• cümə axşamı, 25 aprel, 12:28
  • Baku Bakı 23°C

Ağıllı dəlilik

03.05.14 13:20 1742
Ağıllı dəlilik
Bilmirəm, nədənsə kitabın adı diqqətimi daha çox çəkdi. Bir xeyli fikrə də getdim. Xəyalımdan nələr keçdi. Elə müəlliflə də telefon söhbətində ilk müsbət rəyim kitabın adı ilə bağlı oldu. “Dəlicəsinə”- bu Rəşad Məcidin yeni kitabının adıdır. Kəsb etdiyi bir başa mənası öz yerində, ahəngində mətləblər çoxdu. Dəlicəsinə sevmək, çalışmaq, istəmək, döyüşmək…Bu, inadkarlığın zirvəsidir. Oyanası yoxdur ki... Dəlicəsinə… Anlamaq istədiyim məqamın kulminasiya nöqtəsidir. Uşaq vaxtı çox tərs-yəni sözünün üstündə duran olmuşam. Anam da buna görə həmişə mənə “dəli balam” deyərdi. Bu əzizləməni çox sevərdim. Sonra tələbə vaxtı bu kəlmənin qəlb ağrıdan sahiblərini də gördüm. İstər-istəməz sözdən sıyrıldım, bəlkə də xoflandım. Allah qorusun!
Amma dəlicəsinə sevməyin də, vurulmağın da, arzulamağın da, yaşayıb yaratmağın da nəticəsindən asılı olmayaraq yaşam boyu öz gözəlliyi və özəlliyi var Bu, fəda olmağı bacarmaq, seçdiyin yolun axırına varmaq üçün sonacan çarpışmaqdır. İnadkarlıq dəlicəsinənin can cövhəridir, tərsləşmək deyil. Məramın, məqsədin, arzun, sevdan, sevgin yolunda bütün çətinliklərə sinə gərməkdir. Onsuz da dünya fanidir. Bu beş addımlıq ömür yolunu ağıllı dəliliklə başa vurmağın - qalib gəlməyin, yaxud da fəda olmağın şərəfli məqamı çoxdur.
Sevimli müəllimimiz, filologiya elmləri doktoru, professor Cahangir Məmmədlinin kitaba hamıdan öncə ünvanladığı fikirləri mənim də düşüncələrimə tən gəldi: “ Rəşadın publisistikasını təmin edən bu kitabın əlyazması masamın üstündədir və hiss etdiyimə görə bu kitab “ Dəlicəsinə…” adlanacaq. Rəşad Məcid bu kitabı başqa cür adlandırsa məndə qəribə bir xəyal qırıqlığı yarana bilər. Çünki kitabın bir hissəsini təşkil edəcək əsərin sərlövhəsi- məni də bir oxucu olaraq duyğulandıran “ Dəiıcəsinə…” yazısı çox emosionaldır. Bu publisistik yazı istəyində olduğun bir işə dəlicəsinə vurulmağı tövsiyyə edir. Və xüsusilə Vətən sevgisinə, Qarabağ uğrunda mucadiləyə dəlicəsinə girişməyi öyrədir bizə. Bu konteksdə dəlilik özünün ilkin anlamından çox-çox uzaqlaşıb sevginin, istəyin sonsuzluq ölçüsünə çevrilir və publisistin bir sözlə tapdığı duyğunun böyüklüyünə, səmimiyyətinə heyran qalırsan”.
Həqiqətən də qələm sahibinin təbiətində səmimiyyət olanda yazdıqları da təsirli alınır. Oxucu da ona inanır. Rəşad Məcid bu etibarı çoxdan qazanıb. Bir-birindən maraqlı yazıları, kitabları, illərdir əziyyətini dəlicəsinə çəkdiyi “525-ci qəzet”, istedadlı gənclərə göstərdiyi qayğı, həm baş redaktor və həm də Yazıçılar Birliyinin katibi kimi həmkarlarına həssas münasibəti… onun səmimiyyətindən xəbər vermirmi? Səmimiyyətin açarı da sadəlikdir. Bu məziyyət olan yerdə böyüklük də var! Gənc yazar Bəhruz Niftəliyevin minnətdarlıq ifadə edən sözlərini heç unuda bilmirəm: “ Rəşad Məciddən var ki?!” Bu rəğbəti hər həs qazana bilmir. Məgər özündən razı, gözlərinə lovğalıq pərdəsi çəkilmiş baş redaktorları az görmüşük? Atasını danıb, anasını unudanlar o qədər ki… Mətləbdən uzaq düşdüm. Əslində yeni nəşrlə bağlı təəssüratlarımdan söz açmalıyam. Həmişə də Rəşad Məciddən yazmırıq ki… Bu səbəbdən də onunla bağlı fikirlərimi oxucularla bölüşmək istədim. Son illər müntəzəm oxuduğum və böyük məmnuniyyətlə əməkdaşlıq etdiyim üç qəzetdən biri də “525-ci qəzet”dir. Bu qəzetin qəlibsiz olması, imzalara hörmətlə yanaşması imkan verir ki, hər bir müəllif özünü ifadə edə bilsin. Cahangir müəllimin bir fikri də mənim qənaətimi əks etdirir. Həqiqətən də “525-ci qəzet” Rəşad Məcidin ən böyük əsəridir. Sahmanı pozulmuş mətbuat bolluğunda – bəlkə də çaşqınlığında özünü təsdiqləmək, fərqlənə bilmək, vətəndaşlıq hüququ qazanmaq, geniş oxucu və müəllif auditoriyasına malik olmaq , düzü düz, əyrini əyri göstərmək çətinliyinin şərəfli fəthi , sələflərin yolunu mətanətlə davam etdirmək – açığı bunu bütün qəzet və jurnalların ünvanına söyləmək mümkün deyil. Amma “525-ci qəzet” bunu çox məharətlə bacardı. Ondan öyrənən, onunla bir sırada addımlayan bir neçə qəzetimiz də var. Ədəbiyyat təmayüllü qəzetlərin axsadığı bir vaxtda bu yükü çiyninə götürən “525-ci qəzet” yaşından asılı olmayaraq bütün şair, yazıçı və tədqiqatçıların tribunasına çevrildi. Gənclərə geniş meydan verildi. Bu qəzetdən örnək götürənlər də oldu. Məsələn, “Kaspi” nin hər şənbə “Ədəbiyyat əlavəsi”ni oxuculara təqdim etməsi nümunə deyilmi? Düşünürəm ki, Rəşad Məcidin yeni kitabı da məhz “525-ci qəzet” in barıdır. Yeni nəşri dost və həmkar marağı ilə vərəqlədim. Publisist ömrünün yaşantıları bizim hər birimizin söz uğurundakı mücadiləsinin həyatın rənglərindən necə doğulduğunu, addımladığını, çağırışa , amala və nəhayət dərgiyə, kitaba çevrildiyini dönə-dönə yada saldı. Oxuyub keçmə, oxu və düşün!
Dörd bölümdən ibarət olan kitabın “Yaşadıqlarım” adlı birinci hissəsindəki ilk yazı- “Dəlicəsinə” futboldan-yarışda udub –uduzandan danışır. Sətirlərin üstü belədir. İçinin dadı başqadır, ahəngi dərdlərimizdən yoğrulub. Əslində, bu yazı cəmi bir vərəqdir, amma mətləbi böyükdür, mənası dərindir. Müəllif dərin bir inamla vurğulayır ki, Allah dəlicəsinə istəyənlərin yanındadı! İstər-istəməz köksümüzü yaralayan bir sualın tamlığı pozulur: - bəs onda… Elə Rəşad Məcidin qətiyyətli cavabı bizə müəmmalı fikirlərin düyününü göstərir: “ Dəlicəsinə istəsən, istəyinə çatasan! Sən-son model maşına, sən – məşhur olmağa, sən fəxri ada, sən- dəbdəbəli evə, sən – gözlədiyin adama, sən – sevdiyin insana, sən -...! Siz- arzuladığınız torpağa! Ona görə çatmırıq ki, dəlicəsinə istəmirik!”
“57 il öncənin borcu” adlı yazı çoxunun bilmədiyi bir məsələyə aydınlıq gətirməklə yanaşı, yüz illərlə ikiyə bölünmüş torpağımızın acı taleyindən bəhs edən ibrətli hekayətdir. Mir Cəfər Bağırovun 1941-ci il sentyabrın 15-də İrana göndərilən soydaşımıza tapşırır ki, əgər bizdə bir damcı Azərbaycan qanı varsa, bölünmüş torpağımızı birləşdirməliyik. Elə həmin ilin noyabrında Bakıya gəlmiş Təbriz ziyalılarından həmin ahənglə soruşur ki, hanı azərbaycanlıların məktəbi, onların dilində qəzet, ədəbiyyat... Daha əsir olmaq bəsdir!.. Müəllif yazır: “Bəziləri iddia edir ki, Bağırovun belə böyük ürəklə çalışmasının kökündə o vaxtkı Qərbi Belorus ilə Qərbi Ukraynanın SSRİ-yə ilhaqı amili dayanıb və o bundan ilhamlanaraq Cənubun Şimala birləşdirilməsi, bu yolla özünün daha böyük bir respublikaya rəhbərlik etməsi səbəbindən belə canfəşanlıq göstərib. Hətta belə olsa da nəyi pisdir ki? Bağırov Azərbaycanı dünya durduqca idarə edəsi deyildi ki! Bağırovun ...mürəkkəb bir şəraitdə yorulmadan Cənubda Milli Hökumətin qurulmasına çalışması onun xalq qarşısında tarixi xidməti idi.” Bağırovun qaniçənliyindən, zalımlığından dönə-dönə bəhs edilib. Quruluşun qurbanı olan bu bədbəxt həmişə birtərəfli təqdim edilib. Halbuki tarixi faktlar başqa həqiqətləri də söyləyir. Düşünürəm ki, Mir Cəfər Bağırovu olduğu kimi xalqa yenidən çatdırmaq lazımdır. Onun portretini yaratmaq üçün əldə kifayət qədər tarixi faktlar var. Əgər o, məhkəmədə “ məni güllələmək azdır, şaqqalamaq gərəkdir” etirafını edibsə, bu, çox mətləblərin açarı olmalıydı.
Ötən ilin yayında çoxumuzun həyatında unudulmaz izlər salan bir hadisə baş verdi. Bakinin Bibiheybət qəsəbəsində jurnalistlər üçün tikilmiş evin açılış mərasimi Prezident İlham Əliyevin iştirakı ilə həyata keçirildi. Həmin təntənəli gündə çıxış edən Rəşad Məcidin səmimiyyət və təşəkkür dolu ürək sözləri hamımızı riqqətə gətirdi. Həmin çıxışın mətninin də kitaba salınması təkcə müəllifin deyil, bizim hər birimizin yaşadığı sevinc və qürur hisslərini ifadə etmək baxımından dəyərlidir.
“Gördüklərim” bölümü müəllifin xarici ölkələrə səfər təəssüratlarının İran, Rusiya, Türkiyə, Kıbrız... səhifələridir. Rəşad Məcidin bir etirafı mənə də tanış hissləri xatırlatdı: “Bu yaşdan sonra düşünürsən ki, daha bu dünyada heç nə səni təsirləndirəcək, heyrətləndirəcək gücdə deyil. Gəzdiyini gəzib, gördüyünü görüb, oxuduğunu oxumusan... Əzabın, sevginin, uğurun, məğlubiyyətin ən dərin acısını çəkmisən, ən üstün sevincini yaşamısan”. Amma dünya heç də bizim düşüncələrimizdəki kimi adiləşməyib. Gəzib dolaşdıqca Vətəndən uzaqlarda şöhtət qazanmış soydaşlarımızı gördükcə təkcə sevinib, qürurlanmamışıq, həm də heyrətlənmişik, təəccüblənmişik. Bu ali hissləri bizə dönə-dönə yaşadanlar var olsun!
Müəllifin bir məqaləsi məni xüsusilə valeh etdi və mükəmməl araşdırmasına, doğru fikirlərinə görə, Rəşad Məcidə təşəkkür edirəm. Bu, “Tanıdıqlarım” bölümündəki “Əsəd bəy və Nuridə xanım” məqaləsidir. Məşhur “Əli və Nino” əsərinin əsil müəllifinin kim olması ilə bağlı uzun müddətdi ki, müxtəlif fikirlərin dolaşıqlıq yaratdığı məqamda - 2008-ci ildə bu araşdırmanı qələmə almaqla Rəşad Məcid Avropada Azərbaycan nəsrinin şedevr nümunələrini yaratmış Məhəmməd Əsəd bəyin- Qurban Səidin narahat ruhuna öz ehtiramını bildirdi. Dürüst və aydın şəkildə qətiyyətlə bəyan etdi ki, Əsəd bəyi tabaqda yəhudilərə pay vermək istəyənlər çox yanıldılar. Axı əsil həqiqəti nə qədər gizlətmək mümkündür ki?! Dünya tərəfində dəyərləndirilən, bir-birindən maraqlı 16 əsərin müəllifi olan, son nəfəsinə kimi Azərbaycana dönmək arzusu ilə çırpınan Əsəd bəyi danmaq, ondan imtina etmək adi səhv yox, günahdır. “Əsəd bəyin Azərbaycana məxsusluğu mübahisəsiz olmalıdır...” yazan qələm dostumuzun bir fikirinə də şərikik ki, bu sahədə Almaniyada yaşayan həmyerlimiz Nuridə Atəşinin böyük xidməti var. İllərdir ki, o, Əsəd bəyi doğmalarına qaytarmaq üçün əsl savaşa qalxıb. Dəmirləşmiş müqavimətləri qırmaq üçünsə Rəşad Məcid kimi qələm sahiblərinin belə ruhlu və vicdanlı yazılarına həqiqətən böyük ehtiyac var.
Təbiət etibarı ilə səmimi və xeyirxah insan olan Rəşad Məcidin yazılarında bu məziyyətlər aydın duyulur. İstər Krım tatarlarının ağrılarına tutduğu söz güzgüsündə, istər qələm dostu Aqil Abbasa ünvanladığı fikirlərində, istərsə də gənc müəlliflərin kitablarına yazdığı ön sözlərdə Rəşad Məcid maraqlı və orijinal düşüncələri ilə diqqət çəkir. Bu müəllifi oxumaqdan zövq alırsan. Oxucunu yormamaq, vaxtını sənin yazılarına həsr etdiyinə görə, heyifsilənməmək dəyərini əldə etmək indiki zamanda çox çətindir. Artıq neçə illərdir ki, qələmdaşımız bu inamı və rəğbəti qazanıb.
