• şənbə, 20 Aprel, 02:05
  • Baku Bakı 15°C

AGRI layihəsinin iştirakçı ölkələri birgə bəyannamə qəbul ediblər

24.06.15 19:02 1789
AGRI layihəsinin iştirakçı ölkələri birgə bəyannamə qəbul ediblər
Bu gün Rumıniyanın Buxarest şəhərində Azərbaycan-Gürcüstan-Rumıniya-Macarıstan mayeləşdirilmiş təbii qaz layihəsinin (AGRI) iştirakçı ölkələrinin energetika sahəsi üzrə məsul nazirlərinin iclası keçirilib.
Azərbaycanın Rumıniyadakı səfirliyindən Trend-ə verilən məlumata görə, AGRI layihəsinin iştirakçı dövlətlərinin yüksək vəzifəli rəsmilərinin qatıldığı iclasda qeyd olunan layihənin həyata keçirilməsi ilə bağlı iştirakçı ölkələrin mövqeyi, layihənin texniki-iqtisadi əsaslandırmasının yekun nəticələri və layihənin maliyyələşdirmə imkanları müzakirə olunub.
AGRI layihəsi üzrə nazirlərin iclasını açıq elan edən Rumıniyanın energetika, orta və kiçik sahibkarlıq və biznes mühiti naziri Andrey Dominik Gerea bildirib ki, regionda baş verən son geosiyasi proseslər fonunda bu layihənin həyata keçirilməsi olduqca vacib əhəmiyyətə malikdir.
Öz növbəsində, Azərbaycanın energetika naziri Natiq Əliyev AGRI layihəsinin iqtisadi və sosial əhəmiyyətindən bəhs edib, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rol, enerji resurslarının nəqli marşurutlarının diversifikasiyasına verdiyi töhfə və həyata keçirilən enerji layihələri barədə ətraflı məlumat verib. Nazir SOCAR-ın Rumıniyadakı uğurlu fəaliyyətinə də toxunub, SOCAR-ın Rumıniya iqtisadiyyatına yatırdığı sərmayənin Azərbaycan hökuməti tərəfindən tam dəstəkləndiyini bildirib.
Gürcüstan energetika nazirinin müavini xanım Mariam Valişvili ölkəsinin adıçəkilən layihənin həyata keçirilməsinə verdiyi önəm və dəstək barədə tədbir iştirakçılarına məlumat verib.
Daha sonra Böyük Britaniyanın PENSPEN şirkəti tərəfindən AGRI layihəsinin texniki-iqtisadi əsaslandırmasına dair tədbir iştirakçıları üçün qısa təqdimat edilib.
Müxtəlif işçi sessiyalar üzrə işini davam etdirən iclasda qeyd edilən layihənin gələcək taleyi, həyata keçirilməsi və regionun enerji təhlükəsizliyində oynaya biləcəyi rol ilə əlaqədar məsələlər geniş şəkildə müzakirə olunub.
İclasda çıxış edən BP şirkətinin "Cənub Qaz Dəhlizi" üzrə vitse-prezidenti Co Mörfi qeyd edib ki, AGRI layihəsinə "Cənub Qaz Dəhlizi"nin əlavə komponenti olaraq baxılmalıdır və bu layihənin effektiv şəkildə həyata keçirilməsi üçün iştirakçı dövlətlər arasında müvafiq hüquqi, texniki və iqtisadi sənədlərin hazırlanmasına ehtiyac duyulur.
İclasın sonunda AGRI layihəsi üzrə birgə bəyannamə qəbul edilib. Bəyannamədə AGRI layihəsinin Avropanın enerji təhlükəsizliyinə əhəmiyyətli töhfə verən “Cənub Qaz Dəhlizi”nin bir hissəsi olaraq gələcəkdə inkişaf etdirilməsinə dəstək ifadə olunub.
banner

Oxşar Xəbərlər