• cümə axşamı, 25 aprel, 00:15
  • Baku Bakı 19°C

Aİ ilə əməkdaşlıq Azərbaycan xarici siyasətinin əsas istiqamətlərindən biridir

26.06.13 09:51 1885
Aİ ilə əməkdaşlıq Azərbaycan xarici siyasətinin əsas istiqamətlərindən biridir
Beynəlxalq təşkilatlara və qurumlara inteqrasiyanı xarici siyasətinin prioriteti elan edən ölkəmiz bu siyasətini uğurla davam etdirir. Avropa qurumları içərisində xüsusən də Avropa İttifaqı və onun institutları ilə Azərbaycanı bu gün sıx əməkdaşlıq telləri bağlayır. Bu əməkdaşlıq iqtisadi, siyasi, mədəni əlaqələr də daxil olmaqla, ən müxtəlif məsələləri əhatə etməkdədir. Artıq tam əminliklə demək olar ki, Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən birini məhz Avropa İttifaqı ilə əməkdaşlıq təşkil edir.
Avropa və Asiyanın kəsişmə nöqtəsində yerləşən Azərbaycanın strateji mövqeyi Aİ-nin üzv dövlətlərinin Azərbaycanla siyasi münasibətləri inkişaf etdirmək marağını artırır. Məlumat üçün bildirək ki, Avropa İttifaqı öz xüsusi elçisini 1998-ci ildə Azərbaycana göndərib, Azərbaycan isə Avropa İttifaqında öz Daimi Nümayəndəliyini 2000-ci ildə açıb. 2003-cü ildə Avropa İttifaqının regiondakı rolunun daha da aktivləşdiliməsi məqsədilə Aİ-nin Cənubi Qafqaz üzrə Xüsusi Nümayəndəsi təyin olunub. Bildiyimiz kimi, Azərbaycanın beynəlxalq nüfuzu son illərdə sürətlə artmaqdadır. Qlobal güclərin daim diqqət mərkəzində olan, strateji əhəmiyyəti heç zaman azalmayan Cənubi Qafqaz regionunda yerləşən Azərbaycan təbii imkanlarından və intellektual resurslarından istər daxili inkişafının təmin olunmasında, istərsə də beynəlxalq mövqelərinin gücləndirilməsində səmərəli istifadə edir. Milli maraqlara söykənən, qlobal və regional proseslərə uyğunlaşdırılan çevik siyasət sayəsində Azərbaycan beynəlxalq münasibətlərdə önəmli aktyor rolunu oynayır. İqtisadi gücü, siyasi nüfuzu artan Azərbaycan artıq özü bir çox regional məsələlərdə həlledici söz sahibinə çevrilib. Bu isə o deməkdir ki, Azərbaycan beynəlxalq münasibətlərdə bütün milli dövlət səlahiyyətlərinə və suverenliklərinə sahib olan bir oyunçudur. Azərbaycanın həqiqi dövlət müstəqilliyini şərtləndirən amillərin təməlində heç şübhəsiz, güclü iqtisadiyyat və sosial rifah dayanır.
Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığının prioritet əhəmiyyət kəsb etdiyini Avropa Komissiyasının sədri Xose Manuel Barrozu çox dolğun ifadə edib. Azərbaycanı Aİ üçün çox mühüm tərəfdaş hesab edən Aİ rəsmisi bütün sahələrdə etibarlı əməkdaşlıq qurulduğunu deyib: “Bunu rəhbər tutaraq, biz demokratiya və ümumi dəyərlərə, xüsusən insan hüquqları və fundamental azadlıqlara əsaslanan uzunmüddətli əməkdaşlığa istiqamət götürmüşük”. Aİ rəsmisi bildirib ki, Azərbaycan üzərinə götürdüyü bütün öhdəlikləri yerinə yetirib: “Azərbaycan bir sıra regional və qlobal məsələlərdə yaxından əməkdaşlıq etdiyimiz mühüm tərəfdaşdır”. Barrozu onu da deyib ki, gələn il Azərbaycanın Avropa Şurasına sədrliyi də nəzərdən keçirilir. Azərbaycanın mühüm daxili məsələlərinə dair fikirlərini Prezident İlham Əliyevlə bölüşdüyünü ifadə edən Barrozu prezident seçkilərinin bu siyahıda əsas yerdə olduğunu deyib: “Ümidvar olduğumuzu bildirdik ki, seçkilər ən yüksək standartlar səviyyəsində və ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu da daxil olmaqla beynəlxalq müşahidəçilərin dəstəyi ilə keçiriləcək”.
