Agah ol, gör ki, nədir naleyi-ney, nəğmeyi-tar…
... O gün bəlkə də balaca Nihatın taleyində, sözün həqiqi mənasında,
bir dəyişim, bir dönüş nöqtəsi olacaq. Ona görə yox ki, müsabiqənin qalibi
olub, ona görə ki, balaca tarzən nəyə qadir olduğunu müsabiqənin münsiflər
heyətinə, iştirakçılara və ona ümid bəsləyənlərə inamla sübut etdi. Çətin bir
yolun başlanğıcında özünə inamlı olmaq birinci şərtdir.
Bu günlərdə Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan
Respublikası Mədəniyyət Nazirliyi və Bülbül adına Orta İxtisas Musiqi
Məktəbinin təşkilatçılığı ilə keçirilən ümummilli lider Heydər Əliyevin anadan
olmasının 95 illiyinə həsr edilmiş ümumtəhsil və orta ixtisas məktəblərinin
şagird və tələbələri arasında gənc ifaçıların III Respublika müsabiqəsi başa
çatdı. Qeyd edək ki, bu müsabiqə artıq üçüncü dəfədir keçirilir və həmişə gənc istedadları qiymətləndirən və onlara
daim qayğı göstərən ulu öndər Heydər Əliyevin xatirəsinə ehtiram əlaməti olaraq
təşkil olunur.
Final mərhələsində ifa etdiyi "Şur” muğamı ilə ürəkləri riqqətə gətirən
Qobu qəsəbə Uşaq İncəsənət məktəbinin tar sinfinin şagirdi Nihat Quliyev
onyaşlılar arasında müsabiqənin qalibi adını qazandı. Nihatın ifasını
dinləyəndə böyük Seyid Əzim Şirvaninin misraları yada düşür:
Guş
qıl, ey ki bilirsən özüvi vaqifi-kar,
Agah
ol, gör ki, nədir naleyi-ney, nəğmeyi-tar.
Nihat Elşən oğlu Quliyev 12 oktyabr 2007-ci ildə Salyan rayonunun
Qaraçala kəndində anadan olub. Valideynləri Azərbaycanın dilbər guşələrindən
olan Cəbrayıl rayonundan məcburi köçkündür. Bir müddət Salyan rayonunda
yaşayıblar, Nihat da orada dünyaya gəlib. Hazırda Qobu qəsəbə Q. Xalıqov adına
1 nömrəli tam orta məktəbin 5-ci sinfində, Qobu Uşaq İncəsənət məktəbinin 4-cü
sinfində (tar sinfində) oxuyur.
Balaca tarzən Nihat Quliyevin sevincini paylaşanlar çoxdur. Ən çox
babası Hüseyn, nənəsi Fatma, Qobu qəsəbə 1 nömrəli tam orta məktəbin
kollektivi, dostları, qonşuları sevinir. Və sözsüz ki, Nihatın uğuruna çox
sevinən bir nəfər də var. Ondan heç bir qayğısını əsirgəməyən, ona tarın
hikmətini anladan, Nihatın qalib olması elan olunanda gözləri dolan Qobu Uşaq
İncəsənət məktəbində onun tar müəllimi olan İstanbul İsmayıl.
Nihat Quliyev- bu adı yadda saxlayın. Gün gələcək, onun haqqında Azərbaycanın məşhur tarzəni kimi danışacaqlar.
O zaman biz bu sevincimizdə nə qədər haqlı olduğumuzu bir daha hiss edəcəyik. Sorağın
daha uca zirvələrdən gəlsin, Nihat!
Vasif SÜLEYMAN
sair, Prezident təqaüdçüsü