• cümə, 29 Mart, 18:45
  • Baku Bakı 14°C

Agentlik: Ötən il 68 min manatdan artıq müəllif qonorarı aidiyyəti üzrə çatdırılıb

15.01.18 16:20 357
Agentlik: Ötən il 68 min manatdan artıq müəllif qonorarı aidiyyəti üzrə çatdırılıb
Ötən il Müəllif Hüquqları Agentliyinin bank hesabına köçürülmüş 128 min 455 manat müəllif qonorarının təyinatı üzrə bölgüsü aparılıb, köçürmə yolu ilə 68 min 109 manat müəllif qonorarı aidiyyəti üzrə çatdırılıb.
APA-nın məlumatına görə, bu,Müəllif Hüquqları Agentliyinin 2017-ci ilin yekunları üzrə görülmüş işlər barədə hesabatında əksini tapıb.
Hesabatda göstərilir ki, 2017-ci ildə Müəllif Hüquqları Agentliyinin əlavə funksiyaları çərçivəsində müəlliflərin əmlak hüquqlarının kollektiv əsasda idarəçiliyinin təmin olunmadığı böyük formalı əsərlərin idarəçiliyi sahəsində işin təşkili nəticəsində əsərlərdən istifadəyə görə 115 min 690 manat müəllif qonorarı yığılıb. Qonorardan tutulmuş 4500 manat məbləğində gəlir vergisi dövlət büdcəsinə köçürülüb. Son illər xidmət edilən müəlliflərin sayında davamlı olaraq artım müşahidə olunub. 2012-ci ildə xidmət göstərilən müəlliflərin sayı 3188, 2013-cü ildə 3190, 2014-cü ildə 3200, 2015-ci ildə isə 3231, 2016-cı ildə 3322 nəfər təşkil edib.
2017-ci ildə agentliyin qonorar yığımını əhatə etdiyi istifadəçi təşkilatlarda -Mədəniyyət və Turizm Nazirliyinin tabeçiliyində olan teatr-tamaşa müəssisələrində müəllif qonorarının hesablanması və ödənilməsi üzrə müəyyən iş aparılıb. Göstərilən dövr ərzində əsərlərdən istifadəyə görə qonorar ödəməyən, həmçinin qonorar üzrə borc qalıqları olan teatr-konsert müəssisələri ilə əlaqə saxlanılıb, müəllif qonorarının düzgün hesablanması və vaxtında Agentliyin hesabına köçürülməsini təmin etmək üçün operativ araşdırmalar aparılıb. Hesablanmış qonorar barədə 362 nəfər müəllifin müraciətlərinə baxılmış, müvafiq izahatlar verilib.
banner

Oxşar Xəbərlər