Aİ dəfələrlə Dağlıq Qarabağ münaqişəsinin razılaşdırılmış prinsiplərə uyğun olaraq ədalətli həllinə çağırıb. Belə ki, Avropa İttifaqı ATƏT-in Minsk qrupunun beynəlxalq vasitəçilik səylərini dəstəkləyir, münaqişənin davamlı və sülh yolu ilə həllinin tapılmasında öz rolunu oynamağa hazır olduğunu bəyan edib. Xüsusən də 2013-cü il Avropa İttifaqı-Azərbaycan münasibətləri üçün gözəl imkanlar ili kimi qeyd edilir.
“Beləliklə, bu gün böyük hörmət etdiyimiz Azərbaycanda, müstəqil suveren ölkədə olan vəziyyətə baxsanız, görərsiniz ki, Azərbaycan nə qədər yol keçib və biz əldə edilmiş çox böyük irəliləyişi etiraf etməliyik. Lakin bu, o demək deyil ki, bütün standartlar gözlədiyimiz kimi yerinə yetirilib və bu baxımdan bizim Prezident Əliyevlə çox yaxşı fikir mübadiləmiz oldu. Əlbəttə ki, Azərbaycan bizim tərəfdaşımızdır. Mən səmimiyyətlə inanıram ki, hər iki tərəfin bütün mümkün vasitələrlə açıq şəkildə müzakirələri məsələnin həllinin ən yaxşı üsuludur. Əlbəttə ki, bütün demokratik islahatlara dəstək verilməlidir. Şəxsən əminəm ki, - bu, mənim şəxsi fikrimdir, – Prezident Əliyev suveren Azərbaycanın rəhbəri kimi ölkəsinin müasirləşdirilməsinə olduqca sadiqdir”. Barrozu xüsusi olaraq qeyd edib ki, Prezident İlham Əliyev Azərbaycanın imici və nüfuzuna xüsusi diqqətlə yanaşır. Ölkə isə həqiqətən çox mühüm irəliləyişə nail olub: “Hesab edirəm ki, vətəndaş cəmiyyətinin inkişafı olmadan müasirləşməyə nail olmaq mümkün deyil. Bu, bizim Azərbaycan və digər tərəfdaşlarla apardığımız daimi dialoqun bir hissəsidir. Görürsünüz ki, hər ölkənin tarixi, coğrafiyası və üzləşdiyi çağırışlar baxımından spesifik durumu var”.
Onu da qeyd edək ki, Azərbaycanla Aİ arasında münasibətlərin strateji önəm aldığını dövlət başçısı İlham Əliyev xüsusi vurğulayıb. O bildirib ki, artıq Brüsselə beşinci səfər edir: “Bu fakt münasibətlərimizin nə qədər intensiv və sıx olduğunu göstərir. Biz münasibətlərimizi yüksək dəyərləndiririk. Hazırda biz Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlığın yeni formatı üzərində işləyirik. Gündəliyimiz genişdir, bir çox sahələri əhatə edir. Azərbaycan Avropa ölkələrində artıq sərmayə qoymağa başlayır. Sərmayələrimizin quruluşuna baxsaq, görərik ki, bu sərmayələr yalnız enerji sahəsi ilə bağlı deyil. Burada, həmçinin qarşılıqlı maraq doğuran digər sahələr də var. Bir çox illərdir ki, Avropa da bizim ölkəmizə böyük sərmayələr yatırır. Bu investisiyalar bizə iqtisadiyyatımızı şaxələndirməyə və ölkəmizi müasirləşdirməyə yardım edir. Azərbaycan prosesdə ən maraqlı tərəfdir, çünki bizim torpaqlarımız işğal altındadır, nəinki Dağlıq Qarabağ, o cümlədən Dağlıq Qarabağın ətrafında yerləşən yeddi rayon da iyirmi ildən çoxdur ki, Ermənistanın işğalı altındadır. Biz buna son qoymalıyıq”.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər