• cümə axşamı, 28 mart, 17:25
  • Baku Bakı 16°C

Aİ-nin Tvinninq alətinin Azərbaycanda tətbiqinin 10 illiyinə həsr olunmuş Konfrans keçirilib

07.04.17 14:45 721
Aİ-nin Tvinninq alətinin Azərbaycanda tətbiqinin 10 illiyinə həsr olunmuş Konfrans keçirilib
Bakıda İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə Avropa Ittifaqının Tvinninq alətinin Azərbaycanda tətbiqinin on illiyinə həsr olunmuş Konfrans keçirilib.
Tədbirdə Azərbaycanın aidiyyəti dövlət qurumlarının, Avropa Komissiyasının, Avropa İttifaqının üzv dövlətlərinin səfirliklərinin, həmçinin Ukrayna, Moldova, Gürcüstan və Türkiyənin müvafiq dövlət qurumlarının ümumilikdə 100-dən çox nümayəndəsi iştirak edib.
Konfransda çıxış edən İqtisadiyyat nazirinin müavini Sahil Babayev Azərbaycan və Avropa İttifaqı arasında əməkdaşlığın həyata keçirildiyini vurğulayıb. Belə ki, Avropa İttifaqının 23 üzv dövləti ilə Azərbaycan arasında ikiqat vergitutmanın aradan qaldırılması, 18-i ilə sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında sazişlər imzalanıb, 14 üzv dövlətlə Hökumətlərarası Komissiya, 2 dövlətlə İşçi Qrupu fəaliyyət göstərir. Bildirilib ki, Azərbaycan və Avropa İttifaqı arasında iqtisadi sahədə də əlaqələr inkişaf edir. Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşlarındandır, ölkəmizə yatırılan xarici investisiyalarda Avropa İttifaqı ölkələrinin xüsusi çəkisi böyükdür.
Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində önəmli rol oynayır və Cənub Qaz Dəhlizi layihəsi enerji sahəsində strateji əməkdaşlığın nümunəsidir.
Sahil Babayev benefisiar qurumlara və digər konfrans iştirakçılarına ötən on ildə Azərbaycanda Tvinninq, TAİEX, SİQMA və SOCİEUX kimi Avropa İttifaqının institusional quruculuq alətləri və bu alətlərdən istifadə etməklə əldə olunan uğurlar barədə məlumat verib və tərəfdaşlıq əlaqələrinin müxtəlif sahələrdə daha da möhkəmləndirilməsi üçün imkanları vurğulayıb. Bildirilib ki, bu günədək Azərbaycanda reallaşdırılan 45 Tvinninq layihəsindən 26-ı uğurla tamamlanıb, 12 layihə icra edilməkdədir, 7 layihə üzrə isə sənədlər hazırlanır. Azərbaycanın dövlət qurumlarının təşəbbüsü ilə 162 TAİEX tədbiri həyata keçirilib, bununla yanaşı dövlət qurumlarının nümayəndələri 73 TAİEX tədbirində iştirak edib. Azərbaycanda 15 SİQMA layihəsi həyata keçirilib, 2 SOCİEUX layihəsi icra mərhələsindədir.
Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri, səfir Malena Mard Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələrin inkişaf etdirilməsi üçün qarşılıqlı marağı qeyd edib. Tvinninq layihələrinin sayına görə Azərbaycanın Cənub Qafqazda liderliyini vurğulayan səfir Malena Mard əlaqələrin daha da genişləndirilməsi üçün potensialı diqqətə çatdırıb.
İqtisadiyyat Nazirliyinin Beynəlxalq təşkilatlarla əməkdaşlıq şöbəsinin müdiri, Azərbaycanda Avropa İttifaqının institusional quruculuq alətləri üzrə Proqram İdarəetmə Qurumunun direktoru Ruslan Rüstəmli Avropa İttifaqının institusional quruculuq alətlərinin Azərbaycanda tətbiqinə dair təqdimatla çıxış edib.
Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişlənmə üzrə Baş Direktorluğunun nümayəndələri Klaus Lex və İvana Petriçeviç Avropa İttifaqının institusional quruculuq alətləri olan Tvinninq və TAİEX-in Şərq Tərəfdaşlığı ölkələrində tətbiqinə dair ümumi və ayrı-ayrı ölkələr üzrə göstəriciləri tədbir iştirakçılarının diqqətinə çatdırıblar.
Çıxış edən Azərbaycan, Ukrayna, Moldova, Gürcüstan və Türkiyə benefisiar qurumlarının nümayəndələri Avropa İttifaqının institusional quruculuq alətlərinin tətbiqinə dair təcrübələrini bölüşüb, instutisional quruculuq alətlərinin tətbiqinin əhəmiyyətini vurğulayıblar.
Qeyd edək ki, Tvinninq layihəsi dövlət qulluqçuları arasında texniki təcrübənin birbaşa mübadiləsi yolu ilə benefisiarlara Avropa İttıfaqının standartlarına və təcrübələrinə uyğunlaşdırma prosesində dəstək verir. TAİEX layihəsi qısamüddətli texniki yardım, məsləhət və təlim xidmətlərinə, SİQMA layihəsi dövlət idarəçiliyi sistemlərinin və dövlət idarəetmə orqanlarının potensialının gücləndirilməsinə, SOCİEUX isə sosial müdafiə sisteminin təkmilləşdirilməsinə dəstək göstərir.
banner

Oxşar Xəbərlər