ADU-ya qəbul olunmuş tələbələrin sənəd qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün Azərbaycan
Dillər Universitetinin (ADU) bakalavr pilləsinin I kursuna qəbul olmuş
abituriyentlərin dünəndən etibarən sənəd qəbulu başlayıb.
ADU-nun Sənəd Qəbulu
Komissiyasının məsul şəxsi Məmməd İsmayılovdan aldığımız məlumata görə, bu il
ADU-ya 36 ixtisas üzrə tələbə qəbulu elan edilib və
birinci mərhələdə elan olunan yerlərin 95 faizi dolub. Onun sözlərinə görə, sənəd
qəbulunun ilk günü ADU-ya qəbul olan 1333 tələbədən 132 nəfəri artıq
qeydiyyatdan keçib. Universitetdə qəbul olunan abituriyentlərin qeydiyyat
prosesinin həyata keçirilməsi üçün 19 nəfərdən ibarət Qəbul Komissiyası
yaradıldığını deyən M.İsmayılov 15 avqust 2017-ci ildən 25 avqust 2017-ci ilədək
tələbələrin müvafiq sənədlərini universitetə təqdim etməklə qeydiyyatdan keçməli
olduqlarını, əks təqdirdə, onların müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi
kimi qiymətləndiriləcəyini və qəbul haqqında əmrlərinin ali məktəblərə göndərilməyəcəyini
qeyd edib. Qeydiyyat prosesinin rahat və uğurla həyata keçirildiyini söyləyən
M.İsmayılov qeydiyyat zamanı universitetin könüllü tələbələrinin də
abituriyentlərin qeydiyyat prosesini daha rahat keçmələri üçün onlara köməklik
göstərdiklərini diqqətə çatdırıb.
Azərbaycan Dillər Universitetinə
qəbul olunmuş abituriyentlər və onların valideynləri öz təəssüratlarını bizimlə
bölüşüblər.
ADU-nun Regionşünaslıq və beynəlxalq
münasibətlər fakültəsinə 467 balla qəbul olan Yaqut Novruzova bildirib ki,
xarici ölkələrə getmək, onların tarixini öyrənmək onun xoşuna gəlir.
"Bu universitetdə dil baxımdan
biliklərimi artırmaq üçün geniş imkanlar var. Məni imtahana hazırlaşdıran müəllimlərim
də Dillər Universitetini məsləhət gördülər”-deyən Yaqut Novruzova qəbul olması
ilə bağlı xəbəri eşitdikdə babası ilə birlikdə sevinc göz yaşlarını saxlaya
bilmədiklərini söyləyib.
Yaqutun babası Yusif Novruzov da
ADU-nun respublikada öndə gedən universitetlərdən biri olduğunu deyib. O, böyük
nəvəsinin bu universitetə daxil olmasına çox sevindiyini bildirib.
"Sevdiyim universitetə daxil
olmuşam və çox sevinirəm”-deyən Türkanə Xaspoladzadə ADU-nun Təhsil fakültəsinə
419 balla daxil olub. Azərbaycan Dillər Universitetində təhsil almağı hər zaman
arzuladığını deyən T.Xaspoladova universitetin fəaliyyəti ilə daim yaxından
maraqlandığını bildirib.
Qızının universitetə qəbul
olmasını səbirsizliklə gözlədiyini bildirən Türkanənin anası Rəqiyyə Əsədova
övladının əzmlə çalışdığını bildirib.
"Dillər Universiteti ailəmizin də
istədiyi universitet idi. Ona görə ki, bura həm dövlət universitetidir, həm də
böyük tarixə malik olan ali təhsil müəssisəsidir” söyləyən valideyn ADU-nu
bitirdikdən sonra geniş iş imkanlarının açılacağını deyib. Laçın rayonundan məcburi
köçkün olan R.Əsədova Türkanəni böyük zəhmətlə böyüdüb, ona təhsil alması üçün
dəstək olduqlarını söyləyərək övladlarının onların üzünü ağ etdiyini dilə gətirib.
Təhsil almaq istəyən gənclərə diqqətlə və dərk edərək oxumaqlarını tövsiyə edən
R.Əsədova hər kəsin sevinməyini arzu edib.
Sənəd qəbulunda iştirak edən
valideynlər və tələbələr qeydiyyat prosesindən razılıqlarını bildirib, səmimi,
sadə və rahat şəkildə sənədlərini təqdim edib, uğurla qeydiyyatdan keçdiklərini
söyləyiblər.