• çərşənbə axşamı, 19 mart, 09:09
  • Baku Bakı 8°C

“ÜAK-ın ləğvi Azərbaycana təzyiq etmək cəhdidir” - Fotolar

21.09.17 10:30 1090
“ÜAK-ın ləğvi Azərbaycana təzyiq etmək cəhdidir” - Fotolar
Bu il mayın 15-də Rusiya Ali Məhkəməsi Ədliyyə Nazirliyinin iddiası əsasında Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) qeydiyyatının ləğvi barədə qərar çıxarıb. Məhkəmədən əvvəl Ədliyyə Nazirliyi bununla bağlı verdiyi açıqlamada qeyd edib ki, ÜAK-ın fəaliyyətində Rusiya Federasiyasının qanunvericiliyi pozulub. Rusiya Ədliyyə Nazirliyindən "İctimai təşkilatlar haqqında" qanunu əsas götürülərək, ÜAK-ın Mərkəzi Şurasının Rəyasət Heyətinə aşkar olunan pozuntuların aradan qaldırılması ilə bağlı dəfələrlə xəbərdarlıq edildiyi vurğulanıb. Təşkilat pozuntuları aradan qaldırmadığına görə, Rusiya Ədliyyə Nazirliyitəşkilatın ləğvinə dair inzibati iddia qaldırılması üçün bu il martın 9-da Ali Məhkəməyə müraciət edib.

ÜAK prezidenti Fazil Qurbanov isə Rusiya Ali Məhkəməsinin qərarını ədalətsiz adlandırıb. O, Ədliyyə Nazirliyinin məqsədinin təşkilatın qeydiyyatını ləğv etdirmək olduğunu söyləyib. Hətta ÜAK prezidenti və təşkilatın Rəyasət Heyəti Ali Məhkəmənin təşkilat barədə çıxardığı qərarla bağlı Rusiya prezidentiVladimir Putinə və baş nazirDmitri Medvedevə müraciət edib. 2001-ci ildə ümummilli lider Heydər Əliyevin xeyir-duası ilə yaradılan ÜAK-ın daim Rusiya-Azərbaycan münasibətlərinin inkişafına xidmət etdiyi xatırlanıb. Bununla yanaşı, ÜAK Rusiya Ali Məhkəməsinin qərarından apellyasiya şikayəti verib. Lakin sentyabrın 19-da Rusiya Ali Məhkəməsinin Apellyasiya Kollegiyası ÜAK-ın apelyasiya şikayətini təmin etməyərək, birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb. ÜAK prezidenti Fazil Qurbanov söyləyib ki, Apellyasiya Kollegiyasının qərarından Ali Məhkəmənin Rəyasət Heyətinə müraciət olunacaq.

Bununla əlaqədar Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, ÜAK-ın ləğvi barədə qərar təəccüb, ciddi sual və dərin təəssüf doğurur. O deyib ki, Azərbaycan ilə Rusiya arasında humanitar əlaqələrin inkişafında mühüm rol oynayan ÜAK-ın ləğvi barədə qərar siyasi baxımdan qeyri-dost addım kimi qiymətləndirilir. H.Hacıyevin sözlərinə görə, bu, Rusiya və Azərbaycan tərəfindən bəyan olunan və iki ölkə arasında strateji tərəfdaşlıq zəminində inkişaf edən yüksək səviyyəli əlaqələrə ciddi zərbə vurur. XİN rəsmisi bildirib ki, Rusiya Federasiyası məhkəməsinin bu qeyri-dost xarakterli qərarının məqsədini başa düşmək çox çətindir.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, Demokratik İslahatlar Partiyasının (ADİP) sədri Asim Mollazadə də "Kaspi”yə açıqlamasında deyib ki, Rusiya Ali Məhkəməsinin ÜAK-la bağlı son qərarı qeyri-dost addımdır. Millət vəkilinin fikrincə, Rusiya Azərbaycanın müstəqil, milli və dövlətçilik maraqlarına söykənən siyasi kursunu qəbul edə bilmədiyi üçün ölkəmizə bu yolla təzyiq göstərmək istəyir. O qeyd edib ki, bu təzyiq Rusiyada yaşayan milli azlıqların – azərbaycanlıların hüquqlarının kobud surətdə pozulması formasında həyata keçirilir: "Bütün bu addımlar Rusiyanın apardığı siyasətin mahiyyətini dünyaya nümayiş etdirir. Faktiki olaraq Rusiyanın vaxtilə sovet ittifaqında təmsil olunan bütün ölkələrlə problemli münasibətləri var. Bu da Rusiya daxilində hansısa qüvvələrin keçmiş imperiyanı yenidən bərpa etmək istəyi ilə əlaqədardır. Hesab edirəm ki, Rusiyadakı azərbaycanlıların hüquqlarının kobud şəkildə pozulması məhz bu imperialist siyasətin tərkib hissəsidir. Rusiyanın bu siyasəti yalnız qonşularına, MDB dövlətlərinə deyil, Avropaya, Orta Şərq ölkələrinə də ciddi təhlükə yaradır. Ona görə də beynəlxalq ictimaiyyət bu siyasətə düzgün qiymət verməlidir”.

Parlamentin sözügedən komitəsinin digər üzvü, Sosial-Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadəisə düşünür ki, Rusiya Ali Məhkəməsinin ÜAK-la bağlı son qərarında hər hansı faciə axtarmağa dəyməz. Onun sözlərinə görə, Rusiyada yeni konqres qurmaq, yeni təşkilat təsis etmək gərəkdir. Millət vəkili deyib ki, yeni təşkilatın nizamnaməsi, eləcə də digər sənədlər Rusiya qanunvericiliyinə tam uyğunlaşdırılmalıdır. Deputat bildirib ki, daim konfliktdə olan, insanları bir-biri ilə üz-üzə qoyan şəxsləri yaranacaq yeni təşkilatın sıralarına daxil etməmək gərəkdir.

Milli Məclisin Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa da hesab edir ki, Rusiya Məhkəməsinin ÜAK-ın fəaliyyətinə xitam verilməsi haqqında qərar çıxarması dünyanın sonu sayılmamalıdır. O, bu addımın xoş niyyətlə atılmadığını və Rusiyadakı müəyyən qüvvələrin Azərbaycanla münasibətlərin yaxşılaşmasına heç cür imkan vermək istəmədiyini də diqqətə çatdırıb. Bildirib ki, orada yaşayan azərbaycanlılar üçün yenidən təşkilatlanma imkanları barədə düşünmək və hüquqi təməli güclü olan təşkilat yaratmaq lazımdır. Millət vəkili vurğulayıb ki, Rusiyada azərbaycanlıların mövqeyinin möhkəmlənməsi üçün daha çox çalışmaq lazımdır.
Rufik İSMAYILOV

banner

Oxşar Xəbərlər