“Afrin əməliyyatı bölgənin terrorçu qruplardan təmizlənməsinə xidmət edəcək” - Fotolar
ABŞ-ın İŞİD-ə qarşı
rəhbərlik etdiyi beynəlxalq koalisiya Suriyada nəzarət etdiyi ərazilərdə "sərhəd
təhlükəsizliyi qüvvələri” yaratmağa başlayıb. Koalisiyanın rəsmi nümayəndəsi
Tomas Villin "Defense Post” nəşrinə açıqlamasına görə, alyans "SuriyaDemokratik
Qüvvələr” (SDQ) adlanan silahlı qruplaşma ilə birgə çalışır. İlkin mərhələdə bu
təlimlərə təxminən 230 nəfər cəlb edilsə də, yekun məqsəd 30 minlik qüvvə
yaratmaqdır. T.Villin sözlərinə görə, yeni qüvvələr Suriyanın SDQ-nin
nəzarətində olan ərazinin qərb sərhədi boyu, habeləİraqvə Türkiyə
sərhədləri boyu yerləşdirilməsi planlaşdırılıb. Təbii olaraq, Türkiyə rəsmiləri
bu açıqlamaya sərt münasibət bildiriblər. Prezident Rəcəb Tayyib Ərdoğan isə
bəyan edib ki, Türkiyə ordusu Suriyanın Afrin bölgəsinin PKK terror
təşkilatınınSuriyaqolu PYD/YPG-dən azad edilməsi əməliyyatına
başlayacaq. O, Türkiyə ordusunun Afrin əməliyyatı zamanı ABŞ və digər
müttəfiqləri özlərini sözün əsl mənasında müttəfiq kimi aparmağa səsləyib. Eyni
zamanda qeyd edib ki, Afrin əməliyyatı da "Fərat qalxanı” kimi zəfərlə
yekunlaşacaq.Suriya ətrafında cərəyan edən proseslər, Türkiyənin Afrin
əməliyyatı, başlıca hədəflər, ABŞ, Rusiya və İranın buna reaksiyası, həmçinin
digər məsələlərlə bağlı "Kaspi”nin suallarını Türkiyədə yaşayan azərbaycanlı
politoloq Toğrul İsmayıl cavablandırır.
-
Toğrul bəy, Türkiyənin bu əməliyyatlara başlaması nə dərəcədə realdır?
- Artıq sözügedən əraziyə
Türkiyə ordusu nəzərdə tutulan həcmdə yığılıb. Bildiyiniz kimi, Suriyanın
şimalında yerləşən Afrin bölgəsi Türkiyənin Hatay və Kilis bölgələri ilə
sərhəddir. Suriyanın bu ərazisində YPG/PYD qüvvələrinin möhkəmlənməsi
arzuolunan deyil, Türkiyə üçün təhdiddir. İndiyə qədər Türkiyə öz ərazisindən
artilleriya ilə Suriya ərazisində əsasən PKK-nın davamçıları sayılan PYD/YPG-nin
mövqelərini vurur, onları susdururdu. Bir məsələni də xatırlatmaq yerinə düşər
ki, Afrin bölgəsinin guya ABŞ-ın nəzarətində olmaması barədə məlumatlar
dövriyyəyə buraxılır, rəsmi Vaşinqtonun məsuliyyətdən kənar saxlanmasına
cəhdlər edilir. Halbuki, PKK terror təşkilatınınSuriyaqolu PYD/YPG qruplaşmalarına
silah-sursatın məhz Amerika tərəfindən verilməsi faktı ortadadır. Türkiyə Prezidenti
Rəcəb Tayyib Ərdoğanın da dəfələrlə qeyd etdiyi kimi, ABŞ Suriyada terror
təşkilatlarına indiyə qədər 4900 TIR silah-sursat göndərib. Eyni zamanda, hərbi
təyyarələr 2 min silahı terrorçuların olduğu ərazilərə havadan atıb, yaxud
qaçaq formada istifadə olunan müxtəlif hava limanlarına enərək terror
təşkilatlarına verib. Bunlar faktdır. Bu kimi tutarlı səbəblərdən irəli
gələrək, Türkiyə ordusunun Afrin bölgəsini PYD/YPG terrorçularından azad
edilməsi əməliyyatı realdır və artıq bu əməliyyatlara başlanılıb deyə bilərik.
-
Türkiyə rəsmiləri bu hərbi əməliyyatların keçirilməsində son dərəcə qətiyyət
nümayiş etdirir. Ümumilikdə Türkiyə cəmiyyəti necə, bu qətiyyəti eyni dərəcədə
nümayiş etdirirmi?
- Terrorla mübarizədə istər
ordu, istərsə də cəmiyyətin əsas hissəsi dövlətin yanındadır. Hər kəs anlayır
ki, terror hamı üçün bəladır. Digər tərəfdən, burada söhbət yalnız terrorla
mübarizədən getmir. ABŞ Türkiyənin burnunun ucunda özünə aid olan silahlı
qruplaşma yaratmaq istəyir. Əlbəttə ki, bu, sadəcə Türkiyənin ərazi bütövlüyünə
deyil, bütövlükdə regiona qarşı təhdiddir, təhlükədir. Hadisələrə bu prizmadan
yanaşan Türkiyə cəmiyyətinin əsas hissəsi dövlətin atdığı addımları
dəstəkləyir. Düzdür, Afrində türk ordusunun hərbi əməliyyat keçirməsinə etiraz
edənlər də var. Amma onlar olduqca marginal, kiçik qruplardır. Türkiyənin əsas
siyasi partiyaları, müxtəlif təşkilatlar, parlament və digər qurumlar, ümumən
cəmiyyətin böyük əksəriyyəti ölkənin sərhədində bu hərbi əməliyyatların
keçirilməsini dəstəkləyirlər.
-
Bu hərbi əməliyyatlara başlanacağı təqdirdə, Amerikanın verə biləcəyi reaksiya
Türkiyə tərəfindən hesablanıbmı?
- Hesab edirəm ki, bütün
risklər hesablanıb və göz önünə alınıb. Fikrimcə, Suriyanın sözügedən bölgəsinin
Amerikanın nəzarətində olmaması barədə rəsmi Vaşinqtonun açıqlamaları sübut
edir ki, bu hərbi əməliyyatlarda ABŞ Türkiyə ilə üz-üzə gəlməyəcək, bunda
maraqlı olmayacaq. Bu məsələ son dərəcə ciddidir. Digər tərəfdən, Suriyada
hərbi güc olaraq Rusiya da var. Rusiya mediasını izləyəndə görürük ki, "sərhəd
qüvvələri təhlükəsizliyi” adı altında terrorçulardan ibarət 30 minlik silahlı
qruplaşmanın yaradılması Suriyanın ərazi bütövlüyünün pozulması kimi qələmə
verilir. Türkiyə, İran və Rusiya Suriyanın ərazi bütövlüyünü dəstəkləyir.
Türkiyənin Afrində apardığı hərbi əməliyyatlar Suriyanın müxalif qüvvələri –
Azad Suriya Ordusu ilə birlikdə həyata keçiriləcək. Bu hərbi əməliyyatın
başlıca məqsədi kürdlərlə deyil, oradakı terrorist qruplarla mübarizə aparmaq,
onları zərərsizləşdirməkdir. Bu, başlıca hədəfdir. Türkiyənin Suriyanın daxili
işlərinə qarışmaq kimi hər hansı cəhdi, marağı yoxdur. Suriyada demokratik bir
seçki keçirilməsini, xalqın iradəsi ilə hər hansı şəxsin idarəçiliyə
gətirilməsini dəstəkləyir. Bunun xaricində heç bir istəyimiz, o cümlədən
Türkiyənin hərbi müdaxilə yolu ilə Suriyada siyasi idarəetməni dəyişmək və sair
kimi niyyəti yoxdur. Hərbi əməliyyatlara Suriyada dəstək verməyən qüvvələr var
ki, onların "bayraqlarında”, rəmzlərində terrorçubaşı Abdulla Öcalanın rəsmləri
yer alır. Onlar birbaşa PKK terror təşkilatı ilə əlaqəlidirlər. Ona görə də
Afrin əməliyyatı bölgənin terrorçu qruplardan təmizlənməsinə xidmət edəcək.
-
Türkiyə ordusunun Afrin əməliyyatlarına ABŞ-ın cavabı ən pis halda nə ola
bilər?
- Amerika buna görə
Türkiyəyə heç bir cavab verə bilməz. Çünki, Türkiyə beynəlxalq prinsiplərə,
qanunlara, hüquqa söykənərək, sərhəd əməliyyatlarına başlayıb. Bir qədər əvvəl
qeyd etdiyim kimi, hərbi əməliyyatlarda başlıca hədəf Türkiyə sərhədinə yaxın
ərazilərin terrorçulardan təmizlənməsi, Suriyanın bu bölgəsində sabitliyin
təmin olunmasıdır. Amerika okeanın o tayından gəlib Suriyada 5 minə yaxın
əsgərlə təmsil olunur, terrorla mübarizə apardığını deyir. Türkiyə isə bu
regiondakı dövlətdir, hərbi əməliyyatların keçiriləcəyi ərazilər də bu dövlətin
sərhədinə yaxın yerlərdir. Belə olan halda, Türkiyənin Afrində hərbi
əməliyyatlar keçirməsi suveren dövlət olaraq haqqıdır. Unutmayaq ki, Suriyada
Rusiya və Amerika da terrora qarşı mübarizə aparır. Türkiyə də bu məqsədlə
hərbi əməliyyatlara başlayır.
-
Bölgədəki terrorçular indiyə qədər xeyli silah-sursat əldə ediblər. Bu amil
hərbi əməliyyatlar zamanı Türkiyə ordusuna qarşı böyük dirəniş olacağı
ehtimalını yaratmırmı?
- Suriyanın Ərbab şəhərindəki hərbi
əməliyyatlar zamanı Türkiyə ordusu İŞİD kimi güclü terror qruplaşması ilə
üz-üzə gəlmişdi. Düzdür, 70-ə yaxın şəhid verdik, amma İŞİD türk ordusu
qarşısında duruş gətirə bilmədi. Afrin əməliyyatında da itkilərin olması
ehtimalı var. Lakin terrorçulardan ibarət quldur dəstələrinin mütəşəkkil,
nizami türk ordusu qarşısında yenə də duruş gətirə bilməyəcəyini, məğlub
olacaqlarını indidən söyləmək olar. Türk ordusunun sadəcə adı terrorçuların öz
mövqelərini qoyub qaçmaları üçün kifayətdir.
-
Afrində hərbi əməliyyatlara başlanması Suriyada maraqları olan Rusiya və İranla
da razılaşdırılıbmı?
- Afrin bölgəsi İranın
təsiri altında deyil. Bu coğrafiya şiə qruplaşmalarının olmadığı regiondur. Bu
ərazidə Rusiyanın təsir dairəsi ola bilər. Hazırda Rusiya və Türkiyə münasibətləri
yüksək səviyyədədir, qarşılıqlı əlaqələr mövcuddur. Suriya məsələsində hər iki
dövlətin maraqlarının uzlaşmasını, ortaq mövqeyini görürük. Bu, Suriyanın ərazi
bütövlüyü, suverenliyi məsələsində özünü daha çox büruzə verir. Ona görə də Türkiyənin
Afrində hərbi əməliyyatlar keçirməsinə Rusiyanın qarşı çıxacağını düşünmürəm.
Kimsə deyə bilər ki, Rusiya PYD-ni dəstəkləyir, onunla işbirliyi var. Lakin
unutmaq olmaz ki, real şəraitdə sözügedən ərazidəki terrorçular, o cümlədən PYD/YPG
ABŞ-ın nəzarətində və idarəetməsindədir. Bunu Rusiya tərəfi də yaxşı anlayır.
Bu isə rəsmi Moskvanın maraqlarına heç bir halda cavab vermir. Bu mənzərəni
dəyişmək, Türkiyə-Rusiya münasibətlərini korlamaq üçün zaman-zaman müəyyən
cəhdlər oldu. Siyasi liderlərin qətiyyəti, nümayiş etdikləri iradə bütün
təxribatların qarşısını aldı. Ona görə də Rusiyanın indiki halda Türkiyəyə
qarşı çıxacağını düşünmürəm. Digər tərəfdən, Türkiyə regionda hər hansı hərbi
əməliyyatlar apararkən, sözsüz ki, bu regionda maraqlı olan Rusiya, yaxud
İranla müəyyən danışıqlar aparır. Ancaq bu da unudulmamalıdır ki, milli
maraqlar, dövlət təhlükəsizliyi məsələsi ortada olduğu zaman Türkiyə heç kimlə
təmasa girməyə, hesablaşmağa maraq göstərməz. Dövlətin təhlükəsizliyi,
milli-dövlətçilik maraqları heç bir şeyə qurban verilməz. Kıbrıs hadisəsi buna
əyani misaldır. Türkiyə üçün dövlət və milli maraqlar hər zaman hər şeydən
öndədir. Qarşılıqlı fikir mübadiləsi, razılaşma, dialoq vacib şərtdir. Lakin
yenə də təkrar edirəm ki, dövlətin varlığını, ölkənin ərazi bütövlüyünü təhdid
edəcək hər hansı məsələyə qarşı Türkiyə heç kimlə hesablaşmadan hərəkət edər.
-
Ötən il Suriyanın İŞİD terrorçularından tamamilə təmizlənməsi barədə məlumatlar
mediada yer alır, elə təəssürat yaradılırdı ki, bu ölkədə silahlı qarşıdurmalar,
hərbi əməliyyatlar sona çatıb. Lakin Afrin əməliyyatı isə göstərir ki, proses
hələ də başa çatmayıb. Sizcə, Suriyada silahlar nə zaman susacaq?
- Suriyada uzunmüddətli
müharibənin, hərbi əməliyyatların olmasının səbəbi bu ərazidə maraqları olan dövlətlərin,
böyük güclərin fikirlərinin, mövqelərinin üst-üstə düşməməsi, onlar arasında
dialoqun olmamasıdır. Rusiya, İran və Türkiyə Suriya məsələsində dialoq əldə
edə biliblər. Buna görə də tərəflər arasında gərginliyin artması müşahidə
olunmur. Suriyanın müvafiq bölgələrinə görə onların üzərinə düşən məsuliyyət
var. Bu məsuliyyətdən qaynaqlanaraq həmin ərazilərdə gərginlik, silahlı
qarşıdurma yoxdur. Lakin Amerika və bölgədə marağı olan digər qüvvələrin, hətta
Avropanın bunu dəstəklədiyini müşahidə etmirik. Dolayısı ilə içəridən və ya
xaricdən prosesin tənzimlənməsinə maneələr var. Bütün bunlar maraqların
üst-üstə düşmədiyini göstərir. Ona görə də silahlı münaqişənin yaxın vaxtlarda
həllini tapacağı inandırıcı görünmür.
Rufik
İSMAYILOV