AZE | RUS | ENG |

Ah Sopen, ölənlər unudulur...

Ah Sopen, ölənlər unudulur...
Hər nə qədər sənətin bəşəri olduğunu, onu millətə, irqə bölməyin doğru olmadığını bilsək də bütün dünyanı heyrətləndirən böyük sənət adamları həmişə "bizimkidir” etiketindən qurtula bilməyib. Şopen fransız idi, ya polyak? O, atasıyla fransız dilində, anası və bacısıyla isə polyakca məktublaşırdı. Fransızlar üçün o fransızdır, polyaklar üçün isə polyak. Onun fransızlaşdırılması ən çox nişanlısı Mariya Vodzinskanı narahat edirdi. Şopenə yazdığı məktubların birində adının niyə Şopenski olmadığına təəssüflənirdi. Mariya düşünürdü ki, adı Şopenski olsaydı heç polyak ya fransız olduğuna dair bütün bu söz söhbətlər də olmazdı. Şopenin ölümündən sonra da bu söz söhbət səngimədi. Bir araşdırmacı onun babalarının Polşaya köçmüş fransız olduğunu da iddia etmişdi...
 
Bütün böyük sənət adamları mədəniyyətlərin sintezindən, bəzən öz milli köklərinə bağlılıqları, bəzən də milli kimliyindən qopmaları ilə sənətlərini qurduqlarını bilsəm də Şopenin milli mənsubiyyəti haqqında yazılanları düşünürəm... Kimsə deyə bilər ki, Şopenin fransız və ya polyak olmasının fransızlar və polyaklardan başqa heç kəs üçün əhəmiyyət kəsb etmir. Əlbəttə, burada üzərində dayanmaq istədiyim şey millətçilik deyil. Mən sadəcə onu hansı mədəniyyətin içində anlamağın mümkünlüyünü, onun musiqilərindəki motivləri, kəsişmələri, ayrılıqları anlamağa çalışıram. Bunu anlamaq üçün də əsərlərinin ilham mənbələrinə baxmaq istəyirəm. Məsələn, Andre Jidə görə bunun bir önəmi yoxdu. Belə deməsinə rəğmən özü də fransız olan Jid onu fransız kimi qəbul edib sevirdi. Ancaq ondakı polyak ahəngini gözardı etmək nə qədər doğrudur?!...
 
Türk pianoçu İdil Biretə görə, "Op.61 Fantaziya” Şopenin polyak köklərindən qopmasından, zamanla polyak kimliyindən uzaqlaşmasından yaranıb. Amma eyni zamanda bu əsər özündə bu qopmanın sancılı izlərini də daşıyır...
O Fransada mühacir olaraq yaşayırdı. I. Nikolay onu Peterburqa saraya dəvət edib ona pasport verməyi təklif etmişdi. Şopen imtina etmişdi, ömrüncə mühacir olaraq qalacaqdı...  
***
 
Şopeni canlı dinləyənlərin böyük əksəriyyəti xəyal qırıqlığı yaşarmış. Deyilənə görə onun ifası hər zaman "impromtu” idi. Sanki bu əsərləri ilk dəfə o anda ifa edirmiş kimi tərəddüdlə çalırmış. Dinləyici üçün isə hər dövrdə sürətlə çalmaq, musiqi alətinin səs imkanlarını sonuna qədər "zorlamaq”, barmaqların görünməzləyi, cəldliyi yaxşı ifanın bir ölçüsü olub. Nədənsə mənə elə gəlir ki, Paganinin çox sevilməsi, haqqında yayılan müxtəlif uydurma hekayələr onun sürətli çalğısından, qəliz texnikasından iləri gəlirdi. Burada incə bir məqam var: əgər notlar anlaşılmırsa əsər bilmədiyimiz bir dildə birisinin sürətlə danışmağına bənzər. Piaonçu əsəri bizə anlatmalı, şərh etməli, aydınlaşdırmalıdır. Amma bu gün getdiyim konsertlerin çoxunda musiqiçi bir perfomans sərgiləmək adına əsas qayədən uzaqlaşır. Bu gün ədəbiyyat dünyasında da qarşılaşdığımız bir vəziyyətdir. Eyniylə pafoslu şəkildə şeir oxumağa, ya da yüksək səslə şeir oxumağın ən yaxşısı olduğu fikrini xatırladır. Amma bu oxunuş mətni mənasından uzaq salır.  
* * *
  Deyilənə görə Şopenin bir çox əsəri improvizasiya (ladlar üzərində vokal və çalğı gəzişməsi) yoluyla yaranıb. Əlbəttə, bu əsərlərin bir oturuma yazıldığına inanmaq çətindir. Ancaq Şopenin "impromtu” adını verdiyi bəstələr bizdə bədahətən, birnəfəsə yazıldığı hissi oyandırır. Bunun səbəbi notların yavaşlığı deməyək də, "tərəddüdlü” olmasıdır. Onun əsərindəki ton dəyişiklikləri də bir tərəddüdür. Bu əsərlərdə sürətli çalğının inamı yoxdur. Bu, Şopendən bir şeylər çalmaq istəyən pianoçuları çətin vəziyyətə salır. Çünki ifa zamanı pianoçu notları əvvəlcədən əzbərlədiyini dinləyiciyə sezdirməməli, "impromtu”ların yazılışı kimi gəlişigözəl, spontan olduğuna inandırmalıdır.  
* * * 
  Şopen bəzi əsərlərinə "prelüd” adını qoydu. Bu ənənəvi prelüdlərə bənzəmirdi. Prelüd, fortepiano üçün müəyyən quruluş forması olmayan müstəqil musiqi pyesi, musiqi əsərinə müqəddimədir. Ondan sonra əsas əsərin çalğısı başlanır. Ancaq Şopenin prelüdləri heç bir əsərə giriş üçün yazılmayıb. Onlar sonrasında bir əsərlə tamamlanmır, tək başına müstəqil əsər olaraq yazılıblar. Bəziləri bir-iki dəqiqə arasında dəyişən bu prelüdlər Cəmal Sürəyanın "həyat qısa, quşlar uçur” misrasını xatırladır: bir quş budağa qonur, bir kitab səhifəsi çevrilir, bir çətir açılır, bir pəncərə bağlanır və sükut... Jorj Sand onun prelüdlərini şah əsərlər hesab edirdi. Ona görə, bu prelüdlərdin çoxu "insanın yadına ölmüş keşişləri və yas mərasimlərində çalınan marşları xatırladır”. Nisbətən nikbinlərinin isə günəşli günlərdə yazıldığını deyirdi...  
* * *
  Andre Jidə görə Vagner həyəcanını notlarla ifadə edirsə, Şopen hər nota həyəcan yükləyir. Bu anlamda Baxın əsərində bəzi vuruşlar, ritm yerində olmasa da ana tema dinləyiciyə çatdırıla bilər, Şopendə isə bir not vuruşundakı yanlışlıq, tələskənlik onun mənasını dəyişə, əsərin gücünü zəiflədə bilər. Bütün ani ton dəyişiklikləri dinləyiciyə qavramasına icazə verəcək tempdə çalınmalıdır. Şopendə kreşendoların (italyanca: səslərin qüvvəsini getdikcə artırmaq) olmadığı fikrini əminliklə qəbul etmək mənə çətindir. Ancaq onda hər şey anidən baş verməsinə nəzəri olaraq olmasa da pratik olaraq inanıram...    
* * *
  Sənətdə bir janrın ölçü olması qədər ürək sıxan ikinci heç nə yoxdur, bəlkə də. Qəliblərdən qurtula bilmirik. İnsanlar hələ də şeir də heca saymaqda, qafiyə axtarmaqda. Bu meyarlarla meyxanaçıları zamanımızın yaşayan ən böyük şairləri olaraq görənlər də var. Sənət dinamikdir. Onda hərfi mənada "sədaqət” yoxdur. Çünki zaman özü dəyişir. Dəyişməyən tək şey dəyişmənin özüdür fikri klişe də olsa yerində misaldır. Dialektika! Ədəbiyyatda bizim nəsil öncəkilərin yoluyla getmək istəmədi, onların özünü təsdiq olaraq yazdıqları janrları, ölçüləri təkrarlamaq istəmədilər. Bunu kimlərin anlayıb, kimlərin anlamadığı da önəmsizdir, bəlkə də. Şopenin nəslini də keçmişə yenidən baxdıqları üçün sevirəm bir az da. Məsələn, onlar öz çağlarının Betoveni olmaq istəmirdilər. Buna görə heç biri (Mendelsson istisna) opera və simfoniya yazmadılar. Bu mənada Betovenlə yarışa girmək belə onlar üçün gərəksiz bir şey idi...  
* * *
  Bir çox yazarlar ədəbiyyata şeirlə başladı. Çoxu da zəif şairlər idilər. Ən tipik örnək Axundov ola bilər. Puşkinin ölümünə yazdığı "Şərq Poeması”nda şeir adına nə var ki? Bir çox şairlər roman da yazdılar. Məsələn Puşkin, Nazim Hikmət. Amma heç vaxt romançı olaraq adları çəkilmədi. Borxes ömrü boyunca hekayəyə sadiq qaldı, ara sıra şeir yazmaqdan başqa nəsrin başqa janrlarında yazmadı. Zaman elə gətirdi ki, bu gün heç kim sadəcə şair, sadəcə romançı, sadəcə hekayəçi deyil. Bütün bunlar ayrıca bir araşdırma mövzusu ola bilər. Bütün bu keçidlər nə üçündür? Bu nəyin axtarışıdı? Özünü fərqli janrlarda ifadə etmək istəyi necə yaranır? Mən həmişə Şopenin içində pianonun olmadığı heç bir musiqi bəstələməməyində nəcib bir şey görmüşəm, onu bir az da buna görə sevmişəm, buna görə qısqanmışam...  
* * *
 
Pianoçu Artur Rubinşteyin fransız yazıçısı Andre Jidi 1931-1938-ci illərdə yazdığı iki məqaləni birləşdirərək "Şopen Haqqında” adlı kitab nəşr etdiyinə görə tənqid edir, mütəxəssis olmadığı bir mövzu barəsində kitab yazmasını doğru hesab etmirdi. Ona görə bu, bir pianoçunun Şekspirin "Hamlet”indən danışması kimi yersizdir. Məncə, Rubinşteyin yaxşı piyanoçu olsa da dünya mədəni tarixində bir çox şeylərdən xəbərsizdir...  
* * *
  Kimin Şopenindən danışırıq? Gənc qızların həddindən artıq sevilən romantik Şopenindən mi? "Ah Şopen!” deyişlər mənə heç vaxt qeyri-səmimi gəlməyib. Onun bu tərəfinin danılmaz olduğunu da qəbul edirəm. Bir də bizdə Şopenin bu obrazı  bir az da "Təhminə və Zaur” filmiylə bağlıdır. Yəni düzdür romanda da Şopenin musiqisindən bəhs olunur, amma geniş kütlə bu əsəri roman olaraq yox kino olaraq qavradı həmişə. Bir də romanda Şopendən bəhs edilməsiylə, kinonun texniki imkanlarıyla musiqinin gücü çox başqadır. Əksər əsərlərinin adının "Noktürn” olması da bu mənada anlamlıdır. Noktürn qərb musiqisində gecədən ilham alınaraq yazılan əsərlərdir. On səkkizinci əsrdə İtalyanca "notturno” deyilən noktürünlər axşam məclislərində çalınarmış. Nöktürnün solo piano üçün yazılışı XIX. əsrdə irlandiyalı bəstəkar Con Fieldlə başlayır. Bu janr Şopenlə məşhurlaşdı. O, 21 noktürn yazdı. Onun noktürnlər də konsertlər üçün deyil, sanki tək və gecə dinləmək üçündür. Ağzına qədər dolu bir zalda noktürn dinləmək insanın ürəyini sıxar, məncə...  
* * *
 
Ən böyük Şopen mütəxəssisi Eduard Ganchedir. Bu gün Şopenin əsərini düzgün bir şəkildə dinləyə biliriksə ona borcluyuq. Onun bir qeydini sevirəm. Edurard deyir ki, Şopenin öz əlyazmasıyla olan notlarında bəzi prelüdlərdəki "allergo” sözünü silib "largo” şəklində düzəldib. Yəni bir musiqi əsərinin mümkün qədər ağır temptə çalınışı...
 
* * *
  Şopenin eşq həyatından təsirlənməmək mümkünmü? Mənim ən çox yadımda qalan budur: sevgilisi Mariadan ayrıldıqdan sonra onun məktublarını bir zərfin içinə qoyub üstünə "Moja Bieda” (ağrılarım) yazması... Ənvər Məmmədxanlının "həyatım ağrıyır” sözü yadıma düşür istər istəməz...  
* * *
  Adolf Nourrit intihar edəndə Şopen dostunun çox sevdiyi Şubertin "Die Gestirne”sini çalıb. Həmin gün adamların kilsəyə Şopenə qulaq asmaq üçün gəlmələri məni həmişə düşündürür. Ölən unudulur, o ölümdən sarsılanlar unudulur, sadəcə Şopendən bir şey dinləmək qalır geriyə...
 
Ramil Əhməd 

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9068
GEL 1 1 Gürcüstan larisi 0.6301
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1994
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1815
CHF 1 1 İsveçrə frankı 1.6663
KWD 1 1 Küveyt dinarı 5.5873
TRY 1 1 Türkiyə lirəsi 0.2906