• çərşənbə axşamı, 16 aprel, 10:21
  • Baku Bakı 14°C

Ağır və qısa sənət yolu

17.01.17 09:30 1484
Ağır və qısa sənət yolu
Ötən həftə xalq artisti, baletmeyster Mədinə Əliyevanın Azərbaycan Opera və Balet Teatrında işdən çıxması böyük rezonans doğurdu. Yanvarın 11-də rəsmi şəkildə teatrdakı işindən ayrılan baletmeysterlə bağlı məsələ sosial şəbəkələrdə də böyük müzakirələrə səbəb oldu. Məsələ öz məcrasından ayrılaraq tamam başqa istiqamətə doğru yol aldı.

Bəs görəsən, uzun illər opera səhnəsində balet artisti kimi fəaliyyət göstərən, yaşlanmış baletmeysterləri işdən azad olduqdan sonra hansı tale gözləyir? Opera və Balet Teatrında baletmeystlər 20 ilə qədər səhnədə fəaliyyət göstərmək imkanına sahibdirlər. Ən çətin peşə növü olan bu sənətdə artistlərin yaş həddi başa çatdıqdan sonrakı taleyi bizim də diqqətimizdən yayınmadı. Məsələ ilə bağlı araşdırmalar apardıq. Görünən mənzərə bir qədər fərqlidir.
Səhnə gənclik tələb edir
Azərbaycan Dövlət Opera və Balet Teatrının mətbuat xidmətinin rəhbəriŞükufəAğamirzəyeva bizimlə söhbətində bir çox məsələlərə aydınlıq gətirdi. İlk olaraq teatrın adının belə qalmaqalda hallanmasına təəssüf hissimizi bildirdik. Çünki Opera və Balet Teatrı böyük tarixə malik bir teatrdır və bu teatrda indiyə qədər belə halların baş verdiyinin şahidi olmamışıq. Söhbətimiz zamanı aydın oldu ki, hər zaman öz imici və tamaşaçı kütləsi ilə seçilən teatrla bağlı bu məsələdə o qədər də şişirdiləcək heç nə yoxdur. Daha sonra mövzumuzla bağlı Şükufə xanımın da təcrübəsindən yararlandıq. Uzun müddətdir ki, bu teatrda çalışan, teatrda baş verən bütün proseslərin mərkəzində olan müsahibimiz deyir ki, Opera Teatrında tamaşalarda daha çox gənc balet artistlərinə müraciət edirlər: "Teatrda çalışan balet artistlərimizin əksəriyyətini gənclər təşkil edir. Yaşlı nəslin nümayəndələri isə daha çox pedaqoji fəaliyyətlə məşğuldurlar. Səhnədə çıxışlarını başa vurandan sonra pedaqoji fəaliyyətə başlayırlar. Bəziləri də teatrda çalışa-çalışa düşünürlər ki, ömürlərinin sonuna qədər bu sənətdə qala bilməyəcəklər. Ona görə də başqa istiqamətlərdə ali təhsil alırlar. Misal üçün, bizdə Dillər Universitetində, Bakı Dövlət Universitetində və digər təhsil ocaqlarında təhsil alıb, ikinci ixtisas kimi çalışan rəqqaslar da az deyil. Onları cəlb edən istiqamətlərdə təhsil almaqdan çəkinmirlər. Bizim truppamız 1990-cı illərin sonu, 2000-ci illərin əvvəllərində formalaşmış truppadır. 35 yaşı ötən artistlərimiz var. Onlar özləri istəsələr belə, fiziki qüvvələri çatmır ki, səhnədə fəaliyyətlərini davam etdirsinlər. Digər tərəfdən də səhnə gənclik tələb edir. Onun üçün səhnədə gənclər çıxış etməlidirlər”.

