• cümə, 19 Aprel, 20:20
  • Baku Bakı 24°C

Aİİ-yə üzvlük məsələsi Özbəkistanı ikiyə bölüb

25.11.19 17:23 770
Aİİ-yə üzvlük məsələsi Özbəkistanı ikiyə bölüb
Respublikada inteqrasiyanın müsbət və mənfi tərəfləri müzakirə olunur

Özbəkistanın yaxın perspektivdə postsovet məkanın ən iri inteqrasiya layihələrindən olan Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzv olacağı barədə xəbərlər gündəmə gəlib. Avrasiya xəritəsində əhəmiyyətli geosiyasi vəziyyətə malik və 32 milyonluq əhalisi olan Özbəkistanın quruma üzv olması, Avrasiya İqtisadi İttifaqı üçün mühüm əhəmiyyət kəsb edə bilər. İrimiqyaslı planları və modernləşmə siyasəti yeridən Özbəkistanın quruma üzvlüyü Aİİ-ni, əhali sayı 200 milyona çatan bir təşkilata çevirə bilər, ona, birləşmiş bazara malik, əhəmiyyətli oyunçu olmaq imkanı verər. Eyni zamanda Daşkəndin Aİİ ailəsinə qoşulmasının təşkilatı ciddi çağırışlar qarşısında qoyacağı da vurğulanır. Belə ki, təşkilat yarandığı vaxtdan indiyə qədər belə bir ciddi və böyük oyunçunun qoşulması ilə qarşılaşmayıb. İnteqrasiya, birləşmə tərəfi olan hər iki tərəf üçün ciddi səylər və transformasiya tələb edir. Bu, Aİİ üçün ciddi test deməkdir, eyni zamanda onun gələcək inkişafı üçün yeni imkanlar aça bilər. Ekspertlər hesab edir ki, Özbəkistanın Avrasiya İqtisadi İttifaqına üzvlük barədə planları onun xarici iqtisadi strategiyasında başladığı köklü dəyişikliklərlə bağlıdır. Bu dəyişikliklər sözsüz ki, Şavkat Mirzoyeyevin 2016-cı ildə hakimiyyətə gəlməsindən sonra başlayıb. Bəlli olduğu kimi, onun xələfi İslam Kərimov, Özbəkistan 1991-ci ildə müstəqillik əldə etdikdən sonra yalnız daxili istehsal və daxili bazara üstünlük verirdi. Belə bir model sərt izolyasiya siyasəti, qlobal konyukturadan, ticarət tərəfdaşlarının siyasi əhval-ruhiyyə və dəyişikliklərdən asılı olmamasını nəzərdə tuturdu. Eyni zamanda belə bir strategiya inkişafın qarşısını alan ciddi məhdudiyyətə gətirib çıxarırdı. Özbəkistanın daxili bazarı müəyyən həcmə malik olsa da, yüksək alıcılıq qabiliyyəti ilə fəxr edə bilməz. Bu səbəbdən də iqtisadiyyatın inkişaf potensialı məhduddur. Bəllidir ki, ixracın dəstəyi olmadan, yeni bazarlara çıxmadan iqtisadiyyatın inkişafı mümkün deyil. Belə bir vəziyyətdə yeni prezident praktiki olaraq hakimiyyətə gəldikdən dərhal sonra xarici siyasi və iqtisadi strategiyada ciddi dəyişikliklərə imza atdı. Əvvəlcə Mərkəzi Asiya regionu ölkələri, sonra isə daha uzaq bazarlara ixrac üçün əlverişli mühit yaradılması qarşıya məqsəd qoyuldu. Belə bir vəziyyətdə isə Aİİ ilə əməkdaşlıq və münasibətlərin instituzalizasiyası qarşıya çıxdı. Hələ ki, rəsmi Daşkənd ikitərəfli əməkdaşlığa üstünlük versə də, üzvlük məsələsi geniş müzakirə olunur. Özbəkistanın hazırda Çin, Rusiya, Qazaxıstan və digər ölkələrlə əməkdaşlığı yüksələn xətlə gedir.
