• cümə, 26 Aprel, 16:07
  • Baku Bakı 23°C

Ahıllara münasibət ürəkaçandır

17.06.16 13:20 1282
Ahıllara münasibət ürəkaçandır
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyada yaşlı insanların 10 faizə qədəri qəddar münasibətdən əziyyət çəkir. APA-nın BMT-nin saytına istinadən verdiyi xəbərə görə, BMT baş katibi Pan Gi Mun üzv dövlətlər və vətəndaş cəmiyyəti nümayəndələrini yaşlı insanlara münasibətdə zorakılığın bütün formalarını aradan qaldırmağa çağırıb.
Azərbaycanda isə ahıllara münasibət ürəkaçandır və onlara dövlət qayğısı çərçivəsində zamanla müəyyən işlər görülür. Bəs ümumilikdə ölkəmizdə ahıllara dövlət qayğısı çərçivəsində hansı proqramlar reallaşdırılıb? Bu istiqamətdə hansı işlərin görülməsi planlaşdırılır? Mövzu ilə bağlı qəzetimizə açıqlama verən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev bildirdi ki, Azərbaycanda sosial siyasətin əsas istiqamətlərindən biri də ahıl insanların sosial müdafiəsinin gücləndirilməsinə yönəlib. Ölkə qanunvericiliyinə əsasən, 70 yaşına çatmış vətəndaşlar ahıl hesab olunurlar.
E.Babayev deyir ki, Prezident İlham Əliyevin müvafiq fərman və sərəncamlarına, habelə dövlət başçısının 2006-cı il 17 aprel tarixli Sərəncamla təsdiq etdiyi "Ahıl vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi üzrə Dövlət Proqramı”na və digər bir sıra digər dövlət proqramlarına uyğun olaraq, ƏƏSMN tərəfindən ahılların sosial müdafiəsi sahəsində ölkəmizdə məqsədyönlü işlər aparılır: "Bu işlər sırasında pensiya təminatının gücləndirilməsi mühüm yer tutur. Cari ilin 01 aprel tarixinə ölkəmizdə əmək pensiyası alan şəxslərin sayı 1303252 nəfər təşkil edir ki, onlardan 60 faizə qədəri və ya 781576 nəfəri yaşa görə pensiya alanlardır.
Digər pensiya növləri kimi, yaşa görə pensiyaların da mütəmadi olaraq artırılması təmin olunur. Bu istiqamətdə növbəti addım kimi ölkə Prezidentinin 16 yanvar 2016-cı il tarixli Sərəncamına əsasən, yaşa görə əmək pensiyasının baza hissəsinin məbləği 2016-cı il fevralın 1-dən 10 faiz artırılıb. Habelə dövlət başçısının müvafiq sərəncamı ilə əmək pensiyalarının sığorta hissəsinin əvvəlki ilin 4 faizlik istehlak qiymətləri indeksinə uyğun artırılması həyata keçirilib”.
İlin əvvəli ilə müqayisədə pensiyalarda 6,8 faiz artım
Şöbə müdirinin bildirdiyinə görə, görülən tədbirlər nəticəsində respublikamızda əmək pensiyalarının orta aylıq məbləği 2016-cı ilin əvvəli ilə müqayisədə 6,8 faiz artaraq 189,9 manata, o cümlədən yaşa görə pensiyaların orta aylıq məbləği 210,8 manata çatıb: "Yaşa görə əmək pensiyalarının orta aylıq məbləğinin ölkə üzrə əməkhaqlarının orta aylıq məbləğinə nisbəti 44,6 faiz təşkil edir ki, bu da beynəlxalq standartlara, habelə Avropa Sosial Xartiyasının tələblərinə uyğundur. Ümumilikdə son 12 ildə pensiyaların, o cümlədən yaşa görə pensiyanın orta aylıq məbləği 10,3 dəfədən çox artırılıb”.
E.Babayevin sözlərinə görə, ahıl insanlar arasında İkinci Dünya müharibəsi iştirakçıları, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadları, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslər də var: "Hər il Qələbə bayramı ərəfəsində ölkə başçısı tərəfindən Böyük Vətən müharibəsi veteranlarının sosial müdafiəsinin daha da möhkəmləndirilməsi ilə bağlı sərəncamlar imzalanır. Bu il də müvafiq Sərəncama əsasən, həmin insanlara, ümumilikdə 15857 nəfərə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən birdəfəlik maddi yardımların çatdırılması təmin edilib.
Onlardan İkinci Dünya müharibəsi iştirakçıları olan 997 nəfərin hər birinə 1000 (min) verilib. Digər müvafiq şəxslər isə 500 (beş yüz) manat məbləğində birdəfəlik maddi yardımla təmin olunub. Ödənilən birdəfəlik maddi yardımların məbləği də ildən-ilə artırılır. Məsələn, ötən illə müqayisədə cari ildə bu artım 25 faiz təşkil edib və müvafiq olaraq 800 manatdan 1000 manata, 400 manatdan 500 manata qaldırılıb.
