• cümə, 29 Mart, 13:59
  • Baku Bakı 14°C

AHI QEYRƏTDƏN, GÜNAHI NİFRƏTDƏN , YAZDIQLARI MƏHƏBBƏTDƏN

20.09.18 10:45 1193
AHI QEYRƏTDƏN,  GÜNAHI NİFRƏTDƏN , YAZDIQLARI MƏHƏBBƏTDƏN
Bilmirəm, nədən yazıma bu sərlövhə ilə başladım. Əslində, bilməmiş də deyiləm, çünki sevdiyim, özüm qədər inandığım, həmişə haqqında düşündüyüm və heyrətləndiyim söz ustadı, şair Nurəngiz Gün mənin üçün qeyri-adiliyin, düzlüyün və dürüstlüyün simvolu olub. Şeir var oxuyarsan düşünərsən, şeir var könlünün xanimanına od vurar, şeir də var hayqırtısına qoşulub düşmən üstünə şığımaqdan çəkinmərsən. Yəni hər bir şairin oxucu ürəyində öz yozumu var. Nurəngiz Günün misraları var ki, elə bil öz ürəyimdə doğulub. İçin-için məni danışdırıb:
Ahım- qeyrətdəndi,
Günahım-nifrətdən.
Nə deyib, nə söyləmişəmsə
Elimə, obama
məhəbbətimdəndi…
Kaş ki Nurəngiz Gün yalnız mənəviyyatımızda, yaddaşımızda deyil, elə bu ziddiyyətli dünyanın özündə-həmişəki tərzində olaydı, mən də ona açıq məktub yazıb etiraf , yaxud da şikayət edərdim. Öz misraları ilə ürəyimin səsini göz yaşlarıma bükərdim:
Bilməz idim ay necə dolanarmış,
Bilməz idim ay gecə dolanarmış,
Bilməz idim sinəm belə yanarmış,
Sən öyrətdin, qaytar apar, istəməm!
Bütün incikliyimin, küskünlüyümün, pərişanlığımın ifadəsi olan bu misralar illərdir mənimlə yol gəlir. "Bilməz idim”in ahəngində o qədər həyəcanlı məqamlar var. İnamın darmadağınlığıdır, üzləşdiyin haqsızlığa, yalana həzin gileyindir. Hərdən elə müşküllərin mümkünlüyünü istəyirəm ki, Allahım, telefonum zəng çalardı, ”Floş!..” deyən o doğma səsi eşidərdim. Uzun illərin yaxını olduq, amma tez-tez görüşməzdik. Ayda –ildə bir dəfə. Hərdən iş yerimə - çalışdığım qəzetin redaksiyasına gələrdi. Bayramlarda verdiyi qələmləri indiyə qədər saxlayıram. Gül almağı, gül bağışlamağı heç sevməzdi. "Onlar da canlıdır yaşamaq istəyirlər, amma təəssüf ki, insanlar onları üzürlər” deyərdi. Təbiət vurğunu, gül-çiçək aşiqi idi, di gəl onları öz yerində, öz bitdiyi məkanda görmək və oxşamağa daha çox önəm verərdi.
Bu il anadan olmasının 80 illiyi tamamlanan xanım şairimiz haqqında müəyyən yazılar, xatirələr qələmə alınıb. İndi də yazılır. Hətta müxtəlif filmlər, verilişlər də çəkilib. Elə mən də "Yadigarlar” verilişinin bir sayını bu unudulmaz insana həsr etdim. Onun şeir dünyası bir doyulmaz bulaq suyudur… Bu səbəbdən də mən onun ruhuna bu məktubu ünvanladım.
Unudulmaz Nurəngizim! Xəyalım analı günlərimə qanadlandı. Həmişə avqustun 23-də harada olsaydım tez anamın yanına tələsərdim. Dünyaya gəldiyim günü elə onunla qeyd etməyi daha çox sevərdim. 1989-cu ildə anamı faciəli şəkildə itirdikdən sonra bu günü heç sevmədim. Bütün ad günlərim təmtəraqsız keçdi. Doğrudur, övladlarım, əzizlərim, dostlarım heç bununla razılaşmadılar. 50, 60, nəhayət 65-in astanasında dayandım… Dünyam səssizləşdi. Bax onda sənin "Qaçıram” şerinindəki misralar təsəllimə çevrildi:
Yersiz gülüşlərdə,
saxta, yaltaq öpüşlərdən,
qazanc güdən,
söz üyüdən
görüşlərdən qaçıram!
Yenə sənin misraların məni titrədir: "Günəşim də, tanrım da, eşqim, odum da səndin, sənə borcluyam, ana!” Yaxşı ki, çox duyğulu, vəfalı övladın, nəvə-nəticələrin var. Heç vaxt sənin haqqında keçmiş zamanda danışmazlar. Sevimli balaların mənə, eləcə də digər dostlarına zəng edəndə belə, adama elə gəlir ki, özün də onların yanındasan. "Nurəngiz xanım deyir ki…” Gəl indi dəli olma! Vaxtı ilə anan Böyükxanım üçün yazdığın nisgil dolu misraları indi qızın Jalə xanım ürəyinin həsrətinə qataraq dilə gətirir:
Əhf elə, əhf elə, bağışla məni,
Torpağı, daşları oymaq istərəm,
Başımı dizinə qoymaq istərəm…
Darıxmışam ana, darıxmışam mən.
Tapşır tanrıma ki, götürsün məni,
O gəlməz yoluna yetirsin məni.
