• çərşənbə axşamı, 23 aprel, 10:46
  • Baku Bakı 20°C

Ailə, yoxsa karyera? - Polemika

09.12.14 09:54 4230
Ailə, yoxsa karyera? - Polemika

Hər bir insanın həyatında üç əsas amil rol oynayır: sağlamlıq, ailə və iş. İnsan həyatı fərqli olduğu kimi, insan fikirləri də müxtəlif və fərqlidir. Bəzi insanlar üçün ailə, bəziləri üçün isə karyera daha vacibdir. Bunun hər ikisini bir arada aparmağın mümkün olduğunu da qeyd edənlər az deyil. Bəs gənclərimiz nə düşünür? Ailə yoxsa karyera?
“Cəmiyyətə güclü qadınlar lazımdır”
Aytəkin Qardaşova, filoloq
Aytəkin hesab edir ki, qadın və karyeranın ikisinin bir arada işlədilməsi bir çox insanlar, xüsusilə də kişilər üçün qorxunc görünür. Onun sözlərinə görə, bəzi kişilər qadına ənənəvi “mətbəx və məişət qayğıları”nı çəkən insan kimi baxır: “Mən bunun qəti şəkildə əleyhinəyəm. Qadın da kişinin etdiyi işlərin öhdəsindən gəlməyi bacarar. Hətta bu, onda kişilərdən daha yaxşı alınar. Məncə, hər bir qadının buna potensialı çatar və düşünürəm ki, intellektdə, məqsədə çatmaqda və pul qazanmaqda qadın kişi ilə eyni hüquqa malikdir. Əfsuslar olsun, biz elə bir cəmiyyətdə yaşayırıq ki, bu gün çox az qadın öz hüquqlarından xəbərdardır”.
Həmsöhbətimiz düşünür ki, qadına hər şeydən öncə xoşbəxt ailə lazımdır. Onun sözlərinə görə, qadın həm işini, həm də ailəsini tarazlığı pozmadan idarə etməyi bacarmalıdır: ““İş, yoxsa ailə?” Bu sual məşhur aktrisa Merilin Monronun bir deyimini yadıma salır: “karyera qurmaq möhtəşəmdir! Amma soyuq gecələrdə karyeranı qucaqlayıb yatmaq olmur”. Bəlkə də çox açıq-saçıq fikirdir. Amma istənilən qadın üçün bu, bir həqiqətdir. Qadına öncəliklə xoşbəxt ailə lazımdır. Lakin müxtəlif səbəblərə görə bu, alınmaya bilər. Bu zaman onun imdadına yaxşı karyera çatır. Yaxud cəmiyyətimizdə elə qadınlar da var ki, çox böyük potensiala sahibdirlər. Həm ana, həm ailə sahibi ola bilir və eyni zamanda karyera da qura bilirlər. Bax, bu, əsl qadın duruşudur. Qadın zərif məxluqdur, amma əsla zəif deyil. Fikrimcə, qadınlar bir növ zamana rəhbər kəsilməli, zaman mövzusunda çox həssas davranmalıdırlar. Həm iş, həm də ailə həyatını tarazlamaq vacibdir. Evdə ana, qayğıkeş yoldaşdırsa, işdə də bir o qədər peşəkar olmalıdır. Buna görə də, yüksəlmək istəyən hər qadın planlamağı öyrənməli və mövqeyini yaxşı ayırd etməlidir”.
Aytəkin düşünür ki, hər bir gənc, xüsusilə də gənc xanımlar seçimlərini düzgün nişan almalıdırlar. Onun sözlərinə görə, ərə getmək xatirinə nə ailəni, nə də karyeranı oda atmağa dəyməz: “Bəzən bir çoxları “qonşudan geri qalma” prinsipi ilə addım atırlar. Ərə getmək xatirinə hətta karyeralarını da bada verirlər. Mənim fikrimcə, ərə getməklə ailə qurmaq eyni deyil. Boşanmalar artıq bu gün adi hala çevrilib. Cəmiyyət mənəvi və əqli cəhətdən böhran yaşayır. Ailə qadın üçün əsadır, tutunmasa büdrəyər. Karyera isə maşın kimidir. Maşın qəzaya düşəndə sən çolaq qala bilərsən. Bu zaman əlində tutmağa əsa yoxdursa, demək, heç vaxt güclü qadın olmamısan. Gərək qadın o qədər iradəli və əzmli ola ki, özü ayağa qalxa bilə. Bunu bacara bilən xanımlar var, bacarmayanlara isə taleyin qurbanı deməzdim. Bəzən qurban məsələsində bizim rolumuz daha çox olur”.
Aytəkin sonda vurğuladı ki, hər bir qadın ailəsini də, karyerasını da qorumalıdır: “Dahi Hüseyn Cavid əbəs yerə deməyib :“Qadın gülərsə, şu issız mühitimiz güləcək, Sürüklənən bəşəriyyət qadınla yüksələcək”. Buna görə də bəşəriyyətə güclü karyeralı qadınlar lazımdır”.
“Qadın karyera söhbətində asta olmalıdır”
Samin Səfərov, jurnalist
Samin ailə qurmaq, yoxsa karyera arasında seçim etməkdə çətinlik çəkir. O deyir ki, bu sual “atan yaxşıdır, yoxsa anan” sualına cavab vermək qədər çətindir: “Mənim üçün karyera və ailə vəhdət təşkil edir. Nə ailəmi karyerama, nə də ki karyeramı ailəmə qurban verə bilmərəm. Hər insanın arzusudur ki, istər iş, istər təhsil, istərsə də ailədə uğur qazansın. Çünki pul olmadan xoşbəxtlik də olmur. Buna görə, mən karyeramı qurmadan ailə qura bilmərəm. Seçim qarşısında qalsam belə, təbii ki, karyeramı qurub sonra ailə həyatını seçərdim. Düzdür, ailə qurmaq da karyera qədər önəmlidir. Amma kişinin yaxşı işi, gəliri olmadıqda, o qədər də uğurlu ailəsi olmur”.
Samin deyir ki, karyera və ailə seçimi oğlanlara nisbətən qızlarda çətinlik yaradır: “Kişilər həm işdə yüksələ, həm də ailə sahibi ola bilər. Amma xanım öz qayğısını, nəvazişini, sevgisini öz ailəsinə həsr etməlidir. Elə işlər var ki, onlar, sadəcə, diqqət tələb edir. Bu da yalnız qadının öhdəliyindədir. Hazırda hər bir qadın mükəmməl karyerası olması üçün çalışır və bunu arzu edir. Statistika göstərir ki, gənc xanımlar ailə qurmaqdan çox gələcəyi üçün mükəmməl karyeraya can atır. Məncə, mükəmməl karyeraya sahib olan qadın mükəmməl ailəyə sahib ola bilməz. Əgər qadın zamanın çox hissəsini ailəsinə deyil, işinə həsr edirsə, o zaman onun necə mükəmməl ailəsi ola bilər?”. Müsahibimiz düşünür ki, türk seriallarında yaradılan azad qadın obrazları ailə dəyərlərimizi sarsıdıb: “Xüsusilə Türkiyədə çəkilən seriallar Azərbaycan qadınını çox dəyişib. Əgər bundan bir neçə il öncəyə qədər xanımlarımız gözəl ailə, sevimli ana olmağı düşünürdülərsə, indi əksəriyyəti “mən ər çörəyinə möhtac olmaram” deyirlər”. Amma düşünmürlər ki, ər dediyi həyat yoldaşı onu sevən, qoruyan və bir ömür boyu onunla yaşlanan insandır. Belə düşüncələr dağ boyda ailə anlayışını əksildib bir təpəyə çevirib. Qadının işləməsinə normal baxıram, ancaq qadın kişilərə nisbətən karyera söhbətində asta olmalıdır”
“Yaxşı ailəyə hər şey qurban verilə bilər”
Əntiqə Muradova, yazıçı
Əntiqə düşünür ki, bu gün kişilər güclü qadınları qəbul etmək istəmirlər. Müsahibimiz hesab edir ki, istər ailə, istərsə də karyera olduqca mühüm amildir: “Mənim üçün gənc yazar kimi qələm nə qədər müqəddəs sayılırsa, gənc xanım kimi də ailə müqəddəsdir. Xanımın yaxşı ana olmağı üçün ən vacib amil onun ziyalı olmağıdır. Bunun üçün qadının təhsilinə öncə bu aspektdən yanaşmalıdır. Qadın təkcə ailəsinə yox, həm də cəmiyyətə yararlı olmalıdır. Əslində kişi ilə qadının dünyaya baxışını müqayisə etsək, qadının ən adi bir vəziyyətə tam başqa müstəvidən baxdığını görərik. Mən qadın fəlsəfinin də tam fərqli olduğunu deyərdim. Mənim üçün ailə nə qədər müqəddəsdirsə, karyera da bir o qədər önəmlidir. Düşünürəm ki, karyera sevə-sevə, hər gün tələsdiyin işdir. Karyera yorulduğun vaxt o işin başında dincəlməkdir. Ailə isə tam başqa bir mövzudur. Qadın nə qədər işləyirsə işləsin, hara gedirsə getsin, hansı uğuru qazanırsa qazansın, onun ən sonda dayandığı yer bir kişinin çiynləridir. Məncə, ailəyə hər şey qurban verilə bilər. Təbii ki, söhbət təmiz ailəndən gedirsə...”.
Müsahibimizin fikrincə, karyeradan öncə, hər bir qadının yaxşı kişiyə, hər bir kişinin də yaxşı qadına ehtiyacı var.
Aygün ƏZİZ

banner

Oxşar Xəbərlər