Ahıllar üçün rəqs terapiyası sessiyası keçirilib
Fəal
yaşlanma ideyasının təbliği məqsədilə Bakı şəhərində ahıl vətəndaşlar üçün rəqs
terapiyası sessiyasının keçirilməsini nəzərdə tutan tədbir təşkil olunub.
Tədbir Birləşmiş
Millətlər Təşkilatının Əhali Fondunun (BMTƏF) Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyi ilə birgə həyata keçirdiyi "Bütün yaşlar üçün cəmiyyətin qurulması: fəal
yaşlanma yolu ilə Azərbaycanda yaşlıların rifahının təşviq edilməsi” layihəsi çərçivəsində
baş tutub.
Paytaxtın
tanınmış rəqs studiyalarından birində keçirilmiş tədbirin açılış hissəsində
nazirliyin, BMTƏF və layihənin tərəfdaşlarından biri olan "Üçüncü Bahar”
İctimai Birliyinin nümayəndələri çıxış edərək layihə və fəal yaşlanma konsepsiyası
barədə iştirakçılara ətraflı məlumat verib. Bildirilib ki, fəal yaşlanmaya gedən
yolda effektiv üsullardan biri olan rəqs terapiyası bədənin intellektual,
emosional və hərəki funksiyalarını dəstəkləmək üçün hərəkət və rəqslərin
psixoterapevtik istifadəsidir. Eyni zamanda, rəqs terapiyası insanın stressdən
azad olması, fiziki gümrahlığının yüksəlməsi, özünəinamın artırılması,
kreativlik və təxəyyülün inkişaf etdirilməsi baxımından müsbət nəticələrə səbəb
olur.
Daha sonra
iştirakçılar üçün peşəkar məşqçinin müşayiəti altında rəqs terapiyası üzrə
praktik məşğələ keçirilib.
Bundan əvvəl
Mingəçevir və Lənkəran şəhərlərində pensiyaçıların, o cümlədən ahılların
iştirakı ilə fəal yaşlanma məfhumu barədə maarifləndirici görüşlər təşkil
edilib.
BMTƏF və
nazirlik tərəfindən həyata keçirilən layihə pensiya yaşına çatmış şəxslərin
ömürlərinin sonrakı hissəsində də fəal və sağlam həyat tərzi keçirməsini təmin
etmək məqsədilə müxtəlif dəstəkləyici və inklyuziv tədbir və proqramların tətbiqini
nəzərdə tutan innovativ sosial təşəbbüsdür. Layihə çərçivəsində ölkənin ilk Fəal
Yaşlanma İndeksinin hazırlanması, yaşlı əhali ilə ölkə boyu ictimai görüşlərin
keçirilməsi, fəal yaşlanma ilə bağlı maarifləndirmə və təşviqat işlərinin
aparılması, ahıllar üçün nəzərdə tutulmuş bir sıra fəaliyyətlərin (kompyuter
kurslarının təşkili, səsli kitabların və elektron kitabxananın yaradılması,
sosial çağrı mərkəzinin istifadəyə verilməsi və s.) həyata keçirilməsi də nəzərdə
tutulur.
2019-2021-ci
illəri əhatə edəcək layihə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara
Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (ASAN Xidmət), Dövlət
Statistika Komitəsi, Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyi və
"Üçüncü Bahar” İctimai Birliyi ilə sıx əməkdaşlıq şəraitində icra edilir.