• cümə axşamı, 18 aprel, 11:06
  • Baku Bakı 12°C

Ağır yüklü maşınların yaratdığı problemlər

03.12.13 09:28 6293
Ağır yüklü maşınların yaratdığı problemlər
Bu günlərdə ölkənin qərbinə səfərimiz oldu. Şəxsi avtomobilimizlə 500 kilometrlik yolu gedib-gələnədək zülm çəkdik desəm, yanlışlıq olmaz. Yolların darlığı barədə çox qeyd etməyəcəm, çünki əksər hissələrdə yollar genişləndirilib, qalanlarında isə iş gedir. İritutumlu yük maşınlarının yaratdığı sıxlıqdan isə danışmaqla qurtarmaz. Məsələ ondadır ki, bu cür avtomobillər bir qayda olaraq daha təcrübəli sürücülər tərəfindən idarə olunmalıdır. Lakin bizim gördüyümüz bir neçə, hətta onlarla halda aydın olurdu ki, tonlarla yük daşıyan avtomobillərin sürücülərinin əksəriyyətinin bu işi görməyə təcrübəsi yoxdur. Dəfələrlə gözümüzün önündə qəza vəziyyətinin yaranması bu fikirləri bir daha təsdiqlədi.
Bu günlərdə isə Ziya Bünyadov prospektində iritonnajlı yük maşınının törətdiyi ağır qəza barədə xəbər yayıldı. Belə ki, yük maşını 10-a yaxın minik avtomobilini əzərək, bir neçəsini yol kənarında qazılmış xəndəyə salıb və daha sonra özü də aşıb.
Araşdırmalardan sonra məlum olub ki, qəzanı törədən yük maşınının sürücüsü sərxoş olub. Sürücü Əliməmmədov Eldar Həsən oğlu izahatında avtomobilin əyləc sisteminin işləmədiyini bildirsə də, onun sərxoş olduğu təsdiqini tapıb. Hadisə mövzuya yenidən qayıtmağı zəruri edib.
Dəfələrlə günün günorta çağı şəhərin ortasında ağır tonnajlı maşınların işləməsinin şahidi olmuşuq. Az-çox təcrübəsi olan hər kəs deyə bilər ki, dünyanın heç bir yerində belə bir şey yoxdur. Bu gün Azərbaycanda, o cümlədən Bakıda müxtəlif sahələrdə tikinti işləri gedir. 40–50 tonluq beton qarışdıran maşınlar səhər tezdən axşama qədər kiçik maşınların arasında hərəkət edir. Şahidi olduq ki, onun birinin aşması bir neçə vətəndaşımızın ömrünə son qoydu. Dünyada bunların iş saatı müəyyənləşdirilib. Xüsusi hal olduğu təqdirdə ağır yük maşınlarının xüsusi mühafizə ilə şəhərə daxil olması mümkündür.
Ağır tonnajlı yük maşınlarının təcrübəsiz sürücülər tərəfindən idarə olunması qəza vəziyyəti və bir sıra hallarda ağır qəzalar törətməklə bərabər həm də tıxac yaranmasına səbəb olur. Azərbaycanda nəqliyyatı sahəsində mühüm qanunlar qəbul edilib və ölkəmiz beynəlxalq yollar, onlarda hərəkətin təşkili ilə bağlı mühüm öhdəliklərə qoşulub. Milli Məclis bu sahədə “Yol Hərəkəti Haqqında”, “Avtomobil yolları haqqında”, “Avtomobil nəqliyyatı haqında” qanunlar qəbul edib. Bu qanunların hər birində ağır tonnajlı yük maşınları, onların idarəçiliyi, hərəkəti barədə ayrıca maddələr var. Bir neçə il öncə isə bu cür avtomobillərin şəhərə giriş-çıxışı məhdudlaşdırıldı. Onlar nəqliyyatın hərəkətinin pik saatlarında şəhərə giriş-çıxış həyata keçirə bilməzlər. Lakin bu qərardan bir neçə il keçməsinə baxmayaraq, təcrübə göstərir ki, durum hələ də eynidir. Üstəlik, istismar müddəti ötmüş avtomobillərdən hələ də istifadə olunması, maşınların tutumundan daha artıq yüklənməsi həm də yolların dağılmasına səbəb olur. Bu məsələlərə münasibət bildirən sürücülərin də öz arqumentləri var. Onlar köhnə maşınları yeniləmək üçün maddi imkanın olmadığını deyirlər. Bunun üçün dövlətdən dəstək umanı da var. Sürücü Aydın Vəliyev deyir ki, dövlət istismarında olan köhnə yük maşınlarını yığaraq, müəyyən qədər güzəştlə yenilərini sata bilər: “Səhv etmirəmsə, Rusiyada və Gürcüstanda belə ediblər. Bizdə də eləsələr vəziyyət düzələ bilər. İndi sürdüyüm “KAMaz” sovetin vaxtından qalmadır, normalda 15 ton yük tutur. Amma mən məcburən ona 25 ton yük vururam ki, xeyrim olsun. Yoxsa heç onu sürüb evdən çıxmağıma, benzin yandırmağıma dəyməz”.
“Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bu cür halların qarşısının alınması üçün neçə vaxtdır aparılan maarifləndirmə və təbliğat işlərinin effektsiz olduğunu deyir. Onun sözlərinə görə, qaydaları pozan sürücülər hərəkətlərinə haqq qazandırmaq üçün müxtəlif əsassız arqumentlər gətirirlər: “İstənilən halda sürücülər maşınları qanun çərçivəsində idarə etməlidirlər. Əks halda qəza halları yaranacaq, dövlətin milyonlarla vəsait xərcləyib çəkdiyi asfalt örtükləri, magistral yollar bərbad vəziyyətə düşəcək. Bu hal həm də sürücülərin ziyanınadır. Çünki bu yollarda hər gün hərəkət edən də onlardır”.
Qeyd edək ki, bir neçə il əvvəl İnzibati Xətalar Məcəlləsin 163-cü - “Avtomobil yollarında və təhkim zolağında yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi qaydalarının pozulması” – maddəsində ağır tonnajlı maşınların normadan artıq yüklənməsi ilə bağlı nəzərdə tutulan sanksiyaların daha da sərtləşdirilib. Millət vəkili Qüdrət Həsənquliyev deyir ki, avtomobillərin normada, yaxud normadan artıq yüklənməsini müəyyənləşdirmək üçün bütün magistral yollarda tərəzilər quraşdırılmayıb: “Belə çıxır ki, indi artıq yükü olanı da saxlayacaqlar, olmayanı da. Necə müəyyənləşdirəcəklər ki, bu, 8 ton yük vurub, yoxsa 10 ton? Nə qədər ki məsələ hələ Avropa yollarındakı kimi, həll olunmayıb, bu, doğru deyil. Avropanın özündə hələ bu indi-indi yaradılır. Bütün yolların qırağında avtomobillərin çəkilməsi üçün xüsusi tərəzilər quraşdırılır. Onların əyləc sistemi, təkərlərin vəziyyəti yoxlanılır”. Millət vəkili bildirir ki, bu məqamı qanunvericiliyə daxil etmək neqativ hallara yol açmış olur: “Artıq yük altında təkər yerindən çıxıb gedə bilər və sair və ilaxir. Amma o bunu edir. Ona görə ki, Qubadan bura 1 maşın çınqıl gətirirsə, özünə çatacaq və üstəlik yollarda müəyyən qurumların nümayəndələrinə veriləcək pulu hesablayır. Yükü artıq edir ki, bir az çox alsın və həmin xərcləri ödəsin. Onun üçün əminəm ki, biz o neqativ halları, yollarda sürücülərin üzərinə əlavə xərclər qoyulmasını aradan qaldırsaq, sürücü heç vaxt öz həyatı ilə risk etməyəcək, maşınına artıq yük vurmayacaq. O həm də bilir ki, artıq yük avtomobili tez sıradan çıxarır və onun amortizasiya xərcləri o biri xərclərdən üstün olur”.
Həbibə ABDULLA
banner

Oxşar Xəbərlər