• cümə axşamı, 28 mart, 15:02
  • Baku Bakı 16°C

AES-lərin təhlükəsizliyi tarixi minimum həddə çatıb

18.10.17 09:00 2178
AES-lərin təhlükəsizliyi tarixi minimum həddə çatıb
Fransanın nüfuzlu "Atlantico” nəşri dünya boyu Atom Elektrik stansiyalarının təhlükəlilik dərəcələrinin artması barədə material dərc edilib. Əvvəlcə dünya şöhrətli Greenpeace təşkilatının nüvə reaktorlarının və işlənilmiş nüvə yanacağının saxlanma hövzələrinin təhlükəsizliyi ilə bağlı hesabatına toxunulub. Burada AES-lərlə bağlı bir sıra narahatedici məqamlar, xüsusən də saxlanma hövzələri ilə haqqında narahatlıq ifadə olunur. "AES-lərin təhlükəsizliyi tarixi minimum həddə çatıb” başlıqlı məqalədə yerli informasiya komitələri və komissiyalarının Milli Assosiasiyasının prezidenti Jan-Klod Delalond hesabatla bağlı bildirib ki, saxlanma hövzələri qorunsa da, onların təhlükəsizliyi məsələləri problem olaraq qalır: "Bundan əlavə hövzələr illər ərzində dolub. Tullantıların saxlanma əraziləri də dolub və hövzələrdə problem yaranacağı təhlükəsi artıb. Onların saxlanma divarlarının dözümlülüyü aşağı olduğundan terror aktlarının artdığı bir dövrdə onların təhlükəsizlik məsələsi ortaya çıxıb. Halbuki, 30-40 il bundan əvvəl bu problemlər mövcud deyildi. Vətəndaş cəmiyyəti və bizlər saxlanma yerlərinin təhlükəsizliyi, eləcə də terror təhlükəsindən narahatçılıq keçirirlər”. "Greenpeace”də qeyd edirlər ki, terrorçular üçün bu hövzələrə yaxınlaşmaq çox asanlaşır. "Bu da öz növbəsində reaktorun daxilində ciddi təhlükə törədə bilər”, - deyən ekspert əlavə edib ki, nüvə sektorları ilə bağlı həyəcan təbili çalanda verilən cavablar təəssüf doğurur. "Bu zaman dövlət idarələri, DİN, EDF (Électricité de France) və Nüvə Təhlükəsizliyi Agentliyi bizə belə bir cavab verirlər – gedin işinizlə məşğul olun, burada baxılası heç nə yoxdur”.
"Greenpeace”in hesabatında o da qeyd edilir ki, AES-də təhlükəsizlik problemlərinə baxmayaraq, EDF hələ də təhlükəsizliklə bağlı tədbir görməyib. Bundan əlavə, orada müəssisə və hakimiyyət orqanlarının susmasından da bəhs edilir. "Bu cür yanaşma nə ilə bağlıdır” sualı isə "demək olmaz ki, təhlükəsizlik tədbirləri görülmür. Bizim ərazilərimizdəki AES-lərin müvafiq vəziyyətdə saxlanılması üçün bütün zəruri addımlar atılır. Bütün AES-lərin ətrafında təhlükəsizlik tədbirləri gücləndirilməlidir” kimi standart sözlərlə cavablandırılıb. Hesabatda qeyd edilib ki, vətəndaş cəmiyyətini bu obyektlərə yatırılan investisiyaların yetərli olub-olmadığı narahat edir. "Bunun üçün müstəqil ekspertizalar aparılmalı və yerli hakimiyyət orqanları məlumatlandırılmalıdır. Tək EDF-nin hesabatları ilə kifayətlənmək olmaz”, - deyə ekspert bildirib.
Bir faktı da qeyd edək ki, "Greenpeace”in hesabatında dünyanın bir çox ölkələrində yerləşən AES-lərin təhlükəsizliyi məsələsi də əks olunub. Lakin təəssüf hissi ilə qeyd etmək gərəkdir ki, Ermənistanda yerləşən Metsamor AES-in fəaliyyətinə az yer ayrılıb. Halbuki, bu stansiya tək region ölkələri üçün deyil, ətraf ölkələr üçün də ciddi təhlükə mənbəyidir. Bir faktı da qeyd edək ki, Ermənistanla Avropa İttifaqı arasında əməkdaşlıq haqqında yeni sazişə əsasən, energetika sahəsində əməkdaşlıq çərçivəsində Ermənistan Metsamor Atom Elektrik Stansiyasını bağlamalı və təhlükəsiz şəkildə istismardan çıxarmalıdır. Onun imzalanması 2017-ci il noyabrda nəzərdə tutulub. 