ÜAK-ın ləğvi Rusiyanın milli maraqlarına uyğun deyil
Ümumrusiya Azərbaycan Konqresi (ÜAK) 2001-ci ildə
ümummilli lider Heydər Əliyev və Rusiya Federasiyasının prezidenti Vladimir
Putinin dəstəyi ilə yaradılıb. Konqres Azərbaycanın xarici ölkələrdəki ən böyük
diaspor təşkilatıdır. Rusiyanın 80-dən çox bölgəsində şöbələri olan ÜAK bu ölkənin
vətəndaş cəmiyyətinin ayrılmaz hissəsinə çevrilə bilib. Konqres Rusiyada
yaşayan azərbaycanlıların bir-biri ilə mədəni-mənəvi əlaqələrinin qurulması,
soydaşlarımızın Rusiya cəmiyyətinə inteqrasiyası və iki ölkə arasında münasibətlərin
inkişafı sahəsində mühüm işlər görüb. Eyni zamanda ÜAK Azərbaycan həqiqətlərinin
yerli ictimaiyyətə çatdırılması, milli-mədəni irsimizin tanıdılması,
soydaşlarımız arasında milli həmrəyliyin gücləndirilməsinə yönəlmiş bir sıra
uğurlu layihələrə imza atıb. Təəssüflər olsun ki, Rusiya Ədliyyə Nazirliyi belə
bir təşkilatın ləğv edilməsi üçün Ali Məhkəməyə müraciət edib. Dünən məhkəmə
iddianı qəbul edib. Təbii olaraq Azərbaycanda ÜAK-ın qeydiyyatının ləğvi ilə
bağlı məhkəmə iddiası, çıxarılan qərar etiraza səbəb olub. Diaspor təşkilatları,
ictimai-siyasi xadimlər, millət vəkilləri bunun iki ölkə arasındakı münasibətlərə
mənfi təsir edəcəyini bildiriblər.
Milli Məclisin
deputatı, Yeni Azərbaycan Partiyası (YAP) beynəlxalq əlaqələr komissiyasının
katibi, siyasi elmlər doktoru, professor Elman Nəsirov da ÜAK-ın ləğvinə cəhdin Azərbaycan ictimaiyyətində
narahatlıq yaratdığını dilə gətirib. Qeyd edib ki, Rusiya Ədliyyə Nazirliyinin Ümumrusiya Azərbaycanlıları
Konqresinin (ÜAK) ləğv edilməsi barədə bu ölkənin Ali Məhkəməsi qarşısında
iddia qaldırması anlaşılmaz addımdır. Onun sözlərinə görə, bu addım Rusiya-Azərbaycan
strateji tərəfdaşlığının yüksələn xətlə inkişafına kölgə salır:"İki ölkə
arasında münasibətlər çox parametrlərlə inkişaf etməkdədir. Fundamental məsələlərdə
Azərbaycanla Rusiyanın mövqeyi üst-üstə düşür. Bəzi ölkələrin, xüsusən də
Amerika Birləşmiş Ştatlarının Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara Azərbaycan
heç vaxt qoşulmayıb. Hətta həmin ölkələr tərəfindən Azərbaycana bununla bağlı təzyiqlər
də edilib. Amma buna baxmayaraq, Azərbaycan heç vaxt Rusiyaya qarşı
sanksiyalara qoşulmayıb”.
Politoloq E.Nəsirov onu da əlavə edib ki, Rusiyada
müəyyən siyasi dairələrin, ermənipərəst qüvvələrin məqsədi Bakı ilə Moskva
arasındakı inkişafda olan münasibətlərə xələl gətirmək, iki dövlətin münasibətlərini
korlamaqdır: "ÜAK hər zaman Rusiya-Azərbaycan münasibətlərinin inkişafına töhfə
verib, iki dövlətin xalqları, vətəndaş cəmiyyəti institutları arasında münasibətlərin
inkişafına yardım edib. Rusiya Ədliyyə Nazirliyinin bu konqresin ləğv edilməsi
üçün qaldırdığı iddia, məhkəmənin verdiyi qərar Azərbaycan ictimaiyyətində
narahatlıq yaradıb. Antiazərbaycan dairələrin, ermənipərəst qüvvələrin bu niyyətinin
həyata keçməsinə imkan vermək olmaz. İnanırıq ki, Rusiya rəhbərliyi bu məsələyə
obyektiv müdaxilə edəcək və antiazərbaycan dairələrin bu niyyəti baş
tutmayacaq”.
