• cümə axşamı, 28 mart, 14:53
  • Baku Bakı 16°C

Aİ “Şərq tərəfdaşlığı”na üzv dövlətlərlə bağlı taktikasını dəyişir

18.02.14 08:36 1587
Aİ “Şərq tərəfdaşlığı”na üzv dövlətlərlə bağlı taktikasını dəyişir
Avropa İttifaqı “Şərq tərəfdaşlığı” proqramına üzv dövlətlərdəki vəziyyəti nəzərə alaraq onlarla bağlı taktikasını dəyişmək niyyətindədir. Proqrama üzv dövlətlər Azərbaycan, Ermənistan, Gürcüstan, Belarus, Moldova və Ukraynadır. Bu proqram ötən ilin payızına kimi adları çəkilən dövlətlərin Avropa cəmiyyəti ilə yaxınlaşmasını nəzərdə tuturdu. Son günlərə kimi Brüsseldə Avropa ilə avrointeqrasiyanın ən uğurlu iştirakçısı qismində Moldova nəzərdən keçirilirdi. Rəsmi Kişinyov bəyan edirdi ki, Aİ ilə yaxınlaşma onun prioritet mövzusudur.
Düzdür, Moldova MDB ölkələrinin Qərbə doğru istiqamət götürməsində lider dövlət kimi qeyd edilsə də, Aİ-nin əsas dəstək verdiyi ölkə Ukrayna olaraq qalır. Lakin Kiyev də bəlli olduğu kimi, Aİ-nin inteqrasiya gündəliyini dəyişərək Ukraynanın Aİ-yə üzvlüyünü nəzərdə tutan assosiativ üzvlük barədə sazişi imzalamaqdan imtina etdi. Moldova isə əksinə, imtahandan çıxa bildi və noyabrda Vilnüsdə “Şərq tərəfdaşlığı” ilə bağlı sazişi parafladı. Həmin saziş Aİ ilə azad ticarət zonasının yaradılmasını özündə ehtiva edir. Brüsseldə hesab edirlər ki, yayda Moldova və Gürcüstan Aİ-nin assosiativ üzvləri ola biləcəklər. Hər iki ölkənin hakimiyyət orqanları da zəruri sənədlərə imza atmağa hazır olduqlarını bəyan ediblər. Lakin Gürcüstanda əhali bu təşəbbüsü dəstəkləsə də, Moldovada vəziyyət fərqlidir. Rusiya bu ölkədə vəziyyəti gərginləşdirir və rəsmi Kişinyovun Aİ-yə inteqrasiya siyasətinin baş tutmaması üçün əlindən gələni edir. Bunun bariz nümunəsi Qaqauzda keçirilən referendumdur.
“Qaqauz referendumu Aİ ilə Rusiya arasındakı mübarizəni əks etdirdi” - deyə Stratfor Araşdırmalar Mərkəzindən bildiriblər. Moldovanın Qaqauz muxtar regionunda keçirilmiş referendumda qaqauzların 97,2 faizi Aİ ilə inteqrasiyaya “yox” deyib. Səs verənlərin 98,4 faizi MDB-nin Gömrük İttifaqı ilə sıx əlaqələrə tərəfdar olub. Referendumda müstəqillik haqqında ayrıca sual da olub. Moldova müstəqilliyini itirsə və ya kiməsə versə, Qaqauzun öz müstəqilliyini elan etmək haqqı varmı? - sualına referendum iştirakçılarının 98,9 faiz “hə” deyib. Moldovada yaşayan qaqauzlar arasında belə fikir var ki, Moldova Aİ ilə inteqrasiya adı altında Rumıniyaya birləşmək istəyir. Referendumda sonuncu sual məhz bununla bağlı idi ki, bu birləşmə baş versə, onda qaqauzlar öz müstəqilliklərini elan edə bilərlər. Qaqauzlar yanvar ayında Rumıniya prezidenti Trayan Baseskunun Rumıniya ilə Moldovanın mümkün birləşməsi haqda verdiyi bəyanatı əsas götürürlər. Orada isə bildirilib ki, Moldovanın Rumıniya ilə birləşməsi real plandır. Moldova hökuməti referendum keçirilməsinin qarşısını almağa çalışsa da, bunu edə bilmədi. Moldova hakimiyyəti bu referendumu ölkənin ərazi bütövlüyünə təhlükə hesab edir.
Qaqauz qubernatoru Mixail Formuzal bildirib ki, “biz itirmək, uduzmaq istəmirik. Biz azad bazar istəyirik, həm Aİ, həm də Rusiya tərəfdə. Biz qaqauzlar, kiçik xalq kimi, Moldovanın mərkəzi hökumətinə deyirik ki, Avropa ilə siyasi inteqrasiyanı dayandırın, iqtisadi inteqrasiyanın qeydinə qalın. Kim zəmanət verə bilər ki, biz Avropaya gedən qatarın son vaqonuna tullanıb-minə biləcəyik? Və kim zəmanət verə bilər ki, bir gün Aİ də SSRİ kimi dağılmayacaq? Belə təminat varmı? Yoxdur”.
Kişinyovdakı siyasi təhlilçi İqor Botan hesab edir ki, baş verənlər siyasi mübahisədir, ancaq təhlükəlidir. “Bu daha çox siyasi münaqişədir. Qaqauzun Moldovadan çıxmaq hüququ yoxdur. Ancaq onlar bu konflikti həmişə gündəlikdə saxlaya bilərlər. Rusiya baş nazirinin müavini Dmitri Roqozin keçən ay demişdi ki, Moldova adlı qatar Avropaya gedəndə, ola bilsin yolda bir neçə vaqonunu itirsin. O açıq şəkildə Dnestryanı region və Qaqauzu nəzərdə tuturdu”. “Stratfor” yazır ki, Moldovada Gürcüstandakı vəziyyət təkrar olunur. Tbilisi Aİ-yə inteqrasiyaya tərəfdardır. Ancaq Gürcüstanın 2 regionu - Abxaziya və Cənubi Osetiya bu inteqrasiyanın əleyhinədir. O da maraqlıdır ki, Ukraynada yaşayan qaqauzlar Ukraynanın Aİ-yə inteqrasiyasına tərəfdardırlar və hazırda hökumətlə müxalifəti razılığa gəlməyə çağırırlar. Ötən həftənin sonu qaqauzların rəhbərləri Aİ-yə üzv ölkələrin və ABŞ-ın səfiri ilə görüşüb, onları üzərinə götürən öhdəliklərə əməl etməyə çağırıblar.
Hazırda bütün diqqət Moldovada bu il həyata keçiriləcək parlament seçkilərinə yönəlib. “Geosiyasi əhəmiyyət kəsb edən bu seçkilərin nəticələrinə xarici qüvvələr təsir etmək istəyəcək” - deyə Demokratik Partiyanın lideri Marian Lupu bildirib. Onun sözlərinə görə, hakim koalisiya Brüssellə birgə ölkədə vəziyyətin pozula biləcəyi ssenarilərini və bunun qarşısını almaq yollarını müzakirə edir. Brüssel analoji müzakirələri Ukrayna müxalifətinin liderləri ilə də müzakirə edir.
Yeri gəlmişkən, Moskva Karnegi Mərkəzində çıxışı zamanı Avropa İttifaqının Rusiyadakı nümayəndəliyinin rəhbəri Viqaudas Uşaskas bəyan edib ki, Rusiya və Avropa İttifaqı qarşıdurma məntiqindən imtina etməli, Gömrük İttifaqı və “Şərq tərəfdaşlığı”nı bir-birinə uyğunlaşdırmağa cəhd etməlidirlər. O bildirib ki, Avropa İttifaqı əməkdaşlıq üçün konkret addımlar atmaqda maraqlıdır: “Biz, Lissabondan Vladivostoka qədər olan ümumi məkanda real əməkdaşlıq nümunəsi yaratmaqda maraqlıyıq. Əgər bunların reallığa çevrilməsini istəyiriksə, onda qarşıdurma məntiqindən imtina etməliyik və “Şərq tərəfdaşlığı” ilə Gömrük İttifaqının bir-birinə uyğunlaşdırılması üçün nə edə biləcəyimizə baxmalıyıq”. V.Uşaskas qeyd edib ki, heç kəs Ukraynanı Rusiya ilə ticarət müqaviləsini ləğv etməyə məcbur etmir: “Avropa İttifaqı və Moldova, Gürcüstan və Ukrayna arasında assosiasiya haqqında saziş və azad ticarət müqaviləsi Rusiyanın bu ölkələrlə mövcud olan ticarət müqavilələri ilə tamamilə uyğundur”. Avropalı diplomatın sözlərinə görə, Avropa əvvəlki kimi Ukrayna ilə assosiasiya sazişi və azad ticarət zonası haqqında müqaviləni imzalamağa hazırdır: “Ukrayna buna hazır olan kimi, bu, baş tuta bilər”.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər