Afaq Şıxlıdan yeni şeirlər

Afaq Şıxlıdan yeni şeirlər

24 May 2014, 13:19 1189
Beləcə dolanırıq...

Başımızda
fikirlər,
düşüncələr, gümanlar,
neçə-neçə insanın səsi, sözü hərlənir.
Hərdən də bir səbəbdən,
dünya hərləndiyitək,
elə özü hərlənir,
İstəsək, istəməsək
olduğumuz dünyayla birgə fırlanırıq biz.
Gücümüz çatmır deyə onun gərdişlərinə,
dünyanı danırıq biz.
Bir az xoşbəxt olanda,
şükr etdiyimiz olur,
bu gözəl dünyamızın başına dolanırıq.
Bəzənsə... çox düşəndə bəxtəvərlik payımız,
özümüzü
dünyanın məhvəriyik sanırıq!..


Sən uşaq olmamısan...

Sən uşaq olmamısan...
Yaddaşında qalalı,
böyük kimi düşünüb, böyüktək davranmısan.
Sənə ümid ediblər,
sənə iş buyurublar,
Elə səndən küsüblər,
elə səndən umublar.
Heç zamanın olmayıb dəcəlliklər etməyə,
Öyrənmisən tək-tənha xəyallarda itməyə.
Tay-tuşların ataya, anaya naz edəndə
Sən özündən kiçiyin
nazına da dözmüsən.
Döydükcə qapıları ədalət sorağında
Kimlərinsə bozarmış üzünə də dözmüsən.

Yəqin qibtə etmisən
dəcəllik edənlərə.
Yoldaşlarıyla birgə gəzməyə gedənlərə.
Qulağına səs düşüb,
yaş da gəlib gözündən, -
Özgə atalarının "Can, ay oğul!" sözündən.
Lap çətinə düşəndə ürəyin qan ağlayıb,
Sənin qəlbindəkinə bir də anan ağlayıb.
Özünü tək sanmısan
bu sonsuz kainatda,
Qəminin çarçısıdır o qürur da, inad da.
Görəsən məhkum idin sən böyük doğulmağa?
Yoxsa həyat qoymadı səni uşaq olmağa?!

***
Sənsizlik küləyində
dəli duyğular kimi saçlarım da pərişan!
Üzün elə dönüb ki,
elə bil həyatında olmamışam heç zaman.
Məhəbbətin qapısı çırpılıbdı üzümə...
Qəflətdən durmuş kimi
dan gəlirəm özümə.
Ümidim ayaqlarda,
Dərdim başımın üstdə...
Ölüm xəncəri durub səbr daşımın üstdə.
Kədərin pəncəsində çırım-çılpaqdır yaxam!
Ürəyim yalın qalıb,
Ürəyim yalnız qalıb -
Sən gedəli mən yoxam!

20.05.14.