• çərşənbə axşamı, 19 mart, 13:33
  • Baku Bakı 8°C

“Afrin əməliyyatı bölgənin terrorçu qruplardan təmizlənməsinə xidmət edəcək” - Fotolar

18.01.18 10:30 2433
“Afrin əməliyyatı bölgənin terrorçu qruplardan təmizlənməsinə xidmət edəcək” - Fotolar
ABŞ-ın İŞİD-ə qarşı rəhbərlik etdiyi beynəlxalq koalisiya Suriyada nəzarət etdiyi ərazilərdə "sərhəd təhlükəsizliyi qüvvələri” yaratmağa başlayıb. Koalisiyanın rəsmi nümayəndəsi Tomas Villin "Defense Post” nəşrinə açıqlamasına görə, alyans "SuriyaDemokratik Qüvvələr” (SDQ) adlanan silahlı qruplaşma ilə birgə çalışır. İlkin mərhələdə bu təlimlərə təxminən 230 nəfər cəlb edilsə də, yekun məqsəd 30 minlik qüvvə yaratmaqdır. T.Villin sözlərinə görə, yeni qüvvələr Suriyanın SDQ-nin nəzarətində olan ərazinin qərb sərhədi boyu, habeləİraqvə Türkiyə sərhədləri boyu yerləşdirilməsi planlaşdırılıb. Təbii olaraq, Türkiyə rəsmiləri bu açıqlamaya sərt münasibət bildiriblər. Prezident Rəcəb Tayyib Ərdoğan isə bəyan edib ki, Türkiyə ordusu Suriyanın Afrin bölgəsinin PKK terror təşkilatınınSuriyaqolu PYD/YPG-dən azad edilməsi əməliyyatına başlayacaq. O, Türkiyə ordusunun Afrin əməliyyatı zamanı ABŞ və digər müttəfiqləri özlərini sözün əsl mənasında müttəfiq kimi aparmağa səsləyib. Eyni zamanda qeyd edib ki, Afrin əməliyyatı da "Fərat qalxanı” kimi zəfərlə yekunlaşacaq.Suriya ətrafında cərəyan edən proseslər, Türkiyənin Afrin əməliyyatı, başlıca hədəflər, ABŞ, Rusiya və İranın buna reaksiyası, həmçinin digər məsələlərlə bağlı "Kaspi”nin suallarını Türkiyədə yaşayan azərbaycanlı politoloq Toğrul İsmayıl cavablandırır.

- Toğrul bəy, Türkiyənin bu əməliyyatlara başlaması nə dərəcədə realdır?
- Artıq sözügedən əraziyə Türkiyə ordusu nəzərdə tutulan həcmdə yığılıb. Bildiyiniz kimi, Suriyanın şimalında yerləşən Afrin bölgəsi Türkiyənin Hatay və Kilis bölgələri ilə sərhəddir. Suriyanın bu ərazisində YPG/PYD qüvvələrinin möhkəmlənməsi arzuolunan deyil, Türkiyə üçün təhdiddir. İndiyə qədər Türkiyə öz ərazisindən artilleriya ilə Suriya ərazisində əsasən PKK-nın davamçıları sayılan PYD/YPG-nin mövqelərini vurur, onları susdururdu. Bir məsələni də xatırlatmaq yerinə düşər ki, Afrin bölgəsinin guya ABŞ-ın nəzarətində olmaması barədə məlumatlar dövriyyəyə buraxılır, rəsmi Vaşinqtonun məsuliyyətdən kənar saxlanmasına cəhdlər edilir. Halbuki, PKK terror təşkilatınınSuriyaqolu PYD/YPG qruplaşmalarına silah-sursatın məhz Amerika tərəfindən verilməsi faktı ortadadır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da dəfələrlə qeyd etdiyi kimi, ABŞ Suriyada terror təşkilatlarına indiyə qədər 4900 TIR silah-sursat göndərib. Eyni zamanda, hərbi təyyarələr 2 min silahı terrorçuların olduğu ərazilərə havadan atıb, yaxud qaçaq formada istifadə olunan müxtəlif hava limanlarına enərək terror təşkilatlarına verib. Bunlar faktdır. Bu kimi tutarlı səbəblərdən irəli gələrək, Türkiyə ordusunun Afrin bölgəsini PYD/YPG terrorçularından azad edilməsi əməliyyatı realdır və artıq bu əməliyyatlara başlanılıb deyə bilərik.

