• cümə axşamı, 28 mart, 17:03
  • Baku Bakı 16°C

Ailə eşqin dövlətidir

04.02.19 16:00 1150
Ailə eşqin dövlətidir
Niyə siyasətlə eşq arasında bir asılılıq, bir əlaqə olduğu iddia edilir? İkisində də hadisələr, vetolar və sədaqət andı olduğu üçün?!
Mənim nəzərimdə siyasət həqiqət axtarışıdır, amma toplumun ümumi marağında olan bir həqiqətin axtarışı. Toplum nəyin öhdəsindən gələ bilirsə, siyasət onun əslinin axtarışına çıxır. Məsələn, toplum hüquq bərabərliyi problemində hər zaman qərarverici tərəf ola bilirmi? Çoxluqdan fərqli olan hamını qəbul edə bilirmi? Ya da vahid dünyanın vahid ölkəsi fikrini necə qəbul edir? Əgər cəmiyyət bu məsələləri sorğulamağa, aydınlanmağa meyllənirsə, iqtidarı ələ almaq istəyən bu xəttə köklənir. Siyasətin iş mexanizminin kökündə "fərdlər bir yerə gəldikdə necə düşünür, necə qərar verir və nələr edə bilirlər?” suallarının cavabını tapmaq və bunlara istiqamət vermək durur. Eşqdə də bütün bu mexanizm iki nəfər arasında işləyir. Problem isə hər iki tərəfin fərqli zövqləri, düşüncə və baxışları qəbul edib, yaradıcı davranmaqda aciz olmasıdır. Eşqin idarəsini cəmiyyətə uyğunlaşdırmağın yolu ailədir, siyasətin xaos və özbaşınalığı əngəlləmək vasitəsi isə iqtidar, dövlətdir.
Siyasətdəki idarəetmə və standartlaşdırma mexanizmini ailədə anoloji olaraq, mülkiyyətə sahib çıxma və özmərkəzliliklə müqayisə etmək olar. Ailə sözünü "dövlət” məfhumu ilə əvəz edəsi olsaq, ailə eşqin dövləti kimi təqdim oluna bilər. Amma hakimiyyətə "toplumun arzularını reallaşdırmaq” məqsədilə gələn hər siyasi hərəkat niyəsə "ona bəslənən ümidi, inamı, xəyalları puç edir”. Ailə də eşqi eyni üsulla süquta uğradır. Çünki uşaqları, səyahət planlaşdırmalarını, işi, dostları, gəzintiləri, ziyafətləri, maddi problemləri eşqdən uzaq tutmaq çətindir. Eynilə siyasətdə də belədir. İqtidara gəlməmiş ümidlər böyük olur, düzgün idarəetmə ilə hər şeyin öhdəsindən gəlinəcəyi düşünülür. Halbuki dövlət idarəçiliyi mexanizmindəki bütün strukturlara, baş verən hadisələrə açıq, bərabərhüquqlu, inqilabçı bir siyasi yanaşma sərgiləyə bilmək o qədər çətindir ki, dünya tarixi bunun öhdəsindən ideal balansı qoruyaraq gələn siyasətçi görməyib.
Bir sözlə, hər iki sahədə incə nüanslar var. Siyasətin iş meydanı dövlətdir, amma bu əsla iqtidar sahibi olmaq cəhdi deyil. Siyasətin məqsədi cəmiyyəti yönləndirmək, toplumun böyük bir qisminin ortaq arzusunu, əlindən nə gəldiyini, həyat rifahını necə yüksəldə biləcəyini müəyyənləşdirməkdir. Cəmiyyəti irəli aparmaq üçün hamının rəğbətini qazanıb, ya da hamını güzsüzləşdirib alternativsizləşməyə ehtiyac yoxdur. Eşqin də ali məqsədi çoxalmaq, artmaq, törəmək deyil. Onun məqsədi insanı aliləşdirmək, təcrübələrdən keçirərək, möhkəmlətmək, fərddən şəxsiyyətə çevrilə bilənləri fərqləndirən duyğu olmaqdır. Hamıya şübhə ilə yanaşan bir "əxlaq” gözətçisi ailəni mənfi keyfiyyətlərin pərdəsi kimi görəcək. Eşq onun üçün varlığını göstərib, soyunu davam etdirmək uğrunda mübarizədir, ictimai hiylədir. Bunu əsla qəbul etməyəcəyəm.
Derrida özü üçün maraqlı bir "dostluq siyasəti” tezisi hazırlamışdı. Niyə cəmiyyətin "eşqin siyasəti” adlı bir kitab olmasın?! Amma bu əsla eşqlə siyasəti qarışdırmaq demək deyil. Məsələn, kimsə "bir-birinizi sevin” deyəndə, siyasi davranmır.
