• cümə, 29 Mart, 08:43
  • Baku Bakı 5°C

“Ağıllı” bel çantalarının yaradıcısı - Startap

22.07.16 13:48 3575
“Ağıllı” bel çantalarının yaradıcısı - Startap
"Ağıllı telefonlar”ın, planşetlərin üstünlük təşkil etdiyi bir dövrdə enerjinin bitməsi biz gəncliyin əhvalını pozan hadisələrdən biridir. Uzaq yola çıxanda, hansısa şənlikdə iştirak edəndə gözümüz telefonları şarj etmək üçün rozetka axtarır.
Müsahibimiz bu çətinliyi aradan qaldırmaq üçün yeni startap üzərində işləyir. Bu startap vasitəsilə bizə lazım olan enerjini bel çantalarımızda "gəzdirəcəyik”.

Çantalara fokuslanan düşüncə
Həmsöhbətimiz "ComfortAg” startapının müəllifi Nihat Atabəylidir. Nihatın 24 yaşı var. Azərbaycan Dövlət Neft Akademiyasını elektroenergetika mühəndisliyi ixtisası üzrə bitirib. O, azyaşlı olmasına baxmayaraq, 4 roman və bir poemanın müəllifidir. Deyir ki, 2013-cü ildə startap dünyasına daxil olub. O, ixtirasını bel çantaları üzərində həyata keçirir: "Bu ideya məndə hərbi xidmətdə olarkən yarandı. Fikirləşdim ki, çantalar əslində son iki yüz ildə ciddi dəyişiklik görməyən tək-tük aksessuarlardan biridir. Bu düşüncə məni çantalara fokusladı. Beləcə, hərbi xidmətdən sonra ideyanı reallaşdırmağa cəhd etdim və bir neçə uğursuz cəhddən sonra ideyamın məğzini tam başa düşə bilən "Next Step” ilə rastlaşdım”.

"İnsanları inandırmaq xoşbəxtlikdir”
Bu ixtiraya insanların reaksiyası haqqında məlumat verən müsahibimiz deyir ki, startapları aparat təminatları ilə bağlı olduğu üçün investorları gələcək haqqında planlarına inandırmağa çətinlik çəkib. Onun sözlərinə görə, insanları bunun varlığına inandırmaq ən böyük xoşbəxtlikdir: "Mən bir çox startaplarda iştirak etmişəm. Azərbaycan reallığında yeni ideyaları anlayan və bu cür ideyalara açıq olan adam tapmaq əsil xoşbəxtlikdir. Bu ideya daha çox aparat təminatlı olarsa, bu, demək olar ki, Marsda həyat tapmaq qədər sevindirici olur. İştirakçısı olduğum müsabiqələrdə investorların əksəriyyətinə nə demək istədiyimi izah edə bilmirdim, çoxu yersiz suallar verir və texnoloji sahənin adamına nəyisə izah etməyə çalışırdılar. Qısası, reaksiyalar da şəxslərin özləri kimi müxtəlif və rəngarəng idi. Ən çətini isə ideyama inanaraq bu inamı onlara özümün inandığım kimi çatdıra bilməməyim idi. Yəni heç də hər kəs öz investisiyasını kiçik ideyalara xərcləmək istəmir. Bunu əla anlayır və normal da qəbul edirəm”.
Müsahibimiz enerjini necə əldə etdiklərini də açıqladı: "Enerji alınması əsasən günəş və insan hərəkətinin kinetik enerjisi hesabına olacaq. Və bir neçə digər mənbə kimi ekstremal hallarda əl hərəkəti ilə nizamlanan kiçik generator və addımlardan enerji toplayan bir sistemimizin də olması planlarımıza daxildir”.

"Hərbi sahədə yenilik edəcəm”
Həmsöhbətimizin sözlərinə görə, bu ixtira onun təsəvvür etdiyi kimi həyata keçsə, həyatımızda mühüm dəyişikliklərə səbəb olacaq: "Əslində bu ideya tam mənim təsəvvür etdiyim kimi alınacağı halda çox şeyi dəyişə bilər. Məsələn, mobil cihazları enerji ilə təmin etmək baxımından işimizi rahatlaşdıracaq. Ən önəmlisi isə müasir əsgərin döyüş sursatlarının böyük əksəriyyəti elektrondur və onların da enerji tələbatı var. "ComfortAG” bu məsələni kökündən həll edə bilər. Baxmayaraq ki, mən müharibələrin əleyhinəyəm, ancaq ideyamın hərbi sahədə yenilik edə biləcəyinə inanıram”.
Gələcək planlarından danışan müsahibimiz deyir ki, ən böyük məqsədi investorlara gənclərə şans verməyin müsbət hal olduğunu sübut etməkdir: "Gələcəklə bağlı gözləntilərim çoxdur. Hazırda uğrunda vuruşduğum əsas planım özümün və mənim kimi ideyası olan şəxslərin (cins və yaşından asılı olmayaraq) öz fikirlərini reallaşdıra biləcəkləri bir qeyri-kommersiya təşkilatı yaratmaqdır. Bunu ona görə yaratmaq istəyirəm ki, investorlara hər kəsin bir şansa layiq olduğunu isbat edim”.
Aygün ƏZİZ

banner

Oxşar Xəbərlər