Ümumilikdə Azərbaycan Respublikası MDB-yə üzv ölkələr arasında 1941-1945-ci illər müharibəsi iştirakçılarına ən yüksək məbləğdə birdəfəlik maddi yardım verən ölkədir. Belə ki, Azərbaycan manatı ilə ifadə etdikdə, bu məbləğ Rusiyada 232 manat, Qazaxıstanda 690 manat, Özbəkistanda 416 manat və s. təşkil edir.
"Sosial xidmətlər sistemi ahılları da əhatə edir”
2006-cı il yanvar ayının 1-dən Böyük Vətən müharibəsi əlillərinin və iştirakçılarının yaşa görə əmək pensiyalarının baza hissəsinin üzərinə müvafiq məbləğlərdə əlavələrin hesablanmasına, 2008-ci il sentyabrın 1-dən isə Böyük Vətən müharibəsi əlillərinə Prezident təqaüdlərinin təyin olunmasına başlanılıb. Həmçinin Böyük Vətən müharibəsi əlillərinin dövlət hesabına və növbəlilik qaydasında minik avtomobili və mənzillə təminatı işləri də aparılır”.
E.Babayev deyir ki, ƏƏSMN-nin sosial xidmətlər sistemi ahılları da əhatə edir: "Hazırda nazirliyin rayon (şəhər) Əhalinin sosial müdafiəsi mərkəzlərinin sosial işçiləri tərəfindən 12 300 nəfərdən çox tənha ahıl və əlil şəxs evlərində (səyyar) sosial-məişət xidməti ilə təmin olunur ki, onlardan 1000 nəfərdən çoxu yaşı 70-dən yuxarı olan tənha ahıl vətəndaşlardır. Sosial işçilər həftədə iki dəfədən az olmayaraq tənha ahıl və əlil şəxslərin evlərinə gəlir, ev təsərrüfatlarında təmizlik və abadlıq, yemək hazırlanması, zəruri ərzaq, sənaye və məişət əşyalarının alınması və s. işlərdə onlara xidmətlər göstərirlər. Müvafiq qanunvericiliyə əsasən, əmək qabiliyyətli qohumları və ya qanuni nümayəndələri ilə eyni yaşayış məntəqəsində yaşamayan və sosial xidmətə ehtiyac duyan tənha ahıllar, I qrup əlilliyi olan şəxslər və başqasının köməyinə ehtiyacı olan II qrup əlillər müraciət etdikdə evlərində sosial-məişət xidməti ilə təmin olunurlar”.
Bərpa-müalicə xidməti, sanatoriya-kurort yollayışları...
E.Babayev bildirdi ki, bununla yanaşı, nazirliyin sosial xidmət müəssisələrində 1100 nəfərə yaxın şəxsin stasionar şəraitdə sosial xidmətlərlə təminatı həyata keçirilir: "Onlardan 215 nəfər tənha ahıl şəxs Müharibə və əmək əlilləri üçün pansionatda stasionar şəraitdə sosial xidmətlərlə təmin edilirlər. Digərləri isə nazirliyin psixonevroloji sosial xidmət müəssisələrində yaşayırlar. Son illərdə Prezident İlham Əliyevin ahıl insanlara daim qayğıkeş münasibətinin daha bir ifadəsi kimi, Müharibə və əmək əlilləri üçün pansionatda əsaslı təmir və geniş yenidənqurma işləri aparılıb, müəssisə üçün müasir tələblərə uyğun yeni korpus inşa olunaraq istifadəyə verilib. Burada qabaqcıl beynəlxalq təcrübədən irəli gələn meyarlara uyğun olaraq, tənha ahıl şəxslərin daha keyfiyyətli tibbi-sosial xidmətlə təmin edilməsi, asudə vaxtlarının mənalı təşkili üçün müvafiq şərait, kitabxana və idman zalları yaradılıb. Digər sosial xidmət müəssisələrində də müasir tələblər səviyyəsində işlər aparılıb və hazırda bu işlər davam etdirilir”.
E.Babayevin sözlərinə görə, respublikada əldə olunan dayanıqlı inkişaf dinamikası ölkədə demoqrafik sahədə də müsbət proseslərə şərait yaradıb və bunun real göstəricilərindən biri kimi ölkədə gözlənilən ömür uzunluğu göstəricisi isə ildən-ilə artaraq 2015-ci ildə 74,2 yaşa çatıb. O qeyd etdi ki, 1 Oktyabr - Beynəlxalq Ahıllar Günüdür. Hər il Beynəlxalq Ahıllar Günü ilə əlaqədar ƏƏSMN-in xətti ilə ölkəmizin bütün rayon və şəhərlərində ahılların iştirakı ilə tədbirlər təşkil olunur. Eyni zamanda, imtiyazlı təbəqlərdən olan ahıl şəxslərin dövlət hesabına bərpa-müalicə xidməti, reabilitasiya avadanlıqları, sanatoriya-kurort yollayışları ilə təminatı sahəsində də davamlı işlər aparılır.
Aygün Asimqızı
banner

Oxşar Xəbərlər