• şənbə, 20 Aprel, 06:59
  • Baku Bakı 14°C

Ailənin formalaşması və inkişafı cəmiyyətdə gedən proseslərlə bağlıdır

15.05.14 09:37 2592
Ailənin formalaşması və inkişafı cəmiyyətdə gedən proseslərlə bağlıdır
Müsahibimiz Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovadır.
- Hicran xanım, məlum olduğu kimi, 15 may dünyada Beynəlxalq Ailə günü kimi qeyd olunur. Azərbaycan xalqının da tarixən özünəməxsus ailə ənənələri var. İstərdik ki, bu gün ölkəmizdə ailə ənənələri ilə bağlı mövcud vəziyyət haqqında məlumat verəsiniz.

- Xalqımızın sevimli bayramları sırasına daha bir gün də daxil olmuşdur. Bu, Beynəlxalq Ailə günüdür. Beynəlxalq aləmdə bu gün 1994-cü ildən başlayaraq qeyd olunur. Azərbaycan xalqı hər il may ayının 15-də bu günü təntənə ilə qeyd edir. Şübhəsiz ki, ildə bir dəfə qeyd olunan belə bir gündə ailələri narahat edən problemləri həll etmək mümkün deyildir. Lakin bu aksiya planetimizdə yaşayan bütün insanların diqqətini ailə problemlərinin həllinə bir daha yönəltməyə xidmət edir. Müstəqil Azərbaycanda dövlət ailə siyasətinin əsas prinsiplərinin formalaşması Ümummilli Liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərimiz milli-mənəvi dəyərlərin qorunmasının vacibliyini vurğulayaraq deyirdi: “Azərbaycan xalqının milli ənənələrindən biri də ondan ibarətdir ki, uşağa diqqət, qayğı hər bir ailənin, hər bir insanın əsas vəzifəsi, mənəviyyatımızın əsas hissəsi olubdur.” Ulu öndər Heydər Əliyevin ailə siyasəti Azərbaycanda bu gün də məqsədyönlü surətdə həyata keçirilir. Möhtərəm Prezidentimiz İlham Əliyev cənabları və ölkəmizin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyeva bütün dünyaya müasir Azərbaycan ailəsinin qarşılıqlı sevgi və ehtiram kimi yüksək dəyərlər üzərində qurulduğunu göstərirlər.
Respublikamızda Ailə bayramının qeyd olunması bu siyasətin əyani təcəssümüdür. Cəmiyyətin əsası olan ailə bəşər yaranandan mövcuddur. Min illər ərzində, tarixin hər bir mərhələsində ailə cəmiyyətin inkişafında mühüm rol oynamışdır. Bütün xalqlar ailəyə həmişə müqəddəs münasibət bəsləmiş, Azərbaycan xalqı isə xüsusilə, onun ləyaqətini hər şeydən uca tutmuşdur. Ailə münasibətlərinin düzgün qurulması, ailə üzvləri arasındakı mehriban, səmimi ünsiyyət övladların tərbiyəsinə müsbət təsir göstərir. Milli adət-ənənələrimizi özündə yaşadan ailələrimizdə valideyn-övlad, böyük-kiçik, qayınana-gəlin münasibətlərinin düzgün qurulmasına, uşaqların milli dəyərlərə bağlılıq ruhunda tərbiyə olunmalarına xüsusi diqqət verilir. Təcrübə göstərir ki, ailə hər şeydən əvvəl mənəviyyatca yaxın olan insanların qarşılıqlı münasibəti və onların bir-birinə dəstək olması deməkdir. Odur ki, ailənin xoşbəxtliyi onun möhkəmliyindən asılıdır. Bir məqam da var ki, ailə başçıları keçmişlə gələcək, yaşlılıqla gənclər arasında körpü olmalı, ən gözəl ailə ənənələrini yeni nəsillərə çatdırmalıdırlar.
- Cəmiyyətimiz inkişaf etdikcə, ölkəmiz Avropaya inteqrasiya olunduqca bir sıra proseslərdə də müəyyən dəyişikliklər baş verir. Bu baxımdan, baş verən dəyişikliklər, yeniliklər ölkəmizdə ailə münasibətlərinə nə dərəcədə təsir göstərir?
- Ailənin formalaşması və inkişafı cəmiyyətdə gedən proseslərlə bağlıdır. Müxtəlif zamanlarda müəyyən problemlərlə qarşılaşan ailələr bu gün həm iqtisadi, həm də sosial dəyişikliklərlə üz-üzədir. ötən əsrin sonlarından xalqımızın məruz qaldığı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, minlərlə soydaşımızın öz yurdunda qaçqına-didərginə çevrilməsi, iqtisadi çətinliklər, o cümlədən, işsizlik, sözsüz ki, ailələrin həyatında müəyyən çətinliklər yaradır. Buna görə də, belə ailələrin müdafiəyə və dəstəyə ehtiyacı var. Bu gün ölkəmizdə ailələrin rifahının daha da yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilir. Qaçqın və məcburi köçkün ailələrinin sosial problemlərinin həlli ilə əlaqədar dövlət proqramlarına dəstək verən bir sıra layihələr reallaşdırılır. Bu layihələr ailələrimizin daha möhkəm və sağlam əsaslar üzərində qurulmasına, eyni zamanda, onların firavanlığının təmin olunmasına xidmət edir. ölkəmizin bütün sahələrdə əldə etdiyi uğurlar ailə institutunun inkişafında da öz təsdiqini tapmaqdadır. Biz Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi olaraq, dövlətimizin ailə siyasətinin də həyata keçirilməsi sahəsində çalışırıq. Qeyd etmək istərdim ki, ölkəmizdə xüsusi istedadı, bədii və musiqi yaradıcılığı, yüksək idman göstəriciləri, digər qabiliyyət və maraqları ilə seçilən ailələrimiz çoxdur. Çalışırıq ki, hər il Beynəlxalq Ailə günü ərəfəsində həmin ailələrin təcrübəsini hamıya nümunə olaraq çatdıraq. Komitənin təşəbbüsü ilə 2008-ci ildən etibarən Ailə bayramı Şamaxı, Qax, Xaçmaz, İsmayıllı rayonlarında, Lənkəran, Şəki şəhərlərində təşkil edilmişdir. Hər il Ailə bayramında Azərbaycanın bütün rayonlarından 100-dən çox ailələr iştirak edir. Ölkəmizin əksər rayonlarından bu tədbirə toplaşmış nümunəvi ailələr müasir Azərbaycan cəmiyyətinin yüksək inkişaf səviyyəsinin təcəssümüdür. Bayramda bu ailələrin hər biri öz xüsusi bacarığını göstərəcək, maraqlarına uyğun sahələr üzrə çıxış edəcəkdir. Ailə dəyərlərinin qorunub saxlanılması sahəsində görülən maarifləndirmə işlərinin mühüm bir hissəsi kimi 2009-cu ildən başlayaraq “Azərbaycan ailəsi” qısametrajlı film festivalı keçirilir. Artıq 6 ildir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Heydər Əliyev Fondu və BMT-nin Əhali Fondunun birgə təşkilatçılığı ilə, keçirilən “Azərbaycan ailəsi” adlı film festivalı uğurla davam etdirilir. Filmlər festivalının keçirilməsinin əsas məqsədi kinematoqrafiyanın imkanlarından istifadə etməklə ailə dəyərlərinin, milli-mənəvi dəyərlərin gənclər arasında təbliği, cəmiyyətdə bu istiqamətdə mövcud olan problemlərin işıqlandırılaraq həlli yollarının axtarılması və ailə institutunun inkişafına nail olunmasıdır. Keçən müddət ərzində 13-ü xarici rejissorlar tərəfindən olmaqla, təşkilat komitəsinə 170-ə yaxın film təqdim edilmişdir.
- Bəzən belə fikirlər səslənir ki, ölkəmizin şəhərlərində “müasirləşmə” prosesi surətlə getsə də, bölgələrdə qızların erkən ailə qurması problemi mövcuddur. Bu fikirlərə münasibətiniz necədir? Əgər belə bir problem varsa, bu ziddiyyətli durumu necə şərh edərdiniz?
- Fikrimcə, erkən nikahlar əhalidə mövcud yanlış stereotiplərlə bağlıdır. Onlar öz övladlarının həyatını, xoşbəxtliyini qurmaq istədikləri halda, tamam əks, mürəkkəb bir vəziyyətlə üzləşirlər. Çünki 16-17 yaşında uşaq nə psixoloji, nə fizioloji cəhətdən ailə qurmağa hazır olmur. Bir neçə il öncə, bizim Komitə tərəfindən problemin monitorinqi keçirilmiş, uyğun araşdırmalar aparılmışdır. Bunun əsasında ümumiləşdirilmələr aparılaraq konkret fəaliyyət planı işlənmişdir. Əhali arasında geniş maarifləndirmə proqramları aparılır və indi də aparılmaqdadır. Sevindirici haldır ki, məhz vətəndaşların bu işə cəlb olunması, onların fəal mövqeyi bizə bu işlərdə böyük yardım edir. Beynəlxalq təcrübənin də göstərdiyi kimi, nikah müqaviləsinin bağlanması nikaha daxil olan tərəflərin hüquqlarının daha yüksək səviyyədə qorunmasını təmin edir. Azərbaycan şəraitində bu praktikanın həyata keçirilməsi üçün daha geniş maarifləndirmə tədbirləri keçirilir. Bir çox hallarda ailə münaqişələri və boşanmalar qadınların iqtisadi baxımdan hüquqlarının pozulmasına gətirib çıxarır. Nikah müqaviləsinin tətbiq olunması yalnız uşaq və qadınların hüquqlarının müdafiəsini gücləndirmir, eyni zamanda, kişilərin də hüquqları qorunur. Biz nikaha daxil olan şəxslərin tibbi arayış təqdim etmək təklifi ilə də çıxış etmişik. Bunun məqsədi müəyyən genetik, xroniki xəstəliklərin qarşısını almaq, sağlam nəslin dünyaya gəlməsini dəstəkləməkdir. Bu, gənc ailələrə onların qarşılaşa biləcəyi problemlərin öncədən qarşısını almaqdır. Artıq bizim təklifimiz cəmiyyətdə müsbət qarşılanır və nikaha girən cütlüklərin bir çoxu tibbi müayinədən keçir.
- Bu sahədə görülən işləri necə qiymətləndirirsiniz?

- Azərbaycan Respublikasının ailə siyasətində də bu məsələlər prioritet istiqamət təşkil edir. Dövlətin güclü və təkmil qanunvericilik bazası mövcuddur. Eyni zamanda ratifikasiya edilmiş Konvensiyalara əsasən daxili qanunvericilikdə müəyyən islahatlar aparılmışdır. Ölkədə Ailə Məcəlləsi, “Ailə kəndli təsərrüfatı haqqında”, “Gender (kiºi və qadınların) bərabərliyinin təminatları haqqında”, “Məişət zorakılığının qarşısının alınması haqqında”, “Uşaq hüquqları haqqında”, “Sosial müavinətlər haqqında”, “Ünvanlı dövlət sosial yardımı haqqında” və digər Qanunları qəbul edilmişdir. Ailə və Cinayət Məcəllələrində dəyişikliklər və əlavələr edildi. Ailə Məcəlləsində nikah yaşının qızlar üçün 18-ə qaldırılmış və kişilərlə hüquqları bərabərləşdirilmişdir. Cinayət Məcəlləsində qadını, xüsusən yetkinlik yaşına çatmayan qızları nikaha daxil olmağa məcbur etməyə görə xüsusi maddə ilə məsuliyyət müəyyən edilmişdir.
Ailə İnstitutunun möhkəmliyi, həmin cəmiyyətin və dövlətin güclənməsi və inkişafına gətirib çıxarır. Son iyirmi il ərzində əhalimiz 20 il ərzində bu rəqəm 2 milyon 500 nəfər artaraq 2013-cü ildə 9 milyon yarım nəfərə çatmışdır. Bu gün Azərbaycanda 2 milyon ailə vardır. Hər il ölkədə 80 min nikah qurulur. Azərbaycan Hökunətinin siyasətinin mərkəzində vətəndaş və onun sosial rifahı dayanır. Bir sıra dövlət proqramlarında, o cümlədən, «Regionların sosial-iqtisadi inkişafı» və “Yoxsulluğun azaldılması və davamlı inkişaf”, «Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə” və s. Maddi vəziyyəti aşağı olan ailələrin, xüsusilə çoxuşaqlı, aztəminatlı və Ermənisatnın torpaqlarımızı işğal etməsi nəticəsində məcburi köçkün düşən ailələrin sosial müdafiəsi sahəsində ölkəmizdə sistemli şəkildə işlər görülür. Hazırda ölkədə ünvanlı sosial yardım alan əlil ailələrin sayı 27 712, məcburi köçkün ailələrin sayı 11 898, aztəminatlı ailələrin sayı isə 133 613-dir. Azərbaycan dövlətinin ailənin inkişafı, cəmiyyətdə onun yerinin möhkəmləndirilməsi məqsədi ilə həyata keçirdiyi ardıcıl tədbirlər ailənin müdafiəsini və ailəyə dövlət qayğısını təmin edir. Ermənistanın hərbi münaqışəsi nəticəsində ciddi sosial-psixoloji çətinliklərlə qarşılaşan qaçqın və məcburi köçkün ailələrinə, həmçinin aztəminatlı və çoxuşaqlı, gənc ailələrə, tənhalara, tək valideynli ailələrə, cəzaçəkmə müəssisələrində cəza çəkən qadın və uşaqlara dövlətin daimi diqqəti sayəsində həmin insanların bir çox problemləri artıq həll olunmuşdur. Ailələrin qorunması üzrə həyata keçirilən layihələrdən biri də, əhalinin sağlamlığı sahəsində görülən işlərdir. Bu ilin əvvəlində ölkə başçısı cənab İlham Əliyevin tapşırığına uyğun olaraq yarım milyondan çox insan dispanserizasiyadan keçmişdir. Bu, isə dövlətin ailələrin sağlamlığına olan diqqət və qayğısının əyani sübutudur.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Komitənin nəzdində fəaliyyət göstərən 11 Uşaq və Ailələrə Dəstək Mərkəzi, alternativ qayğı modeli olaraq, icmada risk qrupuna aid olan ailə, qadın və uşaqlara göstərilən dəstəyi özündə birləşdirir, vətəndaşların müraciəti əsasında onları müxtəlif xidmətlərə yönəldir, fəaliyyətini icmanın tələbatına uyğun qurur, əhalisi arasında müxtəlif mövzularda maarifləndirmə işləri aparılır. Mərkəzlər tərəfindən minlərlə ailələrə psixoloji, hüquqi, tibbi yardımın alınmasında köməklik edilmişdir.
Mən, fürsətdən istifadə edib, Azərbaycan ailələrini bir daha ürəkdən təbrik edir, uzun ömür, mehribanlıq, qarşılıqlı sevgi və səadət arzulayıram.
Fuad
banner

Oxşar Xəbərlər