“AICT-2016” X Beynəlxalq konfransı Bakı Dövlət Universitetində öz işini davam etdirir
"İnformasiya-kommunikasiya texnologiyalarının tətbiqi” ("AICT
2016”) mövzusunda X beynəlxalq konfransın bölmə iclası Bakı Dövlət Universitetində öz işini davam etdirir. Konfransın
plenar iclasını giriş sözü ilə açan Elm və innovasiyalar üzrə prorektor,
AMEA-nın müxbir üzvü Aydın Kazımzadə Prezident İlham Əliyevin bu sahəyə olan
qayğısı nəticəsində əldə edilən nailiyyətlərdən bəhs edib. Prorektor elm, təhsil,
idarəetmə, təhlükəsizlik, səhiyyə sistemi, dövlət strukturları, kommunikasiya və
rabitə sahələrində informasiya kommunikasiya texnologiyalarının tətbiqi üzrə araşdırmalar
aparan elmi tədqiqatçıların bir araya toplanmasını yüksək dəyərləndirib. Belə
ki, dünyanın müxtəlif guşələrindən ümumi maraq və problemlər ətrafında
birləşmiş elm adamlarının və mühəndislərinin eyni coğrafi məkanda
toplaşmalarının adıçəkilən sahəyə böyük töhfələr verəcəyini vurğulayaraq
konfransın işinə uğurlar arzulayıb.
Konfransın plenar iclasında 2 məruzə dinlənildikdən sonra konfrans
işini 4 bölmədə davam etdirib.
Qeyd edək ki,
22 ölkədən 80-dən çox alimin qatıldığı konfrans Azərbaycan
Respublikası Təhsil Nazirliyi, Azərbaycan Respublikası Rabitə və Yüksək
Texnologiyalar Nazirliyi, Qafqaz Universiteti, Bakı Dövlət Universiteti, Bakı
Ali Neft Məktəbi, Lomonosov adına Moskva Dövlət Universiteti Bakı filialı, Azərbaycan
Texniki Universiteti, Malaysia Sabah Universiteti, AMEA İnformasiya
Texnologiyaları İnstitutu, AMEA İdarəetmə Sistemləri İnstitutu, UNESCO-nun Təhsildə
İnformasiya Texnologiyaları İnstitutu, İktisadi Əməkdaşlıq Elm Fondu (ECOSF),
Nar Mobile və DELL EMC şirkətləri sponsorluğu, IEEE Azərbaycan şöbəsi və
Elektrotexnika və Elektronika Mühəndislər İnstitutunun (ABŞ) texniki dəstəyi ilə
keçirilir.