• çərşənbə, 17 Aprel, 02:39
  • Baku Bakı 14°C

Ailəsinin şirin “bəlası” – Keçmişdəki mən

03.05.16 10:36 4887
Ailəsinin şirin “bəlası” – Keçmişdəki mən

Ailənin ən kiçiyi və dəcəli olub. Şıltaqlığı, hərəkətliliyi ilə həmyaşıdlarından seçilib. O qədər dəcəl olub ki, bir dəqiqə nəzarətsiz qalan kimi, bir hadisə törədib. Valideynləri tərəfindən danlanıb, özünün də dediyi kimi, kötəklənsə də, yenə də öz bildiyindən dönməyib.
Müsahibimiz əməkdar incəsənət xadimi, xalq artisti, tanınmış teatr, kino və televiziya rejissoru Ramiz Həsənoğludur. Ramiz Həsənoğlu 1946-cı ildə İrəvan şəhərində dünyaya göz açıb. Anası Azərbaycan milli teatr sənətində bənzərsiz ifa qabiliyyəti olan, əməkdar artist Ətayə Əliyeva, atası əməkdar mədəniyyət işçisi Həsənağa Mirzəyevdir. 3 uşaqlı ailənin sonbeşiyidir.

"Ramiz, orda neyləyirsən?”


Əksər oğlan uşaqları kimi çox hərəkətli, nadinc, ailənin "başa bəlası” olub: "Valideynlərim həmişə məndən ehtiyatlanırdılar ki, gedib nə isə bir hoqqa çıxararam. O dərəcədə dəcəl idim ki, bir dəqiqə boş qalan kimi, bir hadisə törədirdim və o ki var, kötəklənirdim. Bir dəfə ailəmlə Şəkiyə qastrol səfərinə gəlmişdik. Hələ məktəbə getmirdim. Şəkidə qalmaq üçün hotel, hostel yox idi. Aktyorları yataqxanalara, kirayə tutulan evlərə yerləşdirirdilər. Bizə həyət evində kirayə ev tutdular. Mən ağaca dırmaşmağı çox sevirdim. Şəkidə həyətimizdə böyük bir tut ağacı var idi. Bir gün anam teatrdan evə qayıdanda məni ağacın başında gördü və qorxdu. Məni hürkütməmək üçün başladı mülayim şəkildə danışmağa: "Ramiz, orada neyləyirsən? Gəl yavaş-yavaş aşağı. Gəl, gör bazardan sənə nə almışam”. Yavaş-yavaş aşağı düşdüm. Aşağı düşən kimi, məni yaxşıca kötəklədi”.
Balaca Ramiz nə qədər danlansa da, öz bildiyini etməkdən çəkinməyib: "Bir dəfə də anam Şəkidə bazara getmişdi. Çətin vaxtlar idi, aldıqları məvacib az idi. Buna baxmayaraq, anam bazardan həmişə hər şeyin ən bahalısını, keyfiyyətlisini alırdı. Az alırdı, amma yaxşısını alırdı. Bazardan gözəl armud almışdı. Armudu mətbəxə qoyub işə getmişdi. Mən də armudları götürüb dostlarıma paylamışdım”.

Aktyor ailəsinin çətinlikləri

Sənətçi ailəsində doğulan həmsöhbətimizin çətin günləri də az olmayıb. Bütün bu çətinliklərə ailəsi birlikdə sinə gərib: "O vaxt atamla-anam ailə quranda teatrda işləyirdilər. Amma şərait o qədər də yaxşı deyildi. Ona görə yaxşı təklif olan kimi, İrəvana getdilər, orada yaşadılar. Mən dünyaya gələndə çox çətin vaxtlar idi. Anam danışardı ki, bir dəfə İrəvana sel gəlmişdi, biz mərkəzdə olurduq, bütün mərkəzi sel basıb. O dərəcədə sel olub ki, anamla atam üç uşaqla çöldə qalıblar. 1948-ci ildə ermənilərin alçaq siyasəti nəticəsində azərbaycanlıları İrəvandan çıxarmağa başladılar. İrəvan Teatrının aktyorlarını Azərbaycan teatrlarına paylaşdırdılar. Valideynlərimi Gəncə Teatrına göndərdilər. Biz orada da Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun yataqxanasında qalırdıq. Həyətdə balaca bir hovuz var idi. Hətta uşaqlıqda həmin hovuza yıxılıb, boğulma təhlükəsi yaşamışam. Ailəm çox çətinliklərdən keçib, bizi boya-başa çatdırıb”.
Müsahibimizin ilk sevgisi də elə uşaqlıqda olub. Sonu ayrılıqla bitən sevgilərini indi gülərək xatırlayır: "Birinci sinfə gedəndə bir qıza vurulmuşdum. Adı indiyə qədər yadımdadır - Sevil idi. "Sevgilim” məktəbdən bir az uzaqda yaşayırdı. Bir gün qərara gəldim ki, onu evinə ötürüm. Evlərinə çathaçatda qardaşları xəbər tutdu ki, Sevili evə oğlan ötürür. "Nə yemisən, turşulu aş”, o ki var məni kötəklədilər və qovdular”.

