Ailə tipli bağçalar nə vəd edir?
Azərbaycanda yeni tip
bağçalar - icma, ailə, bələdiyyə bağçaları yaradılacaq. Trend xəbər verir ki, bu barədə Milli Məclisə təqdim
olunmuş "Azərbaycanın 2017-ci il və gələn üç il üzrə iqtisadi-sosial
inkişaf konsepsiyası"nin layihəsində qeyd olunub. Layihəyə görə, ölkə üzrə
azyaşlı uşaqların məktəbəqədər təhsilə cəlb olunma səviyyəsinin orta Avropa
göstəricisi səviyyəsinə çatdırılması məqsədilə dövlət uşaq bağçaları şəbəkəsi
genişləndiriləcək, onların şərait və təchizatı yaxşılaşdırılacaq. Bununla
yanaşı, ölkədə mülkiyyət formasına görə bələdiyyə, icma, özəl, ailə bağçaları
tipli məktəbəqədər təhsil müəssisələri yaradılacaq. Qeyd edək ki, hazırda
Azərbaycanda dövlət və özəl məktəbəqədər təhsil müəssisələri fəaliyyət
göstərir. Layihəyə əsasən, məktəbəqədər təhsilin əhalinin bütün təbəqələri üçün
əlçatan olması məqsədilə müxtəlif formaların, o cümlədən qısamüddətli, ailə
tipli (icma əsaslı) təhsil xidmətlərinin tətbiqi nəzərdə tutulur. Layihəyə
məktəbəqədər təhsil müəssisələri şəbəkəsinin optimallaşdırılması məsələsi də
daxil edilib.
Bəs görəsən ailə
bağçalarının funksiyaları necə olacaq? Bu sahədə kadr məsələsi necə
tənzimlənəcək?
"Alternativ bağçalar "göydəndüşmə”
olardı”
"Sağlam Toplum”
İctimai Birliyinin sədri Lalə Mehralı deyir
ki, Azərbaycanda bu tip yeniliyə ehtiyac var.
Çünki hazırkı dövlət bağçalarında məktəbəqədər hazırlıq qruplarında uşaqlara
demək olar ki, heç nə öyrədilmir: "Daha doğrusu, bağçalarda məktəbə qəbul şərtlərinə cavab
verə biləcək hazırlıq olmur. Çünki indi
məktəbə qəbul edilən uşaqdan elə şeylər tələb olunur ki, onları biz vaxtilə
2-3-cü sinifdə öyrənirdik. Əvvəllər bağçada
saymaq, şer demək, nağıl söyləmək öyrədilirdi. İndi məktəbə qəbul edilən uşaqdan
tələb edilir ki, bağçada yazmağı, oxumağı öyrənməli, rəqəmləri tanımalıdırlar.
Yəni ibtidai təhsili bağça verməlidir. Bəs məktəb nəyə lazımdır? 4-5 yaşlı
uşaqlar bağçada yazıb-oxumaq öyrənəcəksə, məktəbə nə ehtiyac var? Bu məsələnin
bir tərəfidir. Digər tərəfdən isə məktəbəqədər hazırlıq kursları və özəl bağçalardakı şərait adi insanlar üçün
əlçatan deyil. 200-300 manat aylıq vəsaitin tələb olunduğu bu müəssisələrdə hər
vətəndaş uşaq oxuda bilmir”.
L.Mehralı
bəzi vacib məqamlara da diqqət çəkdi: "Amma bu gün hər istəyənə bağçada yer tapılırmı? Məlumdur
ki, bağçaların əksəriyyətində məcburi köçkünlər məskunlaşıb. Əvvəllər 10 otaq
istifadə edilirdisə, indi bağçanın 4-5 otağı uşaqlara verilir. Bu otaqlar da bölünür
- körpələr, uşaqlar, məktəbəqədər hazırlıq qrupları var. Hər qrupda normalda 12
uşaq olmalıdırsa, 25-30 uşaq olur. Üstəlik, məktəbəqədər hazırlıq qrupunda 4-6
yaşlı uşaqlar bir yerdə olur. 4 yaşlı uşaq hələ nə anlayır ki, məktəb,
hazırlıq, yazmaq, oxumaq nədir? Təbii ki, onlarla 6 yaşlıların eyni qrupda
məktəbə hazırlaşdırılması çətin olur. Bu
səbəbdən də özəl kurslara ehtiyac yaranır. Ümid edirəm ki, yeni layihədə
nəzərdə tutulan müəssisələr sadə vətəndaş üçün əlçatan olacaq. Övladını yüksək
məbləğə hazırlıq kurslarına qoya bilməyənlər üçün dövlətin yaradacağı bu
alternativ bağçalar "göydəndüşmə” olardı. Təhsilin keyfiyyətinin Avropa səviyyəsinə çatdırılması məsələsinə
gəldikdə isə bununla heç razı deyiləm.
Bizim ölkədə şagirdlər Avropa ölkələrindəki şagirdlərdən daha çox dərs yükü
daşıyır, daha çox oxuyur”.
"Ciddi kadr çatışmazlığı ilə üzləşəcəyik”
Təhsil eksperti Kamran Əsədov deyir ki, bu
gün bir çox rayonlarda bağçaya cəlb olunan uşaqların ümumi sayı həmin yaş
kateqoriyasına aid olan uşaqların cəmi
bir faizini təşkil edir: "Gədəbəy, Daşkəsən kimi rayonlarda çox az
bağçaya uşaq gedə bilir. Ona görə də
hesab edirəm ki, ailə bağçalarının yaradılması çox vacibdir. Ailə tipli bağça
formasında bir neçə ailə birləşərək, ümumi qeydiyyatdan da keçə bilər.
Qanunvericiliyə görə, icma, ailə və bələdiyyə bağçaları yaradılacaq. Uşaqların
məktəbəqədər biliklərini normal səviyyəyə çatdırmaq üçün uşaq bağçalarının
şəbəkəsini genişləndirmək vacibdir. Lakin elə bir imkan yoxdur ki, hər bir uşaq
ayrıca uşaq bağçasına cəlb olunsun. İndiyə kimi dövlət və özəl bağçalar var
idisə, bundan sonra bələdiyyə, özəl ailə uşaq bağçaları da olacaq. Ailə
bağçalarının yaradılmasının əsas məqsədi
bütün təbəqələr üçün şərait yaratmaqdır. Ümumi uşaq bağçalarında uşaqların
təhsil müddəti iki yaşdan 6 yaşa qədərdirsə, ailə uşaq bağçalarında bu müddət
bir qədər qısa olacaq. Yəni, bu tipli bağçalar
daha azyaşlı uşaqlar üçün nəzərdə tutulub”.
Ekspert bu sahədəki peşəkar kadr
çatışmazlığından da söz açdı: "Bu gün məktəbəqədər təhsil müəssisələrində
kadrların heç də hamısı bu ixtisas üzrə ali təhsil almayıb. Dövlət uşaq bağçalarında 15331 nəfər pedaqoji
işçi işləyir. Onların isə cəmi 31,6 faizi ali təhsil alıb. 3 faizi işçi natamam ali təhsilli, 61 faizi isə heç bir
təhsili olmayan şəxslərdir. 1556 uşaq bağçasının isə cəmi 66 faizinin
rəhbərləri ali təhsil alıb. Ali məktəbləri bu ixtisas üzrə bitirən şəxslər
ixtisasları üzrə təhsillərini davam etdirmir və bu sahə üzrə işlə təmin
olunmurlar. Əgər biz yaxın zaman ərzində
ailə tipli bağçalara keçid edəcəyiksə,
ciddi kadr çatışmazlığı ilə üzləşəcəyik”.
Şəbnəm