Sovet dönəmində yaşından asılı olmayaraq, balet artisti kimi səhnədə fəaliyyət göstərənlərə 20 il müddət qoyulurdu. Ondan sonra rahat şəkildə pensiyaya çıxa bilərdilər. Şükufə xanım qeyd edir ki, Azərbaycanın müstəqillik illərində pensiya haqqında qanun qəbul olunandan sonra bu limit ləğv olundu: "İndi bizim balet artistlərimiz bu limitə yaxınlaşıblar. 20 illik əmək stajı, hətta bundan o tərəfə keçən artistlərimiz də var. Bəzən görürük ki, onlar çox böyük çətinliklərlə üzləşirlər. Yaş həddini keçdikdən sonra balet artistlərinin oynaqlarında, dizlərində müxtəlif zədələr meydana gəlir. Bununla əlaqədar fəaliyyətlərini davam etdirməyib, baletdən ayrılanlar da var. Öz yaşlarından qat-qat cavan görünsələr də, fiziki qüvvələri tükənir. Belə bir çətinliklərlə üzləşirlər. Balet truppasında ən yaşlı aktyorun 37 yaşı var. Hansı ki, biz onları 17 yaşlarından teatra dəvət etmişik”.
Təhsil təcrübənin ən gözəl tətbiq metodudu
Bakı Xoreoqrafiya Akademiyasının İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri, kulturoloq Əbülfəz Babazadə istənilən sahədə peşəkarın öz karyerasının davam etdirə biləcəyini dedi: "Prezidentimiz İlham Əliyev Bakı Xoreoqrafiya Akademiyasını yaradanda məhz bu kimi amilləri nəzər almışdı. Belə ki, bizim nizamnamədə yüksək ixtisaslı kadrların hazırlanması kimi xüsusi bir qayda var. Hansı ki, bu nizamnaməyə əsasən, Akademiya hal-hazırda təhsilin bütün pillələrini özündə ehtiva edir. Sənətdə sözlərini demiş balet mütəxəssisləri burada öz səhnə fəaliyyətləri ilə bərabər, təhsillərini də davam etdirə bilərlər. Bu da o deməkdir ki, bu günün artisti sabahın müəllimidir. Onlar səhnədə əldə etdikləri bütün nailiyyətləri sabah öz tələbələri ilə bölüşə bilərlər. Əslində bu ən gözəl tətbiq metodudur. Ancaq məsələ burasındadır ki, hər artist müəllim ola bilməz. Bunun üçün xüsusi qabiliyyət lazımdır. Bizim savadlı kadrlara çox böyük ehtiyacımız var. Savadı əldə etmək üçün ən gözəl metod isə təhsildən yararlanmaqdan ibarətdir”.

Ə.Babazadə Akademiyanın məzunlarının çox olması və onların gələcəkdə işlə təmin olunması haqqında da danışdı: "Doğrudur, tələbələrimizin hamısının işlə təmin olunması bəlkə də mümkün deyil. Amma düşünürəm ki, hazırda ölkədə mədəniyyət sahəsində gedən islahatlar təkcə paytaxtda deyil, bölgələrdə də həm bu sahənin təbliğ olunması, həm də iş yerlərinin açılması, truppaların fəaliyyətə başlaması, kollektivlərin yaranması, özfəaliyyət səviyyəsində də olsa peşəkar kadrlarımızın işlə təmin olunması deməkdir. Nazirlik sistemində keçən ildən başlamış struktur dəyişiklikləri yanvarın 1-dən qüvvəyə mindi. Regional mədəniyyət və turizm idarələri yarandı. Bununla yanaşı, həmin regional idarələrin yerləşdiyi məkanlarda yeni incəsənət məktəblərinin yaradılması nəzərdə tutulur. Bu da uşaqlar üçün asudə vaxtın təşkili, yüksək ixtisaslı kadrların hazırlanması, digər tərəfdən, xoreoqrafiya məktəbinin məzunlarına iş yerlərinin açılmasıdır”.
Hər adam bu işlə məşğul ola bilməz
Opera və Balet Teatrında balet truppasını müdiri YuriLobaçov bildirdi ki, ən çətin peşə bizim sənət hesab olunur: "Bizim sənətimiz çətin olduğu qədər də ağırdır. Hər bir adam bu işlə məşğul ola bilməz. Əslində bu bizim öz seçimimizdən irəli gəlir. Bu sənətə gəlmək üçün ilk növbədə rəqqasın dözümlülüyünə, onun bu sənətə olan sevgisinə baxırlar. Bu sənətdə həyatımız qısa olsa da, çox maraqlı bir peşəyə sahibik. O ki qaldı səhnə fəaliyyətimizin sona çatmasından sonrakı prosesə, bu, insanın özündən asılı olan bir şeydir. Sənətdə səhnəni bitirəndən sonra kimsə pedaqoji fəaliyyətə başlayır, kimsə repetitor kimi fəaliyyət göstərir. Müəllimlik də çətin işdir. Hər adam bunu bacara bilmir. Çoxları ikinci ixtisas seçirlər. Bu onların öz istəklərindən asılıdır. Hər adam öz yolunu öncədən seçir. Ölkəmizdə fəaliyyət göstərən Xoreoqrafiya Akademiyasında bizim sənətə məxsus bir çox ixtisaslar var. Bu sənəti seçən gənclər seçdikləri ixtisasa dərindən yiyələnirlər”.

Y.Lobaçov deyir ki, bəzən 6-7 saat məşq edirlər: "Hər adam ona dözə bilmir. Elə vaxtlar olur ki, durmadan çalışırıq. Bizim sənət həyatımız çox qısadır. Zaman keçdikcə sümüklərdə zədə almalar da olur. Balet artisti cavankən zədə alanda önəm vermir, ancaq bir qədər yaşlı olanda, bu, təsirsiz ötüşmür”.
Xəyalə Rəis

banner

Oxşar Xəbərlər