Siyasətdə sevmədiyimiz insanlar var, bu qaçınılmazdır. Heç kim bizdən onları sevməyimizi tələb edə bilməz. Ən azından bu nüans göstərir ki, eşqlə siyasət arasında ciddi fərq var. Siyasət düşmənlər arasında bir mübarizədir. Eşqdə isə tərəflər arasında sonsuz, aşılmaz fərqlər olsa da, qarşıya çıxan istənilən problemin həlli zamanı tərəflərdən sadəcə birinin belə sədaqəti və dürüstlüyü ön planda saxlaması eşqi yaradıcı bir varlığa, möcüzəli bir üçüncü idarəçiyə, qüdrətli bir hökmdara çevirir. Eşqdə tərəflərin hər ikisi ali olan duyğuya sorğu-sualsız tabe olur, onun hakimliyinə və qüdrətinə tabeçilikdən şikayətlənmir. Siyasətdə isə ən ibtidai çəkişmələrdə belə hərə öz mövqeyini müdafiə edir, bu isə açıq düşmənliklərin yaranması ilə nəticələnir. Eşqdə problem doğmaların, siyasətdə düşmənlərin atdığı addımlardan qidalanır. Bəs, düşmən kimdir? Əsl düşməndən bəhs edirəm. Eşqdə mütləq mənada düşmən yoxdur. Eşqdə maneələr, mənəvi dramlar, çöküşlər var. Sizin o düşmən kimi gördüyünüz, xəyanət səbəbi bildiyiniz üçüncü şəxslərin isə eşqlə qətiyyən əlaqəsi yoxdur. Eşqdə rəqib çəmbərin kənarında olan adamdır. Eşq iki nəfər arasındakı bazarlıqdır. Qısqanclığın eşqin təməl duyğularından biri olduğunu düşünən həmkarlarımla həmişə məhz bu nöqtədə fikir ayrılığımız olur. Prust iddia edir ki, eşqin ən özünəməxsus duyğusu qısqanclıqdır. Mən də deyirəm ki, bu əxlaq gözətçiliyinə meylli, məcburi əxlaq normaları gözləyib, məcburi əxlaq normalarına tabe olunmasını tələb edənlərin inancıdır. Geniş yayılmasının səbəbi isə bu düşüncədə olanların say çoxluğudur. Qısqanclıq eşqin sürgünüdür. Kiminsə nə qədər sevdiyini, necə sevməli olduğunu nümayiş etdirmək üçün mütləq üçüncü adam lazımdır?! Afərin sizə! Eşqin əzəməti üçüncü şəxsləri çəmbərin kənarında saxlaya bilməsindədir. Əgər yol üstünə çıxanlar eşqi yoldan saxlaya bilirsə, onu fərdin ibtidai duyğuları coşdura bilməz. Bu yerdə fərdə "ailə” adlandırdığımız kultural, ictimai idarəetmə mexanizminin tələbləri kömək edir. Çünki tərəflərdən biri həqiqət axtarışına başqa çəmbərdə davam etmək istəyir. Bu zaman digər tərəf onu "dövlət”-in qanunları və vətəndaşlarına qoyduğu vəzifələri yerinə yetirmək tələbi ilə hədələyir. Fərdin eşq axtarışları, həqiqət axtarışları bununla da bitir.
Eşqin düşməni birdir – eqoizm. Yəni, yaşadığın eşqin dadı yoxdursa, günahkar axtararkən bunları de: "Bu eşqin ən mərhəmətsiz düşməni, o məğlub etməyə çalışdığım adam mənəm. Fərqliliyi görməzdən gələn, başqa bir mənəvi dünyanın üstündə öz dünyasını görmək istəyən, ikiliyə qarşı öz istəklərimi, şəxsi iradəmi ön plana çəkən mənəm”.
Həqiqəti tapmağın bir çox yolu var. Bunun biri də eşqdir. Digər bütün yollar kimi burada da savaş labüddür. Şiddətli davalar, həqiqi kədərlər, ruhunuzu göyə sovuran ayrılıqlar, öhdəsindən gələ bilmədiyiniz məcburiyyətlər – bunlar hamısı eşqə daxildir. Müharibə eşqlə müqayisədə yer üzünə daha çox sülh, daha çox xoşbəxt sonluqlar gətirib. Eşq uğrunda ölənlər, öldürənlər, yaradıb, yaşadanlardan daha çoxdur. Özlüyündə həqiqətini tapmağa çalışan bu duyğu inqilabi bir siyasətdən daha ölümcüldür.

Aleyn Beydiu və Nikola Tranq
Mənbə: "LiteraryHub”

İngilis dilindən tərcümə edən: Elcan Salmanqızı

banner

Oxşar Xəbərlər