Yadımdadır, necə qəribə şeir söyləməyin vardı. Əlbəttə, sənin şerlərin tribunalar üçün deyil. Əsil ürək şairisən! Ömrünü söz uğrunda girov qoydun və əritdin. Sən gözəl yazıçı da ola bilərdin. Şeir dünyan sahilsiz ümman oldu və öz qoynundan buraxmadı. Halbuki oxucularla ilk görüşə məhz "Tanrı” adlı povestlə gəlmişdin. Xalq yazıçısı Mirzə İbrahimov 1987-ci ildə yazırdı:"Nurəngiz xanımın əsərində yazıçı üçün vacib olan keyfiyyətlərdən birinə - səmimiyyətə söz ola bilməz. Bu gözəl və zərurət keyfiyyətin sayəsindədir ki, povesti oxuyanda çox zaman adama elə gəlir ki, müəlliflə üz-üzə oturub söhbət edirsən. Sanki o, həyatda, insanlar arasında gördüklərini, eşitdiklərini, şəxsən yaşadıqlarını sənə nəql edir, hətta ürəyini boşaldır…” Əslində unudulmaz Mirzə İbrahimovun dediyi məziyyətlər bütün yaradıcılığa məxsus olanda uğur mütləqdir. Ədib əminliklə Nurəngiz xanımın gələcəkdə böyük yazıçı olacağını yazırdı, amma sən məşhur şair oldun. Mirzə müəllimin söylədiyi səmimiyyət, cəsarət bütün yaradıcılığının və həyatının mayası idi. Elə ona görə də özün də, sözün də seçildi. Bu fərq, bu orijinallıq da səni sevdirdi. "Qəlbim kədər mülküdür…” etirafındakı mənalı xitablar məni həmişə düşündürüb. Bəzən də suallarımın nidalarını tapmayanda dadıma yetən yenə də sənin poetik cavabların olub:
Mənim eşqim rüzgarlardır -
Dağ tanımaz, dərə bilməz.
Mənim eşqim ilk bahardır-
Sevincləri saya gəlməz.
Mənim eşqim azad quşlar-
Nə bənd bilər, nə də çəpər.
Mənim eşqim qaranquşlar-
Ruhuma müjdələr səpər.
Sənin daxili azadlığın, dəyişməzliyin, özünə məxsusluğun, dürüstlüyün, həqiqətsevərliyin, ən başlıcası etibarlığın həmişə məni məftun edib. İstər sovet, istərsə də dövlət müstəqilliyimizin bərpasından sonra yazdığın şeirlər… Xüsusilə də Vətənlə bağlı poeziyan bir başqa və olduqca geniş mövzudur. Hələ 1986-cı il təvəllüdlü "Qəfəs Respublikası”, "Vətən, məslək, düşüncələr” adlı şeirlərini oxuyanda heyrətlənmişdim. Nəsli-nəcabəti repressiyaların hər cür dəhşətini görmüş, ağı-acılar yaşamış bir ailənin qızının bu dərəcədə cəsarətli və heç nədən çəkinməz olması müəllifin mənəvi qüdrətindən, əsil istedadından xəbər verirdi. Əbədiyyət qazanmaq bax budur! Cənubla bağlı şeirlərindəki vətən həsrəti illər boyu keçirdiyimiz hiss və duyğularımızın əks-sədasıdır. "Yuvam uçmuş, tayfam köçmüş”. Əlimiz uzalı qalmış, səsimiz batırılmışdı, amma sən bayatını çağırırdın:
Bu cığır hayanadı,
Arazdan o tayadı,
Tanrım! Bir cüt qanad ver,
Bu quş məni yandırdı.
Yadıma sənin dəyərləndirdiyin şair Şahmar Əkbərzadənin şeri düşdü:
Sərhəd kənarında cavan yaşımda,
Həsədim utanıb yerə girirdi.
İki quş dimdiyi ağac başında
Vətəni Vətənlə birləşdirirdi.
Nəhayət, ötən əsrin sonlarında bədxah qonşularımızın başımıza gətirdiyi müsibətlər, Xocalı faciəsi. Sən yenə də qələminlə çarpışdın. "Xocalı simfoniyası”nı yazdın. Ürək ağrısı ilə o soyqırımında qətlə yetirilən insanlarımız haqqında özün demişkən ölülərin himnini yaratdın.
Sən həm də müdrik düşüncə sahibi idin. Buna görə də qurdla qurdluluğu dəyişik salmayaq xəbərdarlığını da bizə yetirməyi unutmadın! Qürur və dəyanətli, bəlkə də daha çox ayıq olmaq üçün bir poetık tövsiyən də yaddaşıma iz salıb: "Dad, amandı! Üç cür kişi yamandı: yaltaq, satqın, ağciyər”. Elə bu yerdə sənin bir təbrikin yadıma düşdü. "Mədhiyyə tərif deyil, xəyanətdir” adlı yazımı oxuyub mənə xoş sözlər demişdin. "Həmişə belə ol”, tapşırdın. Sənin yolunla gəlmək çətindir, amma şərəflidir… Özünün də sevdiyin, xüsusi bir ahənglə ruhumuza yetirdiyin məşhur "Yol gedirəm” şerinin çağırışına bürünüb "saplağımdan qırılanadək” səyahətə başladım. Ruhumla misraların qovuşdu:
Önümdə silsilə dağlar,
Sərt qayalar, soyuq dəniz,
Qərib canla, bu tək cana, qürub çağı
Yol gedirəm, öləziyib saralanadək…
Sözüm burda bitdi, deyəsən, yollarımız görüşənədək, əziz Nurəngiz Gün! Yenə sənin səsin, yenə sənin nisgilin dərdlərimə güzgü oldu:
Yol gedirəm, at istədim,
Bir bəyaz həyat istədim,
Yollarımı kəsdilər
Məni mənə vermədilər.
Flora XƏLİLZADƏ,
Əməkdar jurnalist
banner

Oxşar Xəbərlər