- Türkiyə rəsmiləri bu hərbi əməliyyatların keçirilməsində son dərəcə qətiyyət nümayiş etdirir. Ümumilikdə Türkiyə cəmiyyəti necə, bu qətiyyəti eyni dərəcədə nümayiş etdirirmi?
- Terrorla mübarizədə istər ordu, istərsə də cəmiyyətin əsas hissəsi dövlətin yanındadır. Hər kəs anlayır ki, terror hamı üçün bəladır. Digər tərəfdən, burada söhbət yalnız terrorla mübarizədən getmir. ABŞ Türkiyənin burnunun ucunda özünə aid olan silahlı qruplaşma yaratmaq istəyir. Əlbəttə ki, bu, sadəcə Türkiyənin ərazi bütövlüyünə deyil, bütövlükdə regiona qarşı təhdiddir, təhlükədir. Hadisələrə bu prizmadan yanaşan Türkiyə cəmiyyətinin əsas hissəsi dövlətin atdığı addımları dəstəkləyir. Düzdür, Afrində türk ordusunun hərbi əməliyyat keçirməsinə etiraz edənlər də var. Amma onlar olduqca marginal, kiçik qruplardır. Türkiyənin əsas siyasi partiyaları, müxtəlif təşkilatlar, parlament və digər qurumlar, ümumən cəmiyyətin böyük əksəriyyəti ölkənin sərhədində bu hərbi əməliyyatların keçirilməsini dəstəkləyirlər.

- Bu hərbi əməliyyatlara başlanacağı təqdirdə, Amerikanın verə biləcəyi reaksiya Türkiyə tərəfindən hesablanıbmı?
- Hesab edirəm ki, bütün risklər hesablanıb və göz önünə alınıb. Fikrimcə, Suriyanın sözügedən bölgəsinin Amerikanın nəzarətində olmaması barədə rəsmi Vaşinqtonun açıqlamaları sübut edir ki, bu hərbi əməliyyatlarda ABŞ Türkiyə ilə üz-üzə gəlməyəcək, bunda maraqlı olmayacaq. Bu məsələ son dərəcə ciddidir. Digər tərəfdən, Suriyada hərbi güc olaraq Rusiya da var. Rusiya mediasını izləyəndə görürük ki, "sərhəd qüvvələri təhlükəsizliyi” adı altında terrorçulardan ibarət 30 minlik silahlı qruplaşmanın yaradılması Suriyanın ərazi bütövlüyünün pozulması kimi qələmə verilir. Türkiyə, İran və Rusiya Suriyanın ərazi bütövlüyünü dəstəkləyir. Türkiyənin Afrində apardığı hərbi əməliyyatlar Suriyanın müxalif qüvvələri – Azad Suriya Ordusu ilə birlikdə həyata keçiriləcək. Bu hərbi əməliyyatın başlıca məqsədi kürdlərlə deyil, oradakı terrorist qruplarla mübarizə aparmaq, onları zərərsizləşdirməkdir. Bu, başlıca hədəfdir. Türkiyənin Suriyanın daxili işlərinə qarışmaq kimi hər hansı cəhdi, marağı yoxdur. Suriyada demokratik bir seçki keçirilməsini, xalqın iradəsi ilə hər hansı şəxsin idarəçiliyə gətirilməsini dəstəkləyir. Bunun xaricində heç bir istəyimiz, o cümlədən Türkiyənin hərbi müdaxilə yolu ilə Suriyada siyasi idarəetməni dəyişmək və sair kimi niyyəti yoxdur. Hərbi əməliyyatlara Suriyada dəstək verməyən qüvvələr var ki, onların "bayraqlarında”, rəmzlərində terrorçubaşı Abdulla Öcalanın rəsmləri yer alır. Onlar birbaşa PKK terror təşkilatı ilə əlaqəlidirlər. Ona görə də Afrin əməliyyatı bölgənin terrorçu qruplardan təmizlənməsinə xidmət edəcək.

- Türkiyə ordusunun Afrin əməliyyatlarına ABŞ-ın cavabı ən pis halda nə ola bilər?
- Amerika buna görə Türkiyəyə heç bir cavab verə bilməz. Çünki, Türkiyə beynəlxalq prinsiplərə, qanunlara, hüquqa söykənərək, sərhəd əməliyyatlarına başlayıb. Bir qədər əvvəl qeyd etdiyim kimi, hərbi əməliyyatlarda başlıca hədəf Türkiyə sərhədinə yaxın ərazilərin terrorçulardan təmizlənməsi, Suriyanın bu bölgəsində sabitliyin təmin olunmasıdır. Amerika okeanın o tayından gəlib Suriyada 5 minə yaxın əsgərlə təmsil olunur, terrorla mübarizə apardığını deyir. Türkiyə isə bu regiondakı dövlətdir, hərbi əməliyyatların keçiriləcəyi ərazilər də bu dövlətin sərhədinə yaxın yerlərdir. Belə olan halda, Türkiyənin Afrində hərbi əməliyyatlar keçirməsi suveren dövlət olaraq haqqıdır. Unutmayaq ki, Suriyada Rusiya və Amerika da terrora qarşı mübarizə aparır. Türkiyə də bu məqsədlə hərbi əməliyyatlara başlayır.

- Bölgədəki terrorçular indiyə qədər xeyli silah-sursat əldə ediblər. Bu amil hərbi əməliyyatlar zamanı Türkiyə ordusuna qarşı böyük dirəniş olacağı ehtimalını yaratmırmı?
- Suriyanın Ərbab şəhərindəki hərbi əməliyyatlar zamanı Türkiyə ordusu İŞİD kimi güclü terror qruplaşması ilə üz-üzə gəlmişdi. Düzdür, 70-ə yaxın şəhid verdik, amma İŞİD türk ordusu qarşısında duruş gətirə bilmədi. Afrin əməliyyatında da itkilərin olması ehtimalı var. Lakin terrorçulardan ibarət quldur dəstələrinin mütəşəkkil, nizami türk ordusu qarşısında yenə də duruş gətirə bilməyəcəyini, məğlub olacaqlarını indidən söyləmək olar. Türk ordusunun sadəcə adı terrorçuların öz mövqelərini qoyub qaçmaları üçün kifayətdir.

- Afrində hərbi əməliyyatlara başlanması Suriyada maraqları olan Rusiya və İranla da razılaşdırılıbmı?
- Afrin bölgəsi İranın təsiri altında deyil. Bu coğrafiya şiə qruplaşmalarının olmadığı regiondur. Bu ərazidə Rusiyanın təsir dairəsi ola bilər. Hazırda Rusiya və Türkiyə münasibətləri yüksək səviyyədədir, qarşılıqlı əlaqələr mövcuddur. Suriya məsələsində hər iki dövlətin maraqlarının uzlaşmasını, ortaq mövqeyini görürük. Bu, Suriyanın ərazi bütövlüyü, suverenliyi məsələsində özünü daha çox büruzə verir. Ona görə də Türkiyənin Afrində hərbi əməliyyatlar keçirməsinə Rusiyanın qarşı çıxacağını düşünmürəm. Kimsə deyə bilər ki, Rusiya PYD-ni dəstəkləyir, onunla işbirliyi var. Lakin unutmaq olmaz ki, real şəraitdə sözügedən ərazidəki terrorçular, o cümlədən PYD/YPG ABŞ-ın nəzarətində və idarəetməsindədir. Bunu Rusiya tərəfi də yaxşı anlayır. Bu isə rəsmi Moskvanın maraqlarına heç bir halda cavab vermir. Bu mənzərəni dəyişmək, Türkiyə-Rusiya münasibətlərini korlamaq üçün zaman-zaman müəyyən cəhdlər oldu. Siyasi liderlərin qətiyyəti, nümayiş etdikləri iradə bütün təxribatların qarşısını aldı. Ona görə də Rusiyanın indiki halda Türkiyəyə qarşı çıxacağını düşünmürəm. Digər tərəfdən, Türkiyə regionda hər hansı hərbi əməliyyatlar apararkən, sözsüz ki, bu regionda maraqlı olan Rusiya, yaxud İranla müəyyən danışıqlar aparır. Ancaq bu da unudulmamalıdır ki, milli maraqlar, dövlət təhlükəsizliyi məsələsi ortada olduğu zaman Türkiyə heç kimlə təmasa girməyə, hesablaşmağa maraq göstərməz. Dövlətin təhlükəsizliyi, milli-dövlətçilik maraqları heç bir şeyə qurban verilməz. Kıbrıs hadisəsi buna əyani misaldır. Türkiyə üçün dövlət və milli maraqlar hər zaman hər şeydən öndədir. Qarşılıqlı fikir mübadiləsi, razılaşma, dialoq vacib şərtdir. Lakin yenə də təkrar edirəm ki, dövlətin varlığını, ölkənin ərazi bütövlüyünü təhdid edəcək hər hansı məsələyə qarşı Türkiyə heç kimlə hesablaşmadan hərəkət edər.

- Ötən il Suriyanın İŞİD terrorçularından tamamilə təmizlənməsi barədə məlumatlar mediada yer alır, elə təəssürat yaradılırdı ki, bu ölkədə silahlı qarşıdurmalar, hərbi əməliyyatlar sona çatıb. Lakin Afrin əməliyyatı isə göstərir ki, proses hələ də başa çatmayıb. Sizcə, Suriyada silahlar nə zaman susacaq?
- Suriyada uzunmüddətli müharibənin, hərbi əməliyyatların olmasının səbəbi bu ərazidə maraqları olan dövlətlərin, böyük güclərin fikirlərinin, mövqelərinin üst-üstə düşməməsi, onlar arasında dialoqun olmamasıdır. Rusiya, İran və Türkiyə Suriya məsələsində dialoq əldə edə biliblər. Buna görə də tərəflər arasında gərginliyin artması müşahidə olunmur. Suriyanın müvafiq bölgələrinə görə onların üzərinə düşən məsuliyyət var. Bu məsuliyyətdən qaynaqlanaraq həmin ərazilərdə gərginlik, silahlı qarşıdurma yoxdur. Lakin Amerika və bölgədə marağı olan digər qüvvələrin, hətta Avropanın bunu dəstəklədiyini müşahidə etmirik. Dolayısı ilə içəridən və ya xaricdən prosesin tənzimlənməsinə maneələr var. Bütün bunlar maraqların üst-üstə düşmədiyini göstərir. Ona görə də silahlı münaqişənin yaxın vaxtlarda həllini tapacağı inandırıcı görünmür.
Rufik İSMAYILOV

banner

Oxşar Xəbərlər