• şənbə, 20 Aprel, 14:37
  • Baku Bakı 23°C

Aida İmanquliyeva Azərbaycanda multikulturalizm mühitinə əhəmiyyətli töhfələr verib

09.10.17 18:48 2530
Aida İmanquliyeva Azərbaycanda multikulturalizm mühitinə əhəmiyyətli töhfələr verib
Oktyabrın 9-da Azərbaycan Dillər Universitetində (ADU) bu ali məktəbin multikulturalizm elmi-tədqiqat laboratoriyasının və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin birgə təşkilatçılığı ilə "Auditoriya+” proqramı çərçivəsində görkəmli şərqşünas alim Aida İmanquliyevanın anadan olmasının 78-ci ildönümünə həsr edilən "Şərq-Qərb əlaqələrinin multikultural tədqiqi” mövzusunda "dəyirmi masa” keçirilib.
AZƏRTACxəbər verir ki, ADU-nun rektorunun elm və təhsil məsələləri üzrə müşaviri, filologiya üzrə fəlsəfə doktoru Seyfəl Həsənov Aida İmanquliyevanın şərqşünaslıq elmi və dünya ədəbiyyatı ilə yanaşı, Azərbaycanda multikultural mühitin formalaşmasına da əhəmiyyətli töhfələr verdiyini söyləyib. Bildirilib ki, Azərbaycanın elm tarixində əhəmiyyətli rolu olan görkəmli alim Aida İmanquliyeva istedadlı şəxsiyyət və ictimai xadim kimi ədəbiyyatımızda, eyni zamanda, fəlsəfi təfəkkürdə dərin iz qoyub. O, qısa həyat sürməsinə baxmayaraq həyatını xalqının tarixinin, adət-ənənələrinin dərin köklərlə bağlı olduğu Şərq mədəniyyətini və ədəbiyyatını öyrənməyə sərf edib, dəyərli ictimai xadim, görkəmli alim kimi yadda qalıb.
ADU-nun rektorunun multikulturalizm məsələləri üzrə müşaviri, iqtisad elmləri doktoru Çeşmi Hacıyeva Prezident İlham Əliyevin 2016-cı ilin ölkəmizdə "Multikulturalizm İli” və 2017-ci ilin isə "İslam Həmrəyliyi İli” elan olunması haqqında imzaladığı sərəncamları xatırladıb, multikulturalizmin xalqımızın həyat tərzi olduğunu söyləyib. Müasir dövrdə multikulturalizmin ölkəmizin inkişafı və sağlam vətəndaş cəmiyyətinin formalaşmasında müstəsna rolunun olduğu bildirilib. Ç.Hacıyeva Aida İmanquliyevanın keçmiş və müasir dövrün dərin fəlsəfi təfəkkürü arasındakı gözəgörünməz əlaqələri üzə çıxarmağa nail olduğunu və onun elmi irsinin Azərbaycanın ərəb ölkələri ilə yaxınlaşmasında, dövlətlər arasında beynəlxalq-multikultural münasibətlərin inkişafında mühüm rol oynadığını diqqətə çatdırıb.
Daha sonra Azərbaycan Milli Elmlər Akademiyasının akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun ərəb filologiyası şöbəsinin müdiri, professor Vilayət Cəfərov, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi Bəsirə Əzizəliyeva, AMEA-nın Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun böyük elmi işçisi Mahir Həmidov, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) icraçı direktoru vəzifəsini icra edən Rəvan Həsənov, BBMM-in analitika şöbəsinin müdiri Rəşad İlyasov və digər çıxış edənlər böyük alimin keçdiyi həyat yolundan, zəngin və dəyərli elmi fəaliyyətindən danışıb, Aida xanım İmanquliyevanın bir alim kimi dünya şərqşünaslıq elminə böyük töhfələr verdiyini diqqətə çatdırıblar. Qeyd olunub ki, Aida xanım İmanquliyeva müasir ərəb ədəbiyyatının tədqiqində yeni səhifə açıb, yeni bir məktəbin əsasını qoyub. Aida xanım dünyada tanınan böyük alim, fəal ictimai xadim idi. Ərəb mühacirət ədəbiyyatının tədqiqi onun adı ilə bağlıdır. Ərəb mühacirət ədəbiyyatına dair Aida xanımın əsərləri dərin məzmunu, aktuallığı və əhəmiyyətinə görə daim diqqəti cəlb edir.
Tədbirdə "Aida İmanquliyevanın tədqiqatlarının əsas istiqamətləri, ədəbiyyatda multikultural dəyərlərin araşdırılması”, "Şərqlə Qərb - Aida İmanquliyevanın yaradıcılığında fərqli dünyalar, ortaq dəyərlər” və digər mövzularda məruzələr dinlənilib.


banner

Oxşar Xəbərlər