya tərəfi Azərbaycan-Rusiya əlaqələrinin müasir vəziyyətini qiymətləndirərək yaradılmış strateji tərəfdaşlıq səviyyəsinin inkişafına mənfi təsir göstərə biləcək bu qərarın dəyişdirilməsinə çalışacaq”.
 
"Bu təşkilatın qeydiyyatının ləğvi siyasi qərardır”
 
"Düşüncə” Gənclərin İnkişafına Dəstək İctimai Birliyinin sədri Emil Hüseynli bildirib ki, Rusiyanın Ali Məhkəməsinin Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) qeydiyyatının ləğvi barədə qərarı ciddi faktlara söykənmir və Azərbaycanla Rusiya arasındakı strateji dostluq münasibətlərinin ruhuna ziddir. Onun sözlərinə görə, Rusiyada yaşayan azərbaycanlılar, xüsusilə bu təşkilatda cəmləşən soydaşlarımız həmişə Rusiya qanunlarına hörmətlə yanaşıb və ölkənin ictimai həyatında aktiv rol oynayıblar, ölkənin milli mənafelərinə zidd hərəkət etməyiblər: "Görünür, Rusiyada hansısa üçüncü qüvvə Azərbaycan-Rusiya münasibətlərinə kölgə salmaq üçün əməllicə "əmək” sərf edir. Necə ola bilər ki, həmişə Rusiyanın siyasi elitasına qarşı loyal münasibətdə olan, bir növ qonşu ölkəmizin müdafiəçisinə çevrilmiş Ümumrusiya Azərbaycan Konqresinin qeydiyyatı birdən-birə ləğv edilir. Ümid edirəm ki, Rusiyanın siyasi hakimiyyəti bu məsələyə yenidən baxacaq və təşkilatın fəaliyyəti bərpa olunacaq”.

E.Hüseynli deyib ki, təşkilatın qeydiyyatının ləğvi hüquqi yox, siyasi qərardır və Rusiyanın MDB məkanındakı balans siyasətinə ciddi zərbədir: "Nəzərə alsaq ki, Rusiya həm də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik edən dövlətdir, belə olan halda hansı obyektiv vasitəçilikdən söhbət gedə bilər. Ona görə də hər hansı üçüncü qüvvənin təkidi ilə ÜAK-ın qeydiyyatını ləğvi Rusiyanın regiondakı imicinə xələl gətirir”.
 
Bəxtiyar MƏMMƏDLİ


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0045
GEL 1 Gürcü larisi 0.6847
GBP 1 İngilis funt sterlinqi 2.2421
TRY 1 Türk lirəsi 0.4638
KWD 1 Küveyt dinarı 5.6276
SEK 1 İsveç kronu 0.2085
EUR 1 Avro 2.0000
CHF 1 İsveçrə frankı 1.7374
USD 1 ABŞ dolları 1.7001