357 səhifədən ibarət sənədin "Nüvə təhlükəsizliyi daxil olaraq, energetik əməkdaşlıq” sərlövhəli bəndində deyilir ki, əməkdaşlıq tərəfdaşlıq, qarşılıqlı fayda və şəffaflıq prinsiplərinə əsaslanmalıdır. Əməkdaşlıq, həmçinin "Metsamor Atom Elektrik Stansiyasının bağlanması, təhlükəsiz yolla istismardan çıxarılması və Ermənistanın enerji təhlükəsizliyi və sabit inkişafının təmin edilməsi üçün onun yeni istehsal imkanları ilə əvəz edilməsi zəruriyyətini nəzərə alaraq, tez bir vaxtda yol xəritəsi və ya tədbirlər planının” qəbul edilməsini ehtiva etməlidir.
Avropalıların Ermənistan Atom Elektrik stansiyasını bağlamaq təklif və tələbləri yenilik deyil.
Bu tələb Ermənistanın hələ 2013-cü ildə imzalamağa hazırlaşdığı, lakin son anda imtina etdiyi Avropa İttifaqı ilə assosiasiya sazişində nəzərdə tutulurdu. Yerevan Metsamor AES-i bağlamaq və 2020-ci ilədək yeni stansiya tikmək öhdəliyi götürmüşdü.
Ermənistanda Aİ nümayəndəliyinin rəhbəri Trayan Hristea hələ 2005-ci ildə demişdi ki, Metsamor AES-in bağlanması və istismardan çıxarılması Avropa İttifaqının əsas məqsədi olaraq qalır. Lakin Ermənistan ölkənin elektrik enerji tələbatının təxminən 40 faizini ödəyən Metsamor AES-nı bağlamaq niyyətində deyildi. Əksinə, prezident Serj Sarkisyan 2008-ci ildə parlament tribunasından tezliklə atom elektrik stansiyasının yeni blokunun tikintisinin başlanacağını bəyan etdi. Sonradan Ermənistan hökuməti maliyyə çatışmazlığı səbəbindən AES-in ikinci blokunun istismar müddətinin uzadılması qərarını qəbul etdi. İlkin hesablamalara görə, yeni blokun tikintisi 5,5 milyard dollar tələb edir.
2014-cü ildə Ermənistan hökuməti "Rosatom” dövlət korporasiyasına daxil olan "Rusatom Service” səhmdar cəmiyyətinin himayəsi altında Metsamorun ikinci enerji blokunun istismar müddətini 10 il (2026-cı ilədək) artırmaq layihəsini qəbul etdi. REGNUM agentliyinin məlumatına görə, layihənin həyata keçirilməsi üçün Rusiya hökuməti Ermənistana 270 milyon dollar məbləğində kredit və 30 milyon dollar qrant ayırmışdı. Enerji infrastrukturu və təbii ehtiyatlar nazirinin müavini Hayk Harutyunyanın agentliyə dediyinə görə, AES-in istismar müddətinin uzadılması üzrə ümumi dəyəri 140 milyon təşkil edən 40 saziş bağlanıb, işlərin birinci mərhələsi başa çatmaqdadır.
Avropa İttifaqının Metsamor AES-in bağlanması tələbini şərh edən Ermənistan Enerji İnfrastrukturu və Təbii Ehtiyatlar Nazirliyinin rəsmi nümayəndəsi Vasak Tarpoşyan qeyd edib ki, saziş layihəsinə əsasən, stansiya müvafiq enerji istehsalı mənbələri yaradıldıqdan sonra bağlana bilər.
Xatırladaq ki, Metsamor şəhərində yerləşən AES 1980-ci ildə işə salınıb. 1988-ci il zəlzələsindən sonra stansiyanın işi dayandırılıb və yenidən 1995-ci ildə bərpa edilib. Stansiyanın iki enerji bloku 400 meqavat gücündə BBGR-440 Rusiya reaktorları ilə təchiz olunub. Hazırda birinci blokun fəaliyyəti dayandırılıb, ikinci blokun istismar resursu isə 2019-cu ildə tükənməlidir. Ermənistanda istehsal olunan elektrik enerjinin 45 faizi Metsamor AES-in payına düşür.
Azər
banner

Oxşar Xəbərlər