• cümə axşamı, 28 mart, 13:18
  • Baku Bakı 16°C

Afrika dövlətlərindən hələ də xərac alan, beynəlxalq hüququ saymayan Fransa - TƏHLİL

26.11.20 11:15 443
Afrika dövlətlərindən hələ də xərac alan, beynəlxalq hüququ saymayan Fransa - TƏHLİL
Fransa Senatında qəbul edilmiş "Dağlıq Qarabağ Respublikasının tanınması zərurəti” adlı qətnamə bu dövlətin dünyada necə iyrənc siyasət apardığının bariz nümunəsidir. Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Fransa Senatında qondarma "Dağlıq Qarabağ respublikasının” tanınmasına dair qətnamə layihəsinin qəbulu ilə bağlı bəyanatı rəsmi Paris üçün bir çağırış olmalıdır. Hikmət Hacıyev bildirib ki, "Fransa Senatı əgər ədalət, beynəlxalq hüquq barədə bu qədər "narahatdır”sa, onda onun BMT Baş Assambleyasının qətnamələrinə və Qoşulmama Hərəkatının qərarlarına uyğun olaraq müstəmləkəçiliyin ən son nümunələrindən biri olan Qəmər adalarının Mayot adası məsələsini nəzərdən keçirməsi daha məntiqli olardı”.
Doğrudan da, dünyanın yarısından çoxu bir neçə il əvvəl Qəmər adaları və Mayot adası ilə bağlı qərar qəbul etmişdi. 2019-cu ildə Qoşulmama Hərəkatının dövlət və hökumət başçıları Mayot adası üzərində Qəmər Adaları İttifaqının mübahisəsiz suverenliyini bir daha təsdiq etmiş və 2009-cu ilin 29 martında burada keçirilən referendumu və Qəmər adası olan Mayotun Fransanın 101-ci departamentinə çevrilmə prosesini qınamış və etibarsız saymışdı. Eyni zamanda, Qoşulmama Hərəkatının dövlət və hökumət başçıları Fransa hökumətini qanunsuz olan, Qəmər adalarının əhalisinin Mayot adasına girişini ciddi şəkildə məhdudlaşdıran, çox sayda insan itkisinə və itkin düşmələrə səbəb olan "Balladur Visa”sını ləğv etməyə çağırmışdı.
Afrika qitəsinin Avropa dövlətləri tərəfində məruz qaldığı müstəmləkəçilik siyasətindən kənarda qalmayan Qəmər adaları keçən əsrin ortalarında Fransanın əsarətindən azad olmaq tələbi ilə çıxış etmişdi. Müstəqilliklə bağlı referendum keçirilməmişdən əvvəl, 1973-cü ilin 15 iyun tarixində rəsmi Paris və Moroni arasında imzalanmış sazişdə 1974-cü ilin dekabrında keçirilməli olan referendumun nəticələrinin qəbul olunacağına dair bənd yer almışdı. Yəni referendumun nəticələri adalarda yaşayan ümumi çoxluğun iradəsini ifadə etməli idi.
Fransadan ayrılmaq və müstəqillik uğrunda 1974-cü ilin dekabrında keçirilmiş referendumun nəticələrinə əsasən Qəmər adaları arxipelaqına daxil olan 4 adadan 3-ü Fransadan ayrılmağa və müstəqilliyə, Mayot adasındakı xristian əhali isə bunun əleyhinə səs verdi. Fransa bunu əsas tutaraq referendumdan əvvəl imzalanmış saziş üzrə öhdəliyini "yaddan çıxardı” və Mayot adası üzərində müstəmləkəsini saxlayaraq ayrılmasına imkan vermədi.
Referendumdan sonra 1975-ci ildə müstəqil Qəmər Adaları Respublikası yarandı və tərkibindəki 4 ada ilə (Mayot da daxil olmaqla) BMT-nin tamhüquqlu üzvü oldu. Keçirilmiş referendumun nəticələrinə əsasən, BMT Baş Məclisi bütün 4 ada üzərində (Qrand-Komor, Anjuan, Moxeli və Mayot) Qəmər Adaları Respublikasının suverenliyini tanıdı və Fransanı həmin adaları tərk etməyə çağırdı. Lakin Fransa BMT-nin tələbinə məhəl qoymadı.
1976-cı ildə Qəmər adaları hökuməti yenidən BMT-dən dövlətin ərazi bütövlüyünün qorunması üçün tədbirlər görməsini tələb etdi. Bu dəfə Fransa BMT Təhlükəsizlik Şurasının daimi üzvü olmasından istifadə edərək qətnaməyə veto qoydu. BMT Baş Məclisi 12 dekabr 1979-cu il 34/69 qətnaməsi ilə yenidən Qəmər adalarının Mayot adası üzərində hüquqları tanındı və Fransadan müstəqil bir dövlətin ərazisini tərk etməsini bir daha tələb etdi.
Göründüyü kimi, bütün bunlara baxmayaraq, Fransa Qəmər adaları məsələsində beynəlxalq hüquqa tüpürərək işğalçı və müstəmləkəçi olduğunu bir daha ortaya qoyur.
Eyni zamanda, Fransanın XXI əsr olmasına baxmayaraq, hələ də bir çox dövləti faktiki olaraq müstəmləkə halına saldığı da Parisin necə iyrənc siyasət apardığının bariz nümunəsidir. Bu gün Benin, Burkina-Faso, Çad, Ekvatorial Qvineya, Qabon, Qvineya, Fildişi Sahili, Kamerun, Komor adaları, Konqo, Mali, Niger, Mərkəzi Afrika Respublikası, Seneqal, Toqo və Yuxarı Voltada Fransa hökumətinin apardığı siyasət beynəlxalq hüququn pozulması və müstəqil dövlətlər sayılan bu ölkələrin müstəqilliyinə qəsddir. Fransa hələ də Cibuti, Seneqal, Qabon, Çad, Mərkəzi Afrika Respublikası və Fildişi Sahilində 6 hərbi baza saxlayaraq Afrikada nüfuzunu davam etdirir. O cümlədən, Fransa keçmiş müstəmləkəsi olan 14 Afrika ölkəsindən 60 ildən çoxdur ki, hər il xərac alır. Əgər bu dövlətlərdən hansındasa siyasi hakimiyyətdəki liderlər "vergi”ni Fransaya verməkdən imtina edirsə, dərhal ona qarşı ya sui-qəsd təşkil edilir, ya da inqilab yolu ilə hakimiyyətdən uzaqlaşdırılır. Bütün bunlara XXI əsrdə rast gəlmək utanverici, eyni zamanda təəccüblüdür.
2020-ci il noyabrın 10-da Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş nazirinin imzaladığı birgə bəyanatla Ermənistan və Azərbaycan arasında hərbi eskalasiyaya son qoyulub və regionda sülhün bərqərar olunması istiqamətində praktiki işlərə başlanılıb. 30 ildən sonra regionda nəhayət ki, sülhün əldə edilməsindən sonra Makron və onun partiyasının Cənubi Qafqazla bağlı təxribat dolu siyasətinin yeganə məqsədi əldə edilmiş razılıqlara xələl gətirməkdir.
İstisna deyil ki, Fransanın ardından müəyyən qüvvələr Hollandiya, Kanada, Belçika, Avstraliya, Uruqvay, Argentina kimi dövlətlərdə də Dağlıq Qarabağla bağlı spekulyasiyaya yol versinlər. Müəyyən qüvvələr regionda Türkiyə və Rusiya anlaşmasından narahatdır və müharibənin başlanmasında maraqlıdırlar.
Müxtəlif dövlətlərin parlamentlərində Azərbaycana qarşı siyasi təzyiqlərin işə salınmasında Qərbdəki erməni diasporunun da xüsusi rolu var. Qarabağ ətrafında kifayət qədər ciddi geosiyasi mübarizə getməkdədir. Qərbdəki erməni diasporu Paşinyanın Putinin ayaqlarına yıxılmasına imkan vermək istəmirlər.
Hər bir halda Fransa Senatı tərəfindən verilən qərar bu dövlətin adına ləkədir və Azərbaycan üçün bu qətnamənin kağız parçasından başqa bir şey olmayacağı aydındır. Lakin bu qərarın qəbul edilməsi ilə Fransa Cənubi Qafqazdakı bütün iqtisadi maraqlarını itirmiş olacaq. Görünən odur kı, siyasətdə "kal” olan Makron və onun komandası erməni şərabının təsiri altında sayıqlamalarıyla Fransanın nüfuzuna və bölgədəki maraqlarına ciddi zərbə vurduğunun fərqində deyil.
Prezident yanında Dövlət İdarəçilik Akademiyasının baş müəllimi, Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov

banner

Oxşar Xəbərlər