Söz adamının yaddaşı zəngin və oyaq olan da ondan yaxşı qaynaqlana bilir. Bu mənada Rəşada qibtə etmək olar. Kitabın “Dediklərim” bölümündəki müsahibələri də müəllifin iç dünyasını, insanlara münasibətini, yaradıcılıq meyarlarını, duyğu və düşüncələrini söz-söz naxışlayır. Ayrı-ayrı suallara verilən cavablardan çəkilən ləçəklərə fikir verək: “ Mən təbiət etibarilə, əslində, şairəm. Amma şairlik bir həyat tərzidir, sadəcə, mənimki elə gətirdi ki, o həyat tərzini yaşamağım mümkünsüz oldu”; “ Mən ...xaraktercə sadiq insanam. Ona görə də mənə xəyanət edildiyini görəndə sarsılıram”; “ Qəzet ( “525-ci qəzet” nəzərdə tutulur-F.X.) siyasi proseslərin içində olub, siyasət də insanı bir az bulandıran, bir az qurulaşdıran peşədir. Mən bundan çıxış yolu kimi elə qəzetdə ədəbiyyat, şeir çap etməkdə gördüm. Beləcə, sanki bir işıq tapmış oldum qəzetdə...” “ Kim deyibsə ki, qadının beyni balacadır, dardır, deməli, o çox düşüncəsiz, savadsız adamdır”; “ İndi mənim üçün, demək olar ki, qeyri-adi heç nə yoxdur. Azərbaycan, buradakı insanlar, siyasətçilərdən tutmuş yazıçılaradək, hamı mənim üçün ovcumun içi kimi aydındır”; “Sevgi də istedaddır, hər adamlıq deyil ki. Necə ki musiqi duyumu, ədəbiyyat qabiliyyəti olmayan insanlar var, o cür də sevmək istedadı olmayan insanlar var”; “ Orxan Pambuq ...yazıçılığı iynəylə quyu qazmağa bənzədir. Doğrudan da, bu, elə ağır prosesdir. Zaman-zaman dövr özü səni aparıb oraya çıxarmalıdır. Bu baxımdan, indi bizim Azərbaycan cəmiyyətində, cavanlarda məhz şövq, dəlicəsinə istək, həvəs yoxdur. Amma fərd halında Azərbaycan xalqı istedadlıdır”. Əlbəttə, bu nümunələri yazmaqla bitəsi deyil. Bu düşüncələrin ahəng və mahiyyətində böyük məna və mətləblərin olması öz yerində, həmişə söylədiyim bir fikri yenə də təkrarlamağa lüzum gördüm. Söz adamın içinin ətridir. Biz bir oxucu kimi yalnız yeni kitab oxumuruq ki?! Həm də Rəşad Məcidin daxili aləmini oxuyuruq. Publisistikanın da bir əsas gücü də elə budur ki, biz müəllifi də tanıya bilirik. Bədii əsər-hekayə, roman, şeir səni aldada da bilər. Bu sahədə o qədər fərqli insanlar görmüşük ki, sözü ilə özü arasında dərin uçurumlar var.
Söz bütövlüyü mərd adamlara məxsus çox ali cəhətdir. Qələm əhlinin belə bir məziyyətə malik olması isə Rəşad Məcidin arzuladığı kimi ağıllı dəlilikdir. Bu, iradə və aramsızlığın ünsiyyəti, qətiyyətin təntənəsidir. Sözünün yerini və qədrini bilənin də nüfüzu, hörməti olar. Çünki sözə-verdiyin vədə sadiqlik yiyəsinə həmişə başucalığı gətirər. Müasir jurnalistikamızın görkəmli nümayəndəsi Rəşad Məcidin zəngin yaradıcılığının əsas göstəricisi olan “525-ci qəzet” onun imzasını milli mətbuat tariximizə əbədi həkk edib. Yeni kitabı da yazımın əvvəlində dediyim kimi bu mətbuat ağacının növbəti barıdır. O fikrə bir də qayıdıram ki, yaradıcılıq da ağıllı dəlilik elə budur! Bəzilərinin bəsit düşüncəsi kimi bu, gözü yumulu vəziyyətdə qaranlığa baş vurmaq deyil ha! Əksinə zülməti işıqla , pislikləri inadla məhv etməkdir, yaşamaq, yaratmaq, qalib gəlmək yolunda çarpışmaqdır. Haqq yolundakı şavaşın və mücadilən mübarək! Dəli günlərinə-dünyanın rənglərindən xəbərsiz Rəşadın şehli gəncliyi keçən yerlərə dəli bir istəklə qayıtmaq arzusu ilə qələm dostuma yeni yaradıcılıq uğurları arzulayıram.

Flora XƏLİLZADƏ,
əməkdar jurnalist
banner

Oxşar Xəbərlər