"Konstitusiya”
Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev də hesab edir ki, Rusiya Ədliyyə Nazirliyi tərəfindən
ÜAK qeydiyyatının ləğvi ilə bağlı iddia qaldırılması Azərbaycan və Rusiya
arasında son illər ərzində inkişaf edən münasibətlərin ruhuna uyğun deyil. O,
qeyd edib ki, ÜAK-ın ləğvinə dair göstərilən səylər Rusiyanın milli maraqlarına
da uyğun gəlmir. Rusiyanın Azərbaycanla bir çox sahə üzrə layihələr həyata
keçirdiyini xatırladan Ə.Nuriyev Azərbaycanın da Rusiyaya hər zaman diqqətlə
yanaşdığını, ölkəmizdə Rusiya mədəniyyətinin təbliği istiqamətində ciddi işlərin
görüldüyünü söyləyib. Ekspert bildirib ki, Rusiyanın strateji maraqlarının təmin
olunmasında Azərbaycan hər zaman bu ölkəyə dəstək verib:"Rusiyadakı Azərbaycan
diaspor təşkilatları, orada işləyən azərbaycanlılar Rusiya iqtisadiyyatına çox
böyük töhfə verirlər. ÜAK Rusiyada yaşayan azərbaycanlıların yeganə ictimai təşkilatı
sayıla bilər. Amma Rusiyada ayrı-ayrı xalqların çoxsaylı belə ictimai birlikləri
fəaliyyət göstərir. Rusiyada ermənilərin yüzlərlə ictimai birliyi var. ÜAK-ın
qeydiyyatının ləğvi ilə Rusiyadakı bəzi dairələr Azərbaycan-Rusiya münasibətlərinə
zərər vurmaq istəyirlər. Bütün bunlar Rusiyanın milli maraqlarına uyğun gəlmir.
Bu, həm də Rusiyanın strateji maraqlarına ziddir. Bu, iki ölkə arasındakı
münasibətlərə kölgə salmaq istəyən bir fəaliyyətdir”.
Müharibə, Əmək
və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini Cəlil Xəlilov ÜAK ətrafında baş verən proseslərin ciddi
narahatlıq doğurduğunu dilə gətirib. Onun fikrincə, ÜAK-ın qeydiyyatının ləğvi
ilə bağlı iddianın arxasında Rusiya-Azəbaycan dostluğunu qəbul edə bilməyən müəyyən
qüvvələr dayanır. C.Xəlilov qeyd edib ki, 2001-ci ildə yaradılan bu konqres ötən
müddət ərzində Rusiyada yaşayan azərbaycanlıların problemlərinin həllində,
onların Rusiya cəmiyyətinə inteqrasiyasında, hər iki xalq arasında dostluq
münasibətlərinin inkişafında ciddi işlər görüb: "Əlbəttə, bu işlərin həyata
keçirilməsində Rusiyanın müvafiq qurumlarının də dəstəyi olub. Lakin uzun illər
ərzində səmərəli işlər aparan konqresin ləğvi narahatlıq doğurur. Respublika
Veteranlar Təşkilatı, Azərbaycanın çoxsaylı veteranları Rusiyanın azərbaycanlıların
mənafeyinin müdafiəsi, bu ölkə ilə qarşılıqlı əlaqələrin genişləndirilməsi
istiqamətində aparılan fəaliyyətini yüksək qiymətləndirir. Amma eyni zamanda,
konqresin qeydiyyatının ləğvindən narahat olduğumuzu da bildiririk. Bizim qənaətimizə
görə, bu xoşagəlməz hadisənin arxasında Rusiya-Azəbaycan dostluğunu qəbul edə
bilməyən müəyyən qüvvələr dayanır”.
Azərbaycan
Slavyan Gəncləri Assosiasiyasının sədri Səbuhi Abbasov da bildirib ki, ÜAK-ın qeydiyyatının ləğv ediləcəyi
ilə bağlı məsələlər və onun ətrafında baş verən proseslər Rusiya hökumətinin və
administrasiyasının mövqeyi deyil. Onun sözlərinə görə, bu, Rusiyada fəaliyyət
göstərən erməni yönümlü şəxslərin təxribatıdır: "Bu gün Ümumrusiya Azərbaycanlıları
Konqresi Rusiyada fəaliyyət göstərən ən böyük diaspor təşkilatıdır. Bu təşkilatın
böyük bir tarixi var. İki ölkə arasında olan həm siyasi, həm iqtisadi, həm mədəni
əlaqələrə böyük töhfə verən bir təşkilatdır. Bu cür təşkilatın hər hansı bir bəhanə
ilə bağlanılması Rusiya-Azərbaycan münasibətlərinə də xələl gətirə bilər. Bu,
Rusiya hökumətinin mövqeyi olmadığı üçün Azərbaycan tərəfi, ölkə ictimaiyyəti
bununla bağlı qonşu ölkəyə müraciətlər ünvanlamalıdır”.
Alpər TURAN