Aha, aha, deyəsən, Şaxta Babadır gələn
Bir neçə
gündən sonra 2017-ci il öz yerini 2018-ci ilə verəcək. Bayramı günlərini hər
kəs, xüsusilə də uşaqlar böyük bir həvəslə gözləyir. Hər bir valideyn də
istəyir ki, həmin günləri uşaqları üçün daha maraqlı etsin. Bəziləri uşaqları
əyləncə mərkəzlərinə, yeni il şənliklərinə aparır. Bəzi ailələr isə Şaxta baba
və Qar Qızı xüsusi olaraq evə dəvət edirlər.
Biz də
qərara gəldik ki, uşaqların sevimlisi Şaxta Babanın və Qar Qızın sifariş
qiymətlərini araşdıraq, xidmətin keyfiyyəti, tələb-təkliflə bağlı bir sıra
nüansları müəyyənləşdirək.
Araşdırmaya
sosial şəbəkələrdən başladım. Şaxta Baba və Qar Qız sifarişi ilə bağlı axtarış verdim və təəccübləndim. Açığı,
belə durumla qarşılaşacağımı gözləmirdim. Xüsusilə də "İnstaqram”da saysız-hesabsız
sifariş nömrələri ilə qarşılaşdım. Bu nömrələrin bir neçəsi ilə əlaqə saxlamaq
qərarına gəldim.
İlk cəhddə
naşılığa yol verdim, jurnalist olduğumu bildirdim. Bununla da informasiya əldə
etmək imkanımı tamamilə itirdim. Səhvdən nəticə çıxartdım və digər nömrələrlə
sifarişçi kimi əlaqə saxladım.
Əlaqə
saxladığımız nömrələrin əksəriyyətində qiymətlər demək olar ki, eyni idi: Təkcə
Şaxta Babanın sifarişi 40-50 manata başa gəlirdi. Yox, Qar Qızı da evinizə
dəvət etmək istəyəcəksinizsə, onda 80-100 manat arası xərcə düşəcəyinizi
planlaşdırın. Xidməti müddəti isə maksimum 1 saatdır. Hətta bəziləri 30
dəqiqədən artıq xidmət göstərmədiklərini bildirdilər. Xidmətin nədən ibarət
olacağı ilə də maraqlandım. Təşkilatçı bildirdi ki, xidmət sadəcə, Şaxta Baba
və Qar Qızın müxtəlif əyləncəli oyunlarla uşaqları əyləndirib, hədiyyələrini
verməkdən ibarətdir. Təbii, hədiyyələri də valideyn özü alıb, Şaxta Babaya verməlidir.
Onu da qeyd edim ki, hətta 3 - Azərbaycan, rus, ingilis dillərində Şaxta Baba
və Qar Qız xidməti təklif edənlər də oldu. Amma onu da vurğulayım ki, dil
amilinin qiymətə heç bir təsiri yoxdur.
Araşdırma zamanı
təzadlı məqamlar da ortaya çıxdı. Məlum oldu ki, bəzi təşkilatçılar sosial
şəbəkədə bir qiymət təklif edirlər, əlaqə saxladıqda isə başqa qiymət tələb
olunur. Məsələn, "Orange Baku” adlı "Facebook” səhifəsinin sosial şəbəkədə
təklif etdiyi qiymətlər belə idi:
ŞaxtaBabaxidməti
(hədiyyə ilə birlikdə)
Bir uşaq
üçün 15 manat
İki uşaq
üçün 20 manat
Üç uşaq
üçün 25 manat
Amma təşkilatçılarla
əlaqə saxladıqda, məlum oldu ki, 2 uşaq üçün təkcə Şaxta Babaya görə 50 manat
tələb olunur. Qar Qız da sifariş etmək istəsəniz 150 manat ödəməli olacaqsınız.
Üstəlik, heç bir xidmət də göstərmir. Şaxta Babanın işi sadəcə, hədiyyəni verib
getməkdən ibarətdir. Yəni uşaqlarla birlikdə vaxt keçirmir.
Təbii,
Şaxa Babanın kimliyi, intellektual səviyyəsi ilə də maraqlanmalı idim. Axı o,
uşaqlarla ünsiyyətdə olacaq. Uşaqlarla ünsiyyət isə olduqca həssas məsələdir və
bu işi hər adama etibar etmək olmaz. Məlum oldu ki, bu işi əsasən Kukla Teatrının
əməkdaşları həyata keçirirlər. Ancaq incəsənətlə əlaqəsi olmayanlara da "Şaxta
Baba vəzifəsi”nin etibar edildiyini öyrəndik. Məsələni daha dərindən araşdırmaq
üçün Bakı Uşaq Teatrı ilə əlaqə
saxladıq. Teatrın ədəbi hissi müdiri
Leyla Həşimovadan Şaxta Baba və Qar Qıza olan tələbatı, nə qədər sifariş gəldiyini və qiymətləri
xəbər aldıq. Leyla xanım bildirdi ki, ev üçün sifarişlər az olur, daha çox
məktəb və bağçalardan çağırırlar: "Qiymətlər isə müxtəlifdir. Bu, əməkdaşların
özlərindən asılıdır. Xidmət haqqı 30, 40, 50 manat arasında dəyişir. Bu
qiymətlər Şaxta Baba və Qar Qız üçün ayrı-ayrılıqda nəzərdə tutulub. Demək olar ki, əməkdaşlarımızın hamısının
sifarişi var. Yetərincə tələbat olur. Amma onu da qeyd edim ki, Şaxta Baba
sifarişi Qar Qızdan daha çoxdur. Səbəbini bilmirik, amma bu il Qar qızı çox
nadir hallarda çağırırlar. Xidmət isə Şaxta Babanın uşaqları əyləndirməsindən,
onlara maraqlı əhvalatlar danışmasından və sonda hədiyyələri təqdim etməsindən
ibarət olur. Bu hədiyyələri isə valideynlər alır”.
Abdulla Şaiq adına Kukla Teatrının
nəzdində "Oyuq” teatr studiyasının rəhbəri Səidə Haqverdiyevadeyir ki, tamaşaçılar özləri aktyorların nömrəsini götürərək, zəng vurub dəvət
edirlər: "Teatra zəng vurub sifariş verən olmur. Bizim aktyorlar özləri hansısa
bir tədbirdə nömrələrini verib, bildirilər ki, bu kimi sifarişləri qəbul
edirlər. Deyərdim ki, yetərincə sifariş
alan əməkdaşlarımız var. Həmçinin teatra gələn tamaşaçılarımızın da əksəriyyəti
elə özləri aktyorların nömrələrini götürür və lazım olan zaman istər Şaxta Baba,
istərsə də hansısa cizgi filminin qəhrəmanı kimi dəvət edirlər. Deyərdim ki, hətta
bunu şəxsi biznesə çevirən əməkdaşlarımız da var”.
Abdulla Şaiq adına Kukla Teatrınınaktrisası Səriyyə
Mansurova xüsusilə də teatrın əməkdaşlarına tələbatın
çox olduğunu bildirir: "İşini bilən, peşəkar aktyorlar işsiz qalmır. Onlara tələb
daha çox olur. Xüsusilə də, bizim teatrın aktyorlarına kifayət qədər tələbat
var. Təbii, burada rus dili də böyük önəm daşıyır. Sifarişlərimiz hazırda o
qədər çoxdur ki, hətta bayrama bir neçə gün qalmasına baxmayaraq, səsim artıq
batıb. Bütün şənliklərdə uşaqlarla birlikdə biz də əylənirik. Deyərdim ki, boş
vaxtım yoxdur. Hətta elə gün olur ki, sifariş üçün zəng vururlar, amma qəbul
edə bilmirəm. Geyim və qrim də özümə aiddir”.
Müsahibimiz
qiyməti konkret olaraq açıqlamasa da, bildirdi ki, qrup olaraq aldıqları vəsaiti
öz aralarında bölürlər: "Əslində qiymət bir az da peşəkarlığa görə dəyişir. Mən
indi sizə konkret qiymət deyə bilməyəcəyəm. Çünki sifarişlərə tək getmirəm.
Qrup şəklində gedirik. Xidmətə görə aldığımız pulu isə sonda bölürük”.
Bütün
hallarda, valideynlər uşaqların sevimli personajlarını dəvət edərkən,
peşəkarlara güvənsələr yaxşıdır. Birincisi, evinizə dəvət etdiyiniz şəxsin
kimliyinə, intellektual səviyyəsinə bələd olacaqsınız. İkincisi, övladlarınız
peşəkarlarla qısa ünsiyyət zamanı zövq alacaq, biliklərini artıracaq, unudulmaz
anlar yaşayacaqlar. Unutmayın, peşəkarlıq həm də etibarlılıq deməkdir!
Günel
Azadə