Maraqlıdır ki, Özbəkistanın quruma üzvlük məsələsi cəmiyyətdə sözü əsl mənasında ikitirəliyə yol açıb. İnteqrasiya tərəfdarları ilə əleyhdarları öz arqumentlərini ortaya qoyublar. Əleyhdarlar hesab edirlər ki, Özbəkistan əvvəlcə Ümumdünya Ticarət Təşkilatına (DTT) üzv qəbul olunsa, yaxşıdır. Bununla, beynəlxalq ticarətdə bərabər hüquqlu dövlət statusu almalı, sonra isə regional birliklərə üzv olmalıdır.
Rusiya mediası dərhal diqqəti ona yönəldir ki, belə bir arqumenti səsləndirənlər ABŞ ticarət nazirinin bəyanatından sonra aktivləşiblər. Nazir bəyan edib ki, Özbəkistanın Aİİ-yə üzvlüyü onun Ümumdünya Ticarət Təşkilatına üzvlüyünü çətinləşdirə bilər. Belə götürəndə, arqumenti səsləndirən əleyhdarlar düz deyirlər. Ümumdünya Ticarət Təşkilatına üzvlük əhəmiyyətli və prestijli məsələdir. Lakin bunun neqativ tərəfdarları da var. Belə ki, hazırda dünya ticarətində qlobal dəyişikliklərin, ticarətin regionallaşdırılması və mütəmadi himayədarlıq siyasətini müşahidə edirik. Hər bir ölkə milli istehsalçılar üçün əlverişli şəraitin yaradılmasına, onların xarici şirkətlərlə rəqabətə girməsinə çalışır. Əgər 2010-cu ildə DTT proteksionizmə, ayrı-seçkiliyə qarşı effektiv mexanizm idisə, bu gün artıq siyasi planda, eləcə də, mübahisələrin həli məsələsində təsirini itirib. Sirr deyil ki, DTT-in əsas iş aləti olan arbitraj məhkəməsi praktiki olaraq ticarət mübahisələrini həll etmək iqtidarında deyil. Burada daha çox hakimlərin təyinatı, ilk növbədə Vaşinqtonun mövqeyi əsas götürülür. Ağ Ev hər vəchlə təşkilatın nüfuzunun aşağı düşməsinə çalışır.
Lakin məsələ ondadır ki, Aİİ Özbəkistanı öz sıralarına daxil etmək imkanındadırmı? Belə ki, indiyə qədər Aİİ belə nəhəng oyunçunu öz tərkibinə daxil etmək təcrübəsi yaşamayıb. Ən əsası Daşkənd öz qanunvericiliyini və gömrük norma və qaydalarını Aİİ standartlarına uyğunlaşdırmalıdır. Bu da ölkənin biznes dairələrində ciddi çətinliklər yarada bilər. Üzv dövlətlərin hər birini Aİ-nin gömrük yığımında Özbəkistanın payı ilə bağlı ciddi danışıqlar gözləyə bilər.
Bəs Daşkənd quruma üzvlükdən nə qazana bilər? Rusiya mediası iddia edir ki, ilk növbədə Avrasiya İqtisadi Komissiyasının imkanlarından istifadə edə biləcək. Bu o deməkdir ki, Daşkənd regional ticarət məsələlərində ideyalarını irəli sürmək mexanizmi qazanacaq. Eyni zamanda standartlaşma, sertifikasiya və s. məsələlərdə üstünlük qazana bilər. Ən əsası Qırğızıstan təcrübəsi göstərir ki, özbək miqrantlar qarşısında da geniş imkanlar açıla bilər. Nəzərə alaq ki, Özbəkistan əhalisi sayca çoxdur və bu da həddən artıq güclü sosial effekt yarada bilər. Eyni zamanda üzvlük istiqamətində birinci mərhələdə müəyyən formatlar hazırlamaq olar. Məsələn, Aİİ ilə azad ticarət zonası yaratmaq, yaxud müşahidəçi və ya tərəfdaş statusu əldə etmək mümkündür. Bütün bunlara baxmayaraq, Daşkəndin quruma üzvlüyü hələ ki, sözdədir və bu ideya reallaşarsa belə, onu qarşıda ciddi danışıqlar gözləyir.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər