ADU XI Azərbaycan beynəlxalq təhsil sərgisində təmsil olunub
Bakı Ekspo Mərkəzində Təhsil Nazirliyinin rəsmi
dəstəyi ilə XI Azərbaycan beynəlxalq təhsil sərgisinin ("Education 2017”)
açılış mərasimi keçirilib. "İnsan kapitalı sərvətimizdir” devizi altında təşkil
edilən sərgidə Azərbaycan Dillər Universiteti (ADU) də geniş təmsil
olunub.
Açılış mərasimində təhsil naziri
Mikayıl Cabbarov, ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərləri və
müxtəlif təhsil xidmətləri göstərən qurumların nümayəndələri iştirak edib.
İştirakçıları salamlayan təhsil
naziri Mikayıl Cabbarov bildirib ki, "İnsan kapitalı sərvətimizdir” devizi
altında təşkil edilən bu sərgidə son illərdə Təhsil Nazirliyi tərəfindən həyata
keçirilən yeni layihələr və mövcud təhsil imkanları təqdim olunur. Nazir sərginin
ziyarətçilərə təhsil sistemində baş verən dəyişikliklərə daha geniş nəzər
yetirmək, startapçıların innovativ layihələri ilə tanış olmaq, əcnəbi
universitetlərlə birgə əməkdaşlığın ümumi spektrini izləmək imkanı yaratdığını
qeyd edib.
Sonra stendlərə baxış keçirilib.
Təhsil naziri Mikayıl Cabbarov ADU-nun stendi ilə də tanış olub. Nazirə ADU-da
fəaliyyət göstərən beynəlxalq mərkəzlər, xarici universitetlərlə əməkdaşlıq,
xaricdə təhsil imkanları barədə ətraflı məlumat verilib.
Qeyd edək ki, ümumilikdə, sərgi çərçivəsində
ziyarətçilərə bakalavriatura, magistratura, o cümlədən xarici dil kursları, təcrübə
və treninqlər üzrə proqramlar təqdim edilir. Ziyarətçilər qəbul prosesi, təhsil
haqqı və digər məsələlərlə bağlı onları maraqlandıran suallara cavab almaq
imkanı əldə edirlər.
ADU təmsilçiləri də sərgi
iştirakçılarına və ziyarətçilərə universitet haqqında ətraflı məlumat veriblər.
ADU-nun Təhsil fakültəsinin tələbələri Rəna Süleymanlı və Mehman Hüseynli gün ərzində
iştirakçıları maraqlandıran çoxsaylı sualları cavablandırdıqlarını bildirirlər.
R.Süleymanlının sözlərinə görə, sərgi ilə maraqlananların sayı çoxdur. Onların
içərisində tələbələr, müəllimlər, abituriyentlər, universiteti bitirənlər, hətta
xarici vətəndaşlar da var. ADU-da hansı dillərin tədris olunması və xarici
proqramlara müraciət qaydaları iştirakçıları ən çox maraqlandıran suallardır.