"Gündüz oxuyub, gecə işləyirdim”

Həmsöhbətimiz məktəbdə əlaçı olmayıb. Humanitar fənlərə marağı olsa da, məktəb vaxtı dərslərini yaxşı oxumayıb: "Deyə bilmərəm ki, əlaçı idim. Məktəbdə də şuluq idim. Təcrübə göstərir ki, şuluq uşaqlar böyüyəndə sanballı adam olur. Mən də ümid edirəm ki, mənim haqqımda hər kəs sanballı düşünür. Ailəmin sənətinə görə çox məktəb dəyişməli oldum. Valideynlərimi teatrlara göndərdikcə, mən də hər dəfə məktəbi dəyişirdim. 4 sinif Gəncədə oxudum, sonra Bakıya köçdük. Burada 150 nömrəli məktəbdə təhsilimi davam etdirdim. 8-ci sinfə qədər oxudum, sonra gördüm ki, pul qazanmaq lazımdır. Özümə görə bir oğlan idim. İstəyirdim cibimdə öz pulum olsun, kinoya gedəndə öz pulumu xərcləyim, valideynlərimin əlinə baxmayım. Özbaşıma iş axtarmağa başladım. Qonşumuz İsmayıl dayıdan xahiş etdim ki, məni işə düzəltsin. O da məni zavoda fəhlə düzəltdi. İşə düzələndən sonra valideynlərimə bu barədə məlumat verdim, gündüz işləyib, məktəbə gecə gedəcəyimi dedim. Əlbəttə, onlar seçimimə sevinmədilər, amma təzyiq də göstərmədilər”.

"İncəsənətə gəlməyimin səbəbi valideynlərimdir”

Məşhur rejissor deyir ki, universitetə qəbul olana qədər nə aktyor, nə də rejissor olmaq istəyib. Bu sənətə də məhz ailəsinin istəyi ilə gəlib: "Axşam məktəbini bitirəndən sonra artıq peşə seçmək lazım idi. Uşaqlıqda müxtəlif peşələrə yiyələnmək istəyirdim. Amma heç vaxt ağlıma gəlməzdi ki, nə vaxtsa incəsənətlə məşğul olaram. Evdən dedilər ki, bəlkə sənədlərini Teatr İnstitutuna verək? Razılaşdım və Azərbaycan Dövlət Teatr İnstitutunun mədəni-maarif fakültəsinin qiyabi şöbəsinə qəbul oldum. Burada da belə bir qanun var idi ki, bu institutu oxuyan adam mütləq ixtisası üzrə işləməlidir. Mən də zavodda fəhlə işləyirdim. Valideynlərimdən xahiş etdim ki, mənə ixtisasım üzrə işləməyə kömək etsinlər. Anam o vaxt tez-tez çıxış etmək üçün televiziyaya gedərdi. Fikrət Qaradağlı televiziyanın baş rejissoru idi. O, anamın xahişinə diqqətlə yanaşdı və məni işə götürdü. Üç ay maaşsız işlədim. Sonda qərara gəldilər ki, məni işə götürsünlər. 1966-cı ilin oktyabrında Az.TV-yə gəldim. 1967-ci ildən rejissor köməkçisi kimi ştata götürüldüm. Ondan sonra mən bu sənətə bağlandım. İnstitutu qurtardım, hərbi xidmətdən qayıtdıqdan sonra yenidən öz işimə davam etdim. Sonra gördüm ki, institutda aldığım biliklər mənə yetmir. Ətrafımda kolleqalarım Sankt-Peterburq Dövlət Teatrı, Musiqi və Kinematoqrafiya Akademiyasını bitirmişdilər. Gördüm ki, onların bilikləri mənimkindən artıqdır. Məndə belə bir həvəs yarandı ki, mən də Rusiyada təhsilimi davam etdirim. Və getdim, daxil oldum, oxudum. Sənət seçimimdə ailəmin böyük rolu olub. Ailəmiz sənətçi ailəsi idi. Qardaşım Rauf Süleyman da bu sənətdə idi. İndi Kanadada yaşasa da, ömrünün əsas hissəsini Azərbaycan televiziyasına həsr etdi. Bizim incəsənətə gəlməyimizin səbəbi valideynlərimizin bu sənətdə olması idi”.

"Kitaba aludə idik”

Həmsöhbətimiz deyir ki, ailədə mütaliəyə böyük maraq olub. Hətta qardaşı ilə kitab oxumağa görə mübahisələri belə, düşüb: "Bizə ailədə mütaliəni sevməyi öyrətmişdilər. Evimizdən kitab əskik olmazdı. Harada yaşasaq da, ətrafımız kitablarla əhatələnirdi. Hətta qardaşım hansısa kitabı oxuyanda bir-birimizi gözləyirdik ki, o, tez bitirsəydi, mən başlayardım. O dərəcədə kitaba aludə idik. Qardaşımın gözləri çox oxumaqdan korlanmışdı. Ona kitab oxumağa icazə verməyəndə, gecələr fənərlə yorğanın altında oxuyurdu. O qədər kitabqurdu idik”.

"O uzun Ramiz var e, onun yoldaşı”

Ramiz Həsənoğlu 23 yaşında ailə həyatı qurub. İdmançı qızla evlənən həmsöhbətimiz 3 qız atasıdır: "Ailə qurarkən 23 yaşım var idi. Valideynlərim yaşımın az olduğu üçün evlənməyimi istəmirdilər. Amma mən hər dəfə öz bildiyimi edirdim. Sevdim, ailə qurdum. Ailə qurduğum xanımla öz evimizdə tanış oldum. Bizdə dostumun ad gününü keçirirdik. O da öz dostunu və bacısını dəvət etmişdi. Mənim yoldaşım həmin qız idi. Üç qızım oldu. Bir böyük qızım var, bir də əkiz qızlarım. Əkiz qızlarım olanda Anarın "Mən, sən, o və telefon” hekayəsinin əsasında tamaşa çəkirdim. Tamaşada Həsən Əblucla Əminə Yusifqızı çəkilirdi. Əkizlər doğulan gün yoldaşımın rəfiqələri bilmişdilər. Həmin gün Həsən Əbluc metroyla işə gələrkən iki qız öz aralarında danışırmış ki, "xəbərin var, Svetanın əkiz qızı oldu”. O birisi söhbətin hansı Svetadan getdiyini soruşanda, cavab belə olub: "O uzun Ramiz var e, onun yoldaşı”. Mən isə heç kimə deməmişdim. Həsən gəlib məni təbrik edəndə, soruşdum ki, sən hardan bilirsən? Dedi nəinki mən, bütün metro bilir (Gülür - A.Ə). Əminə Yusifqızı tamaşaya gecikirdi. Mən də kimsə gecikəndə əsəbiləşirdim. Əminə pavilyona daxil olanda Həsən aranı soyutmaq üçün dedi ki, Əminə, Ramizi təbrik elə, əkizləri olub. Əminə cavabında "dəhşət” dedi. O, əkizlərin olmasına bir ana kimi münasibətini bildirdi, iki körpə uşağın çox böyük diqqət tələb etdiyini dedi. İndiyə qədər Əminə xanımla görüşəndə həmin hadisəni danışıb-gülüşürük”.

"Acı və qorxunc etiraf”

Maraqlı uşaqlıq, gənclik həyatı yaşasa da, müsahibimiz etiraf edir ki, gəncliyini istədiyi kimi yaşamayıb: "İndiki ağlımla yenə də bu sənəti seçsəydim, daha sistemli şəkildə biliklərə yiyələnmək üçün həyatımı başqa cür qurardım. Mənə elə gəlir ki, həyatım bir az pərakəndə oldu. Xeyli kitab oxumuşam. Amma bəzilərini lazım olmayan vaxtda oxumuşam. İndi yenə oxumaq lazımdır, vaxt yoxdur”.
Tanınmış rejissor sonda gənclərə məsləhət verdi. Vurğuladı ki, gənclər informasiya bolluğunun içində boğulmasınlar: "Gənclər ilk növbədə bilməlidir ki, hansı sahədə çalışırlarsa-çalışsınlar, həmin sahəni dərindən öyrənməlidirlər. Düzdür, informasiya bolluğu var. İstədiyimiz filmə baxır, istədiyimiz informasiyanı alırıq. Amma gənclər unutmasınlar ki, bəzi biliklər var ki, onları yalnız kitabdan əldə etmək olur. Sistemli şəkildə biliklərini artırsınlar. Ramiz Rövşənin belə bir sözü var: "İnformasiya bolluğunun içində heyvərəlik də bollaşır”. Bu çox acı və qorxunc etirafdır. Üzə bilmirsənsə, bu informasiyanın içində boğulacaqsan. Bu mənada üzməyi öyrənməli, tədricən elmə, biliyə yiyələnməlisən”.

Aygün ƏZİZ
banner

Oxşar Xəbərlər