Ailə sisteminin “sabitlik yaşı”nda boşanma baş verirsə...
2018-ci ilin dörd ayı ərzində Ədliyyə
Nazirliyinin rayon, şəhər qeydiyyat şöbələri
4868 boşanma halları qeydə alınıb. Xüsusilə də müəyyən yaş qruplarında
boşanmalar daha çox müşahidə edilir. Belə ki, Dövlət Statistika
Komitəsindən bildirilib ki, boşanmalar kişilər arasında daha çox 30-34
yaş qrupları arasında olub. Bu yaş qrupunda olan kişilərin 1197 nəfəri boşanıb.
Məlumatda qeyd edilib ki, 25-29 yaş arası boşanan qadınların sayı isə 1299
nəfər təşkil edib. Sözsüz, heç kim boşanmaq üçün evlənmir. Hər kəs qurduğu
ailənin davamlı və xoşbəxt olmağınıistər. Amma təəssüflər olsun ki,
evlilikdən sonrakı dövrdə yaşananlar bəzi cütlüklərin boşanmasına səbəb olur.
Münasibətlərin soyuması, aradakı sevginin bitməsi və ya sevginin heç olmamağı
və s. kimi nüanslar ayrılığa gətirib çıxardır. Amma deyək ki, evləndikdən az
müddət sonra – tutaq ki, 20-25 yaş arasında boşanmaları müəyyən səbəblərlə izah
etmək olar. Amma 30-34 yaş arasında olan şəxslər evliliyin ilk illərində
yaşanan çətinlikləri arxada qoymalı, bəlli bir ailə sistemlərini
formalaşdırmağa nail olmalıdırlar axı. Ancaq statistik rəqəmlər göstərir ki,
ailə həyatında stabilliyin əldə edilməli olduğu bir vaxtda, boşanmaların sayı
artır. Bunun səbəbini mütəxəssislərdən öyrənməyə çalışdıq.
"Sağlam Cəmiyyət” İctimai birliyinin sədri Lalə Mehralı bildirdi ki,
bu yaş aralığında boşanmaların bir neçə səbəbi var: "Şəxsi müşahidəmdən çıxış
edərək deyə bilərəm ki, bu yaşdakı boşanmaların səbəblərindən biri nikahın
erkən yaşda, valideynlərin müdaxiləsi ilə qurulmasıdır. Məsələn, 18-20 yaşında
evlənən xanım, 20-22 yaşında evlənən oğlan ölçüb biçmədən ailə qurur. Çox zaman
valideynlər məsləhət görür, tərəflər də bir-birini ötəri tanıyır və evlənirlər.
Düşünürlər ki, tərbiyəli, mədəni, əxlaqlı olmaqla iş bitir. Bəs sevgi? Əksər
hallarda da, sevgi olmadan, sadaladığım səbəblər əsas götürülərək ailələr
qurulur. Əlbəttə, bir ailənin qurulması üçün bu səbəblər də vacibdir, amma sevgisiz
çətin ki, həmin ailə uzun müddətli davam etsin. Bəzən isə xasiyyətin
uyğunlaşmamağı ucbatından da ailələr dağılır. Gənclər evlənərkən bir-birilərinə
özlərini olduqları kimi tanıtmır, bəzi xasiyyətlərini gizlədir, səmimi
olmurlar. Amma evləndikdən sonra istər-istəməz xasiyyətdəki uyğunsuzluq özünü
büruzə verir. Nəticə etibarı ilə bir neçə ildən sonra evliklərini bitirirlər.
Bu dönəm də, elə göstərilən yaş dövrünə təsadüf edir. Yəni həmin yaş aralığında
olan insanlar, hələ gənc olduqlarını, istəmədikləri, zövq almadıqları
münasibəti bitirməyi düşünürlər”.
Birliyin
sədri, bu yaş aralığındakı boşanmanın digər səbəbi kimi tərəflərin iqtisadi
azadlığını da misal göstərdi: "Kişilər, iqtisadi baxımdan valideynlərindən
asılı olduqları zaman, onların məsləhət gördüyü biri ilə yaşayıb, heç nə
demədən evliliklərini davam etdirirlər. İqtisadi baxımdan ailədən asılı
olmadıqda, yəni hər cəhətdən özünü təmin edən kişilər, sevmədikləri qadınla
yaşamaq məcburiyyətində olmurlar. Bu, həmçinin xanımlara da aiddir. Belə ki,
iqtisadi cəhətdən həyat yoldaşından asılı olmayan, zorakılığa məruz qalan qadın
evliliyini rahat bitirir. İşləməyən, heç
bir gəliri olmayan xanım isə düşünür ki, boşansam, övladımı necə saxlayaram,
onun ehtiyaclarını aldığım alimentlə təmin edə bilərəmmi? Bu kimi suallar
qarşısında aciz qalan xanımlarımız istəməsələr də məcburi şəkildə evliliklərini
davam etdirirlər”.
Həmsöhbətimiz
tərəflərin bir-biri üçün adiləşməsi məsələsini də boşanmaya səbəb kimi
göstərdi: "Bəzən evlilikdən bir müddət sonra cütlüklər arasındakı əvvəlki
hislər, isti münasibət olmur. Xüsusilə də bu hal kişilərdə müşahidə olunur.
Digər tərəfdən, ailənin qayğısı, yükü zaman keçdikcə artır və bəziləri buna tab
gətirə bilmir. Sərbəst, rahat yaşamaq istəyir. Ona görə də boşanmaq qərarını
verir. Mənəvi yüklənmə olanda, tərəflərin heç biri evliliyi davam etdirmək
istəmir. Son zamanlar isə boşanmalara səbəb olan amillərdən biri də sosial
problemlərdir”.
"Ən böyük
səbəblərdə biri isə övladın olmamağıdır” deyən müsahibimiz bildirdi ki, əksər
ailələr uşaq yoxdursa, evliliyi davam etdirməyin də bir mənası olmadığını
düşünür: "Əgər araşdırma aparsaq, aydın olar ki, bu yaşlardakı boşanmaların
böyük əksəriyyətinə səbəb sonsuzluqdur. Deyərdim ki, onlar da öz istəkləri ilə
boşanmırlar. Nəvə istəyən valideynlərinin, onları qınayan qohumlarının təkidi
ilə boşanırlar. Təbii, az da olsa, uşaq olmur deyə, öz istəyi ilə də boşananlar
var. Yenə də sevgi mövzusuna gəlirik. Düşünmürəm ki, bir-birini sevib evlənən
iki insan uşaq olmur deyə ayrılsın. Məncə, sevgi və hörmət bir ailənin təməlini
möhkəmlədən ən əsas vasitədir”.
"Gənc Psixoloqlar”
İctimai birliyinin baş katibi Rövşən Uğur deyir ki,
güclü iradə, əzm və psixologiyaya sahib insanlar həmin yaş dövründə ailə
daxilində yaşanan problemləri, boşanmanı çıxış yolu kimi görmədən həll edə
bilir: "Yaş qruplarına görə boşanmalara baxdıqda, ən çox boşanma 30-35 yaş
aralığındadır. Boşanma səbəbləri arasında ailədaxili münaqişələr, cütlüklərin
bir-biri ilə yola gedə bilməməyi, məsuliyyətsizlik, laqeydlik kimi səbəbləri
göstərmək mümkündür. İnsan davranışları və ailə dəyərləri üzərində aparılan
araşdırmalar göstərib ki, 30 yaşdan sonra insanların həm maddi, həm mənəvi
yükləri artmağa başlayır. Cütlüklər, 30 yaşa çatdıqda, artıq valideynlik
rütbəsini qazanır və bu da onların istər şəxsi, istər iş həyatında
çətinliklərini artırmış olur. Birdən birə bu kimi çətinliklərlə qarşılaşan
insanlarda, özünəinamsızlıq, stress, laqeydlik və s kimi hisslərdə yüksəlmə
olur. Bu da insanın ailəsinə olan bağlılığının azalmasına və yoxa çıxmasına
səbəb ola bilir.
30
yaşlarında olan insan bu çətinliklərə dözə biləcək iradə, əzm və psixoloji
sabitliyə malikdirsə, həmin problemli dövrü rahatca keçər, əks təqdirdə isə
statistikadan da göründüyü kimi, boşanma və ya ayrılıqlar qaçılmaz